Binəqədidə Alı Mustafayevin xatirə lövhəsi açılıb - Fotolar

Binəqədidə Alı Mustafayevin xatirə lövhəsi açılıb - Fotolar
  15 Aprel 2017    Oxunub:5357
Binəqədi Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və YAP Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 14 aprel 2017-ci il tarixdə əməkdar jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin 65 illik yubileyi münasibətilə barelyefinin açılış mərasimi keçirilib.
AzVision.az-ın məlumatına görə, açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Məclisin deputatı Elşad Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri İlham Pirməmmədov, “Şərq” qəzetinin redaktoru Akif Aşırlı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, Milli Qəhrəman Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva və ailə üzvləri, tanınmış ziyalılar, şairlər, yazıçılar, KİV nümayəndələri, rayon ictimaiyyəti və QHT nümayəndələri iştirak ediblər. Öncə Milli Qəhrəman Alı Mustafayevin 65 illik yubileyi münasibətilə hazırlanmış barelyefin üzərindən örtük götürülüb. Tədbiri giriş sözü ilə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açaraq Milli Qəhrəman, şəhid jurnalist Alı Mustafayevin şərəfli həyat yolu və mətbuatdakı fəaliyyəti barədə danışıb.



Tədbirdə çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, Alı Mustafayev Azərbaycan mətbuatının qızıl fonduna düşən jurnalistlərdəndir. Alı Mustafayev Qarabağ münaqişəsi başlayandan bu problemin həlli istiqamətində aparılan danışıqlar, o cümlədən hərbi əməliyyatların gedişi barədə televiziya reportajları hazırlayıb: “Onun necə jurnalist olduğunu cəmiyyət tanıyır. 1991-ci ilin 20 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olub”.



Tədbirdə millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Teymur Bünyadov, Azərbaycan Texniki Universitetinin prorektoru, "Qazax Cəmiyyəti" İctimai Birliyinin sədri İlham Pirməmmədov, tələbə yoldaşları və dostları çıxış edərək Alı Mustafayevin nəsillərə örnək olan ömür yolundan və poetik yaradıcılığından söhbət açıblar.



Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirdə çıxış edərək qeyd edib ki, Alı Mustafayev erməni millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb. Heç şübhəsiz ki, bu rəğbət və hörmətin göstəricisidir ki, gənc nəsil Alı kimi Milli Qəhrəmanlarını daim yad edir, onların əziz xatirəsini hər zaman uca tutur. Xaləddin İsgəndərov vurğulayıb ki, məhz Milli Qəhrəmanlarımızın şərəfli həyat yolu, igidliyi, mərdliyi, şücaəti, qəhrəmanlığı Azərbaycan gəncliyi üçün böyük örnək və stimuldu. Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusunun gücü, qüdrəti günü-gündən artır. Azərbaycan Silahlı Qüvvələrinin döyüş və qələbə ruhu insanlarda böyük qürur və sevinc hissləri doğurur. Cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə hazırdı. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında istənilən an torpaqlarımızı düşməndən azad etmək iqtidarındadır.



Sonda Alı Mustafayevin həyat yoldaşı Lalə Mustafayeva xatirələrini danışıb, Binəqədi Rayon İcra Hakimiyyətinə və tədbirin digər təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib. Tədbirin bədii hissəsində əməkdar artist Sabir Məmmədovun və 115 və 179 saylı orta məktəblərin şagirdlərinin ifasında şeirlər səsləndirilib, kompazisiya nümayiş olunub. Sonda rayonun ictimai-siyası həyatında fəal iştiraklarına görə Milli Məclisin üzvü Azay Quliyevə, barelyefin müəllifi Azad Əliyevə və iş icraçısı Vüsal Əyyubova Fəxri Fərman təqdim olunub.

AzVision.az


Teqlər: Binəqədi   AlıMustafayev  





Xəbər lenti