Azərbaycanın 30 minlik ordusu döyüşə hazırlaşır

Azərbaycanın 30 minlik ordusu döyüşə hazırlaşır
  15 Aprel 2017    Oxunub:21774
Aprelin 16-dan qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlər keçiriləcək.
Təlimlərə 30 min nəfərədək şəxsi heyət, 250-dən artıq tank və zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 25 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlər zamanı çətin relyef şəraitində müasir ümumqoşun döyüşü və əməliyyatların keçirilməsinin müxtəlif üsulları məşq etdiriləcək.

Qəbul edilmiş qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, səfərbərlik ehtiyatlarının toplanılaraq təyinatı üzrə göndərilməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqi, döyüş aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunacaq.

Azərbaycanın ehtiyatda olan polkovniki, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov AzVision.az-a bildirib ki, təlimlər döyüş və əməliyyat planına uyğun olaraq keçirilir. Polkovnik qeyd edib ki, təlimlərin keçirilməsində məqsəd müəyyən edilmiş plan üzrə bölmələrin, qərargahların döyüş hazırlığını yoxlamaqdır:

“Təlimlər döyüş və əməliyyat hazırlığı üçün çox vacibdir. Real şəraitdə komandirlər tərəfindən qərarlar qəbul olunur. Bu təlimlər şərait və vəziyyət dəyişərsə, komandirlərin qısa zamanda qiymətləndirməsi və qərar qəbul etməsi üçün əhəmiyyətlidir. Döyüş texnikasının fəaliyyəti, heyətin professionallığı artırılır. Onların arasında əlaqələrin düzgün qurulması üçün real döyüş vəziyyətinə uyğun təlimlər mütəmadi olaraq keçirilməlidir. Bu, döyüşə qədər olan ən yüksək səviyyəli taktiki təlimdir. Təlimlərdə şəxsi heyətin peşəkarlığı, dözümlülüyü və psixoloji vəziyyəti yoxlanılır”.

Ş.Ramaldanov vurğulayıb ki, təlimlər düşmən tərəfinin də diqqətində olacaq: “Təlimlər qarşı tərəfin marağında olacaq, KİV-lərdə müəyyən formada işıqlandırılacaq. İşğalçı qüvvələr bir daha Azərbaycanın silah-sursatının, şəxsi heyətin gücünü hiss edəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Ordu   Təlim   Cəbhə   MüdafiəNazirliyi  





Xəbər lenti