Həkim-deputat etirazını bildirdi: "Problemləri belə həll etmək olmaz"

Həkim-deputat etirazını bildirdi: "Problemləri belə həll etmək olmaz"
  12 Aprel 2017    Oxunub:1878
Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə nəzərdə tutulan cərimələri düzgün hal kimi qəbul etmədiyini deyib.

AzVision.az xəbər verir ki, deputat digər ölkələrdə vitamin preparatlarının və antibiotikin xəstəyə resepetsiz verilmədiyini qeyd edib: “Xəstəyə ehtiyac olduğu zaman vitamin əskikliyinə görə multivitamin kompleksi verilir. Bu da biloji fəal maddələr qrupuna aiddir. Bu maddələrin yazılmasına görə həkimə əngəl qoyulması düz deyil. Uzun illər fəaliyyət göstərən həkim istədiyi dərmanı yazmaq rahatlığına sahib olmalıdır. 150-200 manat maaş alan həkimə yenidən 250 manatlıq cərimə etməklə problemləri həll etmək olmaz. Bu sadəcə gələcəkdə problemlərin fərqli yollarla artmasına səbəb olacaq”.

Komitə sədri Əhliman Əmiraslanov deputata cavab verib. Bildirib ki, bəzən əsas müalicə kənarda qalır, amma 2-3-cü dərəcəli preparatlar ön plana çıxır: “Bəzən bioloji aktiv maddələrin qiyməti dərman vasitələrindən daha baha olur. Biz bioloji aktiv maddələrin əleyhinə deyilik. Sadəcə həkimlərin bu maddələrin reseptə yazılmasının arxasında başqa məqsədlər olur. Misal olaraq, xəstə müalicə olunmaq üçün həkim yanına gəlir, həkim onu müalicə edəcəyini deyir. Amma xəstə müalicə edildikdən 2 il sonra yenidən həkim yanına gəlir və görür ki, onun bədənində metostaz yaranıb. Belə hallar az deyil”.

Qeyd edək ki, müzakirələrdən sonra iclasın gündəliyində yer alan məsələlər plenar iclasa tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: MilliMəclis  





Xəbər lenti