Novruz bayramı Vyetnamda qeyd edilib

Novruz bayramı Vyetnamda qeyd edilib
  21 Mart 2017    Oxunub:1212
Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkənin ən böyük milli qoruqlarından biri olan Ba Vi milli parkında Novruz bayramı münasibətilə tədbir keçirilib.
Azərbaycanın Vyetnamdakı Səfirliyindən AzVision.az -a verilən məlumata görə, tədbirdə Vyetnamın dövlət və özəl strukturlarında – Kommunist Partiyası, Parlament, Ədliyyə Nazirliyi, PetroVyetnam, VietsovPetro şirkəti və s. qurumlarda müxtəlif vəzifələrdə çalışan Azərbaycan ali təhsil ocaqlarının yüz əlliyə yaxın məzunu, onların ailə üzvləri, KİV nümayəndələri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, tədbir iştirakçılarını salamlayıb, Azərbaycanda təhsil aldıqları vaxtdan illər ötməsinə baxmayaraq vyetnamlı məzunların ölkəmizə hələ də bağlı olduqları, Azərbaycanı özləri üçün ikinci vətən hesab etdikləri, səfirliyin keçirdiyi tədbilərdə böyük coşqu və maraqla iştirak etdikləri üçün onlara təşəkkürünü bildirib.
Səfir Azərbaycan dövlətinin Novruz adət-ənənələrinin qorunması ilə yanaşı, dünyada tanıdılmasına böyük önəm verdiyini vurğulayıb, bu xüsusda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Novruz bayramının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Məclisində 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul olunduğunu bildirib.

A.İmanov Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf edən bu tədbirin ölkələrimiz və xalqlarımız arasında dostluq və həmrəyliyin bariz göstəricisi olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Vyetnam Parlamentinin deputatı, Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin Vitse-prezidenti, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının Sədri Nghiem Vu Khai Azərbaycan ali təhsil ocaqlarının vyetnamlı məzunları adından Azərbaycanın Vyetnamdakı Səfirliyinin kollektivinin timsalında bütün Azərbaycan xalqının Novruz bayramı münasibətilə təbrik edib, Azərbaycan xalqına sülh, əmin-amanlıq, firəvan həyat arzulayıb. O, vyetnamlı məzunların Azərbaycanda təhsil aldıqları zaman xalqımızın zəngin tarixi və mədəni irsi barədə geniş məlumat əldə etdiklərini qeyd edib, Azərbaycan xalqının sülhsevərliyinin və qonaqpərvərliyinin onlarda böyük təəssürat yaratdığını vurğulaybı. Nghiem Vu Khai, məhz bu səbəbdən illər ötməsinə baxmayaraq vyetnamlı məzunların hər zaman Azərbaycanı sevdiklərini, həyatda qazandıqları uğurlara görə ölkəmizə borclu olduqlarını vurğulayıb.

Çıxışlardan sonra xalqımızın Novruz adət-ənənələrini əks etdirən video nümayiş etdirilmiş və milli mətbəxi nümunələrindən ibarət ziyafət verilib. Tədbir vyetnamlı məzunların ifasında konsert proqramı ilə davam edib.

Tədbirin sonunda tonqal qalanıb və tədbir iştirakçıları ilə birlikdə tonqal ətrafında yallı rəqsi ifa olunub.

AzVision.az




Teqlər: Vyetnam   Azərbaycan   Novruz  





Xəbər lenti