Bu gün 35 min şagird imtahan verib

Bu gün 35 min şagird imtahan verib
  18 Mart 2017    Oxunub:2150
Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2017-ci il tarixində Bakı (xüsusi məktəblər) və respublikanın 28 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. İmtahanda 35012 şagirdin iştirak edəcəyi nəzərdə tutulub.

İmtahanların idarə olunmasına ümumilikdə 248 imtahan rəhbəri, 2915 nəzarətçi‑müəllim ayrılıb. İmtahanlar 96 mərkəzdə (binada) keçirilib.

Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və iki marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti