Ölkədə qızların sayı niyə azalır?

Ölkədə qızların sayı niyə azalır?
  19 Aprel 2017    Oxunub:11212
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində aparılan statistikaya əsasən yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edib.
Hazırda hər 100 doğulan qıza 112 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Hər ötən müddətdə ölkədə doğulan qızların sayı sürətlə azalır.

Buna səbəb nədir?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova AzVision.az-a bildirib ki, Azərbaycanda artıq əvvəlki kimi selektiv abortlar edilmir. O, həkimlərlə apardığı danışaqlara əsasən bu qənaətdədir.

“Həkimlərlə danışanda bildirirlər ki, selektiv abortlara meyillilik azalıb. Artıq əvvəlki kimi qız uşaqlarının abortu ilə bağlı müraciət edənlər yoxdur. 5-6 il əvvəl selektiv abortların sürətlə edilməsi bugünkü statistik rəqəmlərdə oğlan uşaqlarının qızlardan çox olduğunu göstərir. Amma bu gün qız uşaqlarının kütləvi məhvi ilə bağlı abortlar ciddi müşahidə edilmir. Sadəcə iqtisadi vəziyyətlə bağlı olaraq uşaqların abortu var. Bir çox hallarda əsaslandırırlar ki, oğlan uşaqları qəzada dünyasını dəyişir və cinslər arasında rəqəmlər normaya yaxınlaşır. Lakin ona qalsa qadınlar da evdə öldürülür və yaxud qəzada dünyalarını dəyişirlər. Bunlar əsas deyil. “Reproduktiv sağlamlıq haqqında” Qanunun qəbul olunması və Milli Fəaliyyət Planın hazırlanması ilə oğlan və qız uşaqlarının balansında sabitlik olacaq və bu məsələlərə diqqət ayrılacaq”.

M.Zeynalovanın sözlərinə görə, qız uşaqlarının dünyaya gətirilməsinə meyilliliyin azalması cəmiyyətdə onlara qarşı münasibətin birmənalı olmaması ilə əlaqədardır:

“Ölkədə nə qədərki mənəvi dəyərlərin deqredasiyası, əxalqi-mənəvi dəyərlərə söykənib erkən yaşda qız uşağını ərə vermək problemi gündəmdədirsə, qız uşaqlarına, qadına münasibət də mənfi olacaq. Bunların hamısı zəncirvari prosesdir. Qız uşaqlarının abortu, erkən yaşda, məcburi ərə verilməsi, qadının evdə döyülməsi, öldürülməsi, qız uşaqlarının təhsildən yayındırılması ictimai şüurda qadına olan münasibətin göstəricidir. Ölkədə oğlan uşaqlarına gətirilən paltar qız uşaqlarına gətirilən paltarlardan çoxdur. Biri var qız uşağı dünyaya gəlməmiş öldürülür, biri də var ki, sonrakı dövrlərdə öldürmə dərəcəsinə çatdırılır. Bununla bağlı mübarizə gedir, lakin təhsildən yayınmalar, erkən və məcburi nikaha daxil edilmələr hələ də qalır”.



QHT sədri vurğulayıb ki, ötən il 29 qadının evdə öldürülməsi və döyülən qadınların sayının artması ciddi rəqəmdir və bütün bunlar qız uşaqlarına münasibəti özündə əks etdirir.

“Ailələrin dağılması, boşanmaların sayı 3 ildir ki, gündəmdədir və azalmır. Bu, hələ rəsmi rəqəmlərdir. Qeyri-rəsmi nikahdan nə qədər uşaq doğulur. Ən çox əxlaq məsələsi qabardırılır. Kişilərin əxlaq məsələsi diqqət mərkəzində olmur, qadını daha çox əxlaqla vurmaq istəyirlər. Bu, ondan irəli gəlir ki, cəmiyyətdə qadının əxlaq məsələsi müzakirə predmeti olduğu üçün selektiv abort, erkən nikah, evdə öldürülmə halları baş verir və nikahlar rəsmiləşdirilmir. Həmçinin ailə quran şəxslər arasında qarşılıqlı etimad və hörmət hissinin olmaması boşanmaların sayını artırır. Əvvəlki ailə modelindəki sabitlilik, davamlılıq, uzunmüdətlilik əsas prinsiplər idisə, bu gün evlənənlər bir-birinə hansısa çıxarlar üçün baxırlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Ailə   Qadın   Boşanma  





Xəbər lenti