Hərbi ekspertlər aprel döyüşləri haqda: “Düşmən hələ də şokdadır”

Hərbi ekspertlər aprel döyüşləri haqda: “Düşmən hələ də şokdadır”
  02 Aprel 2017    Oxunub:14327
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan aprel döyüşlərindən bir il ötür. Aprel döyüşləri təkcə Ermənistanın biabırçı məğlubiyyəti ilə yadda qalmadı, həmçinin düşmən ölkədə siyasi tənəzzülə yol açdı.

1 il keçsə də Ermənistan ictimaiyyəti, işğalçı hakimiyyət ordumuzun yaşatdığı şokdan ayıla bilmir. Artıq sıravi ermənidən tutmuş Sarkisyan rejiminədək hər kəs anlayır ki, Azərbaycan hər an öz torpaqlarını cəmi bir neçə günə işğaldan azad edə bilər. Aprel döyüşləri bunu dünyaya göstərdi.



Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun fikrincə, aprel döyüşləri Azərbaycan ordusunun dünyanın ən güclüləri sırasında olduğunu sübut etdi.

“Bu döyüşlərdən sonra Ermənistanın hərbi rəhbərliyində kütləvi halda döyüş təminatı xidmətinin rəisləri vəzifəsindən azad olundu. Bir müddətdən sonra Ermənistanın müdafiə naziri və baş qərargah rəisi vəzifəsini itirdi. Aprel döyüşlərində onların döyüş təminatında və maddi texniki təminat sistemində böyük problem yarandı. Bu, bizim bir neçə bölməmizin hücumu nəticəsində baş verdi. Burada hücum əməliyyatı yox idi. Sadəcə bölmələrimizin əks hücumu oldu və düşmənə sarsıdıcı zərbələr vurdu”.

Y.Aydəmirov vurğulayıb ki, Aprel döyüşləri həm döyüşçülərimizin, həm də xalqmızın döyüş ruhunu daha da artırıb.



Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov isə bildirib ki, bu tarixi döyüş Azərbaycan xalqının Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi.

Polkovnik qeyd edib ki, bir il keçməsinə baxmayaraq, məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır: “İşğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş Ermənistan rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. İnformasiya müharibəsində də düşməni məğlub etmişik. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib”.

Polkovnik qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir.

“Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunun təltif edilməsi onların adlarının əbədiləşdirilməsi yolunda atılmış mühüm addımlardandır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur”.

C.Xəlilov vurğulayıb ki, Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir: “Əldə edilən nailiyyətlərə və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımız həmişə ordumuzun yanındadır. Biz veteranlar qələbəmizə, işğal altındakı torpaqlarımıza tezliklə qayıdacağımıza inanırıq”.



Hərbi ekspert Rəşad Süleymanov hesab edir ki, ötən ilin aprel ayında ordumuz qısa müddətdə bütün döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək, mühüm yüksəklikləri düşməndən azad etməyi bacarıb. Bu, bizim üçün tarixi nailiyyətdir.

Onun sözlərinə görə, 2016-cı ilin aprel döyüşləri Ermənistanın “qalib” sindromunu sındırmaqla yanaşı, Azərbaycan Ordusunun gücünü bir daha göstərdi: “Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi-texniki, döyüş, taktiki və peşə hazırlığı, qarşılıqlı döyüş əlaqələndirilməsi üzrə düşmən üzərində tam üstünlüyünü açıq şəkildə ortaya qoydu. Nəticə etibarı ilə Ermənistanın öz “hərbi qüdrəti” barədə 20 il iddia etdiyi “məğlubedilməzlik kompleksi” və “Ohanyan xətti” mifi darmadağın edildi. Hərbçilərimiz aprel döyüşlərində fərdi şücaətlər göstərməklə yanaşı, ordumuzun arsenalında olan ən son silahlardan, başqa sözlə desək, “beşinci nəsil” silahlardan istifadə edərək son illərdə əldə olunan müasir silah sistemlərinə bacarıqla yiyələndiklərini nümayiş etdirdilər”.



Ekspert aprel döyüşlərində işğaldan azad edilən Lələtəpə yüksəkliyinin strateji əhəmiyyətini xüsusi vurğulayıb: “Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Horadiz şəhəri, ətraf kəndlər, dəmir yol stansiyası və avtomobil yolları düşmənin açıq hədəfi olmaq təhlükəsindən qurtulub. Azərbaycan Ordusu, eyni zamanda, Cəbrayıl və Füzuli istiqamətində düşmənin işğalı altındakı geniş ərazini nəzarət altında saxlamaq imkanı əldə edib. Talış kəndi ətrafında yüksəkliklərin azad olunması hesabına Tap Qaraqoyunlu kəndi düşmənin hədəfi olmaqdan xilas edilib və ordumuz yüksəkliklərdə yeni mövqelər əldə etməklə bu istiqamətdə düşmənin hərəkətini məhdudlaşdırmağa nail olub. Azərbaycan Ordusunun bölmələri aprel döyüşləri zamanı əməliyyatları həm cənubda – Lələtəpə, həm də şimalda Talış kəndləri istiqamətlərində əlavə qüvvə cəlb etmədən, əraziyə cavabdeh briqadaların iştirakı ilə aparıb. Bu, bir daha onu deməyə əsas verir ki, ordumuz işğal altındakı ərazilərdə, özü də strateji yüksəkliklərdə mövqe tutmuş, orada illərdən bəri möhkəmləndirmə işləri aparmış düşməni kiçik qüvvə ilə darmadağın etməyi bacarıb”.

R.Süleymanov qeyd edib ki, aprel döyüşlərinin əsas yekunlarından biri də düşmən üzərində hərbi və psixoloji üstünlüyə nail olmağımızdır: “Bununla yanaşı, həmin döyüşlər Azərbaycanın daxilindəki milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın iqtidarla sarsılmaz birliyini dünyaya göstərdi. Düşünürəm ki, döyüş əməliyyatlarının bir daha təkrarlanacağı təqdirdə ordumuz qısa müddətdə düşmənə ağır zərbələr endirərək respublikamızın ərazi bütövlüyünü təmin edəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Apreldöyüşü   Ordu   Qarabağ   Azərbaycan   Ermənistan  





Xəbər lenti