Aktyorlarımız nədən razı, nədən narazıdırlar?

Aktyorlarımız nədən razı, nədən narazıdırlar?
  28 Mart 2017    Oxunub:3562
Xəbər verdiyimiz kimi, bu gün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu barədə ilk dəfə Helsinkidə, daha sonra 1961-ci ildə Vyanada, Beynəlxalq Teatr İnstitutunun (ITI) IX Ümumdünya Konqresində müzakirələr aparılıb.
Görkəmli teatr xadimi, ITI-nin Finlandiya Mərkəzinin prezidenti Arvi Kivima başçılıq etdiyi qurum adından bu bayramı təsis etmək təklifini irəli sürüb. Təklif Skandinaviya ölkələri tərəfindən dəstəklənərək, konqresdə qəbul olunub. O vaxtdan etibarən martın 27-i bütün dünyada Beynəlxalq Teatr Günü kimi qeyd edilir.

AzVision.az-ın əməkdaşı özəl gün münasibətilə teatr xadimləri ilə əlaqə saxlayaraq, onların nədən razı, nədən narazı olduqlarını öyrənməyə çalışıb.

“Yuğ” teatrının direktoru Tərlan Rəsulov Azərbaycanda teatr sahəsinin gələcəyinə ümidlə baxır. Onun fikrincə, teatrlarımıza yeni nəfəs gəlir. “Gənc peşəkarlar artıq yetişmək üzrədir. Yeni nəsil, yeni ab-hava yaranır. Teatrın inkişafına nikbin baxıram. Gələcəyimiz gözəldir. Azərbaycan teatrının haqqı var ki, dünya teatr bayramına qoşulsun, ayrılmaz bir hissə olduğunu göstərsin”.

Xalq artisti,aktrisa Firəngiz Mütəllimova çalışdığı Azərbaycan Akademik Milli Dram Teatrının durumundan razıdır: “3-4 ildir ki, teatrımız təmir olunub. Azərpaşa Nemətov bizim direktorumuz seçiləndən sonra yaradıclıq daha da güclənib. Klassik əsərlərimizə müraciət edirik. “Ölülər”, “Almaz” əsərlərini səhnələşdirmişik. Aktyorlarımızın çoxu prezident təqaüdü alır. Onların bir çoxu evlə təmin olunuub. Bir aktrisa kimi indiki durumumuzdan razıyam. Hətta tamaşalarımıza baş nazir, mədəniyyət və turizm naziri, nazir müavinləri də baxırlar. Bizə qarşı diqqət, qayğı yüksək səviyyədədir.

Məni narahat edən məsələ yeni simaların ortaya çıxmamasıdır. Teatra gənclər, yeni simalar, davamçılar lazımdır. Biz bu problemi həll etmək istəyirik. Universitetdən əlavə davamçılar yetişdirməyə çalışırıq. Bununla bağlı studiyaların açılması haqqında müzakirələr aparırıq”.

Əməkdar artist Nicat Kazımov yaradıcı insanların aylıq məvaciblərinin çox aşağı olduğunu söyləyib.

“Teatrlarımızın daha yaxşı, daha müasir olmasını, teatr işçilərinin isə imkanlarının, məvaciblərinin yüksək olmasını istəyirəm. Mən hansısa əsər qıtlığı çəkmirəm. Dünyada o qədər maraqlı əsərlər var ki, onları səhnələşdirməyə insan ömrü yetməz. Bizim əsas problemimiz teatrlarda çalışan yaradıcı insanlarım maddi durumlarının aşağı olmasıdır. Bu sənətə gərək fanat kimi yanaşasan ki, qalıb işləyə biləsən. Fikirləşəsən ki, özünü ancaq burada tapırsan. Şəxsən mənim bundan başqa əlimdən heç bir iş gəlmir. Bu sənət mənim üçün ifadə vasitəsidir. Bu, peşə deyil, alın yazısıdır. Alnıma bu yazıılıb, əlimdən başqa iş gəlmir”.

Xalq artisti, aktyor Ramiz Məlikovun sözlərinə görə, Akademik Milli Dram Teatrının maddi durumu digər teatrlara nisbətən yaxşıdır: “Bir çox görkəmli aktyorlarımız dünyadan tez köçdüyünə görə aktyor nəsli ilə bağlı teatrımızda durğunluq yaranmışdı. Eyni zamanda direktorların, bədii rəhbərlərin tez-tez dəyişilməsi işimizə öz mənfi təsirini göstərirdi. Şükürlər olsun ki, bu problem bir neçə il bundan qabaq həll olundu, teatrımız öz adını bərpa etdi. İndi vəziyyət yaxşıdır. Məvacib məsələsinə gəldikdə isə bildirim ki, işçilərin hamısı dövlətdən maaşı alır. Bizdə maaş başqa teatrlara nisbətən yüksəkdir. İstər yaşlı, istərsə də orta və gənc nəsil aldıqları məvacibə görə narazı deyillər. Onlar tutduqları vəziyyətlə ayaqlaşırlar. Hər halda bizim teatrda aktyorların maddi durumu qənaətbəxşdir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Teatr  





Xəbər lenti