Dünyanın gözü FES-də: Dollar bahalaşa bilər – TƏHLİL

15:45   15 Mart 2017    Oxunub: 5467

Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FES) dünən başlanmış növbəti iclasının yekunu olaraq Bakı vaxtilə axşam saat 10-da baza faiz dərəcəsini, başqa sözlə desəm, uçot dərəcəsini artırıb-artırmayacağı haqda qərarını açıqlayacaq.

Qeyd edim ki, Amerikada işsizlik səviyyəsi azalmaqda davam edir. Fevralda bu rəqəm 4,7%-ə düşüb. Təsəvvür edin, təkcə qeyd olunan ay ərzində 235 min yeni iş yeri açılıb. Yanvarda isə bu rəqəm 238 min təşkil etmişdi. Halbuki, analitiklər 227 min proqnozlaşdırmışdılar. Bütün bunlar olduqca ciddi rəqəmlərdir.

Əgər bir ölkədə yeni iş yerləri açılır və bu, davamlı xarakter daşıyırsa, demək, iqtisadiyyat inkişaf edir və istehsal artır. Diqqət yetirin: fevralda istehsal sahələrində 28 min iş yeri açılmaqla, son 3 il ərzində maksimal tempə qalxıb. Tikintidə isə bu rəqəm 58 min təşkil etməklə, 2007-ci ilin martından sonra ən yüksək həddə olub. Maraqlıdır: paralel olaraq, əməyin ödənişi səviyyəsi də yüksəlir. Belə ki, ötən ay sözügedən ölkədə orta saatlıq əməkhaqqı məbləğinin illik ifadədə 3%-ə yaxın yüksəldiyi qeydə alınıb.

Məlumdur ki, FES uçot dərəcəsini dəyişib-dəyişməmək məsələsində hər dəfə məhz 3 göstəricini - işsizlik, inflyasiya və ÜDM-i nəzərdən keçirir. Qeyd olunduğu kimi, işsizlik 5%-dən aşağı səviyyədədir. İnflyasiya və ÜDM istehsalı üzrə göstəricilər də pis deyil. Odur ki, böyük ehtimalla, FES uçot dərəcəsini yenə artıracaq.

Xatırladım ki, sözügedən göstərici 2008-ci ildən sonra ikinci dəfə 3 ay bundan qabaq – keçən ilin dekabrında artırılmışdı. Və qeyd olunmuşdu ki, növbəti il, yəni bu il ərzində iki dəfə də bu cür addım atılacaq. Ancaq bayaq qeyd etdiyim işsizlik, inflyasiya və ÜDM istehsalı göstəriciləri nöqteyi-nəzərindən belə görünür, hətta bu rəqəm üç dəfə də ola bilər.

Amma bəzi nüanslar var. Bunun da ən mühümü neftin dünya bazar qiymətləri ilə əlaqədar məsələdir. Məlumdur ki, müəyyən müddət ərzində müşahidə olunan sabitlik yenə pozulmuş kimi görünür. Belə ki, bazarda ucuzlaşma meyllərinin yarandığı nəzərə çarpır ki, buna səbəb isə məhz ABŞ-ın özündə şist sənayesinin dirçəlməsi sayılır.

Yeri gəlmişkən, bu arada Səudiyyə Ərəbistanı Amerikada şist neft hasilatı bu cür artacağı təqdirdə OPEC-in hasilatı azalmaq barədə ötən ilin noyabrın 30-da qəbul etdiyi qərarının müddəti başa çatan kimi onu uzatmaq fikrində olmadığını, yəni özündə hasilatı yenidən artıracağını bəyan edib. Odur ki, belə çıxır, ABŞ ya hasilatı müəyyən bir tempdə saxlamalı və yaxud da bu ilin ikinci yarısından etibarən yenidən Səudiyyənin bazarlarda qiymətləri endirmək siyasətilə “üz-üzə” qalmalıdır. Yəni, Səudiyyə Ərəbistanının bəyanatı belə nəticəyə gəlməyə əsas verir.

Üstəlik, FES isə uçot dərəcəsini qaldırarsa dollar yenidən möhkəmlənməyə başlayacaq. Və bu da nefti əlavə olaraq ucuzlaşdıracaq. Bəs yenicə dirçəlmiş şist sənayesi buna tab gətirəcəkmi?! Yoxsa, hər şey yenidən təkrarlanacaq?!? Axı şist sənayesi dalana dirənən kimi ABŞ-da işsizlərin sayı artmağa başlayır...

Düzdür, məsələn, İran tərəfi də bəyan edib ki, OPEC və ondan kənar ölkələr əgər hasilatı azaltmaq barədə sazişin müddətini uzatmaq barədə qərara gəlsələr, 2017-ci ilin ikinci yarısından, o da hasilatı sutkada 3,8 milyon barel həcmində saxlamağa razı olacaq. Bu isə o deməkdir ki, Rusiya Amerika şist sənayesinə qarşi mübarizədə tərəfdarlarının sayını artırmaqdadır. Ancaq buna ümid etmək olmaz. Əsas, Səudiyyə Ərəbistanıdır...

Digər nüans isə ondan ibarətdir ki, əslində FES-in hansı qərar verəcəyinə və onun rəhbəri Canet Yellen xanımın dediklərinə o qədər fikir vermək də lazım deyil. O səbəbdən ki, bəli, FES bu il ərzində faiz dərəcəsini artırmaq istiqamətində addım atacaq. Və bunun birincisi çox güman, bu gün, yəni martın 15-i baş verəcək. Lakin bu, dolların çox da möhkəmlənməsi ilə nəticələnməyəcək. Çünki C.Yellen xanım özü də qeyd etmişdi ki, baza faiz dərəcəsinin sürətli artımı qlobal maliyyyə resesiyasına şərait və zəmin yarada bilər.

Adi bir məntiq var. Prezident Donald Tramp Amerikada iş yerlərinin sayını daha da artırmaq siyasəti yürüdür. Və onun bütün fəaliyyəti məhz bunun üzərində köklənib. Bu isə o deməkdir ki, ABŞ-da getdikcə daha çox məhsul istehsal olunmalıdır. Çünki iş yerlərinin sayı artmalıdırsa demək, istehsal genişlənməlidir. İstehsal genişlənməlidirsə deməli, ixrac artmalıdır. İxracın artması üçün isə dollar ucuz olmalıdır.

İndi soruşuram: FES və onun rəhbəri C.Yellen məşğulluq göstəricisinin yaxşılaşmasına, inflyasiyanın nəzərdə tutulduğu səviyyədə olmasına və mövcud iqtisadi artıma əsasən, baza faiz dərəcəsini görəsən, hansı templə artırmağı düşünür ki, mövud templərə əlavə dəstək olsun?! Çox maraqlı və birmənalı cavab tələb olunan sualdır!..

Yeri gəlmişkən, alman analitiklərindən biri – “Baader Bank”ın nümayəndəsi Robert Halver bu haqda çox gözəl fikir söyləyib: “İqtisadiyyatın getdikcə yüksəlməsi şəraitində dərəcəni artırmaq mümkündür. Ancaq əsas odur, sonra nə baş verəcək? C.Yellenin öz faiz siyasətini davam etdirəcəyinə əmin olmaq olar. Amma bunun yalnız, heç kimə ziyan vurmayacağı şərtilə həyata keçiriləcəyi təqdirdə, uğur gətirəcəyi mümkün olacaq, o baxımdan ki, dolların baş tənzimləyiciləri özləri də dünya borclarının hazırki məbləği müqabilində bu sahədə olduqca ehtiyatlı hərəkət etmək lazım gəldiyini çox yaxşı bilirlər”.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: #FES   #Təhlil   #ABŞ   #Dollar  




Rubrikanın digər yazıları