Əbu Dabidə “Beynəlxalq Mədəniyyət Günü” təşkil olunub
“Beynəlxalq Mədəniyyət Günü”nün açılışında çıxış edən professor Erik Fuaş bütün iştirakçıları salamlayaraq, Universitet, o cümlədən burada hökm sürən dəyər və ənənələr haqqında dolğun bəhs edib. Çıxışının yekununda natiq Azərbaycan səfirinin təklifinə toxunub və sözü Səfirin xanımı Ülviyyə Şikarovaya verib.
Öz növbəsində, Ü.Şikarova hamını salamlayaraq, başqa mədəniyyətlərin nümayəndələrini Azərbaycan xalqının zəngin mədəni irsi ilə tanış etmək üçün verilən fürsətə görə Paris Sorbon Universiteti-Əbu Dabinin rəhbərliyinə minnətdarlığını ifadə edib.
Novruz bayramından söz açan Səfirin xanımı ilk növbədə “yeni gün” mənası verən və marın 21-də, gecə və gündüzün bərabərləşdiyi gün kimi qarşılanan Novruz bayramının 3000 il ərzində Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda təntənəli surətdə qeyd edildiyini dinləyicilərin diqqətinə çatdırıb. BMT Baş Assambleyasının yer kürəsində 300 milyon insanın bu qədim bayramı özəlliklə qeyd etdiyini nəzərə alaraq, 23 fevral 2010-cu il tarixli qətnaməsində 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etdiyini xatırladıb.
Ardınca Ü.Şikarova Azərbaycan xalqının Novruz adət-ənənələrinə toxunaraq, bu barədə dolğun danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və dövlətimizin başçısının digər ailə üzvlərinin hər il paytaxt Bakıda düzənlənən ümumxalq şənliyə qatıldıqlarını vurğulayıb və şənliyin təfərrüatları üzərində ətraflı dayanıb.
Çıxışlardan sonra iştirakçı tələbələr məxsusi olaraq təşkil olunan podiumda öz milli geyimlərini növbə ilə nümayiş etdiriblər.
Ü.Şikarovun rəhbərliyi ilə Səfirliyin diplomatlarının xanımları və Əbu-Dabidə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən işlənilib hazırlanan fəaliyyət planına uyğun olaraq, Universitetin azərbaycanlı tələbəsi İranə Hacıyeva və Kanada məktəbinin 6-cı və 4-cü sinif şagirdləri müvafiq olaraq Aliyə Şahhüseynova və Qumral Yusifova milli geyimlərimizi nümayiş etdiriblər.
Daha sonra tələbələr öz mədəniyyət xəzinəsinə aid rəqs və mahnıları təqdim ediblər. Aliyə Şahhüseynovanın ifasında “Sarı Gəlin” rəqsi iştirakçılar tərəfindən maraqla izlənilib.
Tədbir əsnasında məhz Novruz bayramı vaxtı süfrələri bəzəyən çərəzlər, şəkərbura, paxlava, şorqoğal kimi milli mətbəximizin nümunələri, meyvələrimiz, eləcə də müxtəlif təbliğat materialları Azərbaycan guşəsinin ziyarətçilərinin ixtiyarına verilib və böyük marağa səbəb olub.
AzVision.az
Teqlər: