Belarusda İKT sektorunda əməkdaşlıq müzakirə edilib

Belarusda İKT sektorunda əməkdaşlıq müzakirə edilib
  18 Aprel 2017    Oxunub:1212
18-19 aprel tarixlərində Belarusun paytaxtı Minsk şəhərində Regional Rabitə Birliyinin (RRB) Administrasiya Başçıları Şurasının 52-ci və RRB yanında İnformasiyalaşdırma üzrə Koordinasiya Şurasının 23-cü birgə iclası keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, Bolqarıstan və Latviyanın rabitə administrasiyalarının başçıları, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının, Ümumdünya Poçt İttifaqının, Regional Rabitə Birliyinin və “İntersputnik” beynəlxalq kosmik rabitə təşkilatının rəhbərləri iştirak edib.

İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sahə üzrə 30-a yaxın aktual məsələnin müzakirə olunduğu iclasda RRB-nin gələcək fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilib.

R.Quluzadə iclasın gündəliyinə dair məsələlərə münasibət bildirib və qeyd edib ki, Regional Rabitə Birliyi səmərəli regional təşkilat nümunəsidir.

Nazir iclasda müzakirə olunan məsələlərin və qəbul edilən qərarların İKT sektorunun və informasiya cəmiyyətinin davamlı inkişafına, işgüzar əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Eyni zamanda, Azərbaycan prezidenti İlham Əliyevin 13 fevral 2017-ci il tarixli sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Nəqliyyat Nazirliyinin birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə iclas iştirakçılarına məlumat verən R. Quluzadə qeyd edib ki, bundan sonra da Azərbaycan RRB-nin fəaliyyətinin bütün istiqamətləri üzrə uğurlu əməkdaşlığı davam etdirəcək.

Tədbir çərçivəsində nazir RRB-nin üzvü olan bir neçə ölkənin rabitə administrasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

AzVision.az


Teqlər: Belarus   Minsk   RaminQuluzadə  





Xəbər lenti