Hüseyn Bağırov vətəndaşlarla görüşüb

12:17   30 Mart 2017    Oxunub: 341

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Hüseyn Bağırov Ağdam şəhərinin Quzanlı qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ağdam, Ağcabədi, Tərtər və Bərdə rayonlarının vətəndaşları ilə görüşüb.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Vətəndaşları narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzVision.az

Teqlər: nazir   qəbul    


Rubrikanın digər yazıları