Pensiyalar üzrə artım düzgün hesablanmayıb? – TƏHLİL

12:09   13 Mart 2017    Oxunub: 4128

Hər il Prezidentinin Sərəncamı ilə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə yolu ilə artırılması həyata keçirilir. Bu haqda sonuncu Sərəncam bu il yanvarın 21-i imzalanıb.

Sərəncamda tapşırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2016-cı il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2017-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin. O cümlədən, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsini həyata keçirsin.

Minimum pensiya məbləği 110 manatdır. Əmək pensiyalarının sığorta hissəsinin hər ilin yanvarın 1-dən indeksləşdirilməsi bundan yuxarı məbləğə aiddir. Yəni ki, əvvəlki ildə ölkədə inflyasiya səviyyəsi neçə faiz təşkil edibsə, pensiyaların 110 manat hissəsi çıxılaraq, yerdə qalan hissə ona uyğun olaraq artırılır.

Çoxlu sayda şikayətlər var ki, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə dair cənab Prezidentin 21 yanvar 2017-ci il tarixli Sərəncamı düzgün yerinə yetirilməyib. Yəni hesablama səhv aparılıb. Pensiyaların indeksləşdirilməsi məbləğlərdən asılı olaraq müəyyən minimal kəsirlərlə həyata keçirilib ki, elə pensiyaçı var, artım 1-2 manat az hesablanıb, eləsi də var ki, bu rəqəm bir az da yüksək təşkil edib.

Bəs, belə hal baş verə bilərmi?!

Əslində, burada heç bir dolaşıq vəziyyət yoxdur. Bütün əmək pensiyaçılarına xatırladıram ki, keçən il inflyasiyanın səviyyəsi 12,4% təşkil edib. Odur ki, pensiyalarından 110 manat hissəni çıxaraq, yerdə qalan məbləğin 12,4%-ni özləri hesablayıb tapsınlar. Və alınan rəqəmi sonra pensiyaların üstünə gəlsinlənlər. Qeyri-dəqiqlik varsa, Fonda müraciət etmək lazımdır. Lap, qəpik söhbəti olsa da belə. Çünki hər bir vətəndaşa çatmalı olan vəsaitdən hətta qəpik də qalıq qalsa belə, məcmu halında milyonlar yarada bilir.

Yeri gəlmişkən, bu yaxında məsələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirdi ki, indiyədək bağlanan 11 bank üzrə qorunan 760 milyon manat əmanət vəsaitlərindən 25 min nəfərə məxsus vətəndaşın 725 milyon manat pulu qaytarılsa da, 140 min nəfərədək əmanətçinin 35 milyon manat vəsaiti hesablarda yatıb qalır. Yəni ki, həmin əmanətçilər gedib, o pulu götürmürlər. Sual yarandı ki, nəyə görə?

MBNP rəhbəri bunu 140 min nəfərədək əmanətçinin 109 mininin əmanətinin 1 manatdan az təşkil etməsi səbəbi ilə izah etdi. Məsələ isə bundan ibarətdir ki, burada aydın olmayan bəzi suallar ortaya çıxdı. Belə ki, heç cür inandırıcı deyildi ki, hər hansı müştəri göstərilən məbləğdə bu və ya digər banka əmanət yerləşdirsin. Burada söhbət, yalnız qalıq məbləğlərindən gedə bilərdi. Yəni, məntiq belə deyir.

Odur ki, bu məsələ əslində, bankların özləri tərəfindən yol verilmiş bir qanunsuzluq kimi nəzərdən keçirilə bilər və keçirilməlidir də. Necə olub bu cür hesablar açılıb?! Əgər, açılmayıbsa, onda müştərinin yerləşdirdiyi vəsaitdən nə baş verib ki, qalıq saxlanılıb?! Bütün bunlar ciddi araşdırma tələb edirdi.

Bu gün biz, ölkədə fəaliyyət göstərən bütün banklar üzrə əmanətlərin qəbulu şərtlərinə baxsaq, heç birində 100 AZN və yaxud 100 dollar, 100 avro məbləğindən aşağı depozit yerləşdirilməsinə şərait yaradılmadığının şahidi olarıq. Düzdür, bunun pensiyaların sığorta hissəsinin artırılması məsələsi ilə heç bir əlaqəsi yoxdur. Lakin istənilən halda, xırda qalıq və yaxud kəsir söhbətinə ciddi yanaşmaq tələb olunur. Milyonların əmələ gəlməsində qəpiklərin də rolu var.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: #Pensiya   #Sosial   #Artım   #Maliyyə  


Rubrikanın digər yazıları