Putin Trampla görüşməyə niyə tələsir? Qafqaz üçün ssenarilər – TƏHLİL

10:15   13 Mart 2017    Oxunub: 4888

(Birinci yazı)

Donald Trampın prezident kimi səlahiyyətlərini icra etməsinə başladığı gündən bu yana Kremldən Putinlə Ağ Evin yeni rəhbərinin görüşü barədə optimist proqnozlar səslənməkdədir. Trampın inaqurasiyasından 20 gün sonra – fevralın 10-da Moskvada Sloveniyanın prezidenti Borut Paxorla danışıqlar apardıqdan sonra Putin bu ölkənin paytaxtı Lyublyananın ABŞ və Rusiya liderlərinin dialoqu üçün uyğun məkan olduğunu bildirib. Bu bəyanat Putinin Trampla görüşü səbrsizliklə gözlədiyini və hətta tələsdiyini göstərir.

Bu tələskənlik son nəticədə ABŞ prezidentinin Rusiya ilə münasibətlərin vaxtından əvvəl tənzimlənməsinə çalışan milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin vəzifəsilə vidalaşması ilə nəticələndi. Bu istefa Ağ evdən daha çox Kreml üçün itki hesab oluna bilər. Xatırladaq ki, general Flinnin istefasının əsas səbəbi vəzifəsində rəsmi təsdiq edilməmişdən əvvəl rusiyalı səfir Sergey Kislyakla danışıqlar aparması idi. Amerika qanunlarına görə, rəsmi səlahiyyəti olmayan şəxsin xarici əlaqələr üzrə danışıqlar aparması qadağandır.

Maykl Flinnin istefasından sonra Ağ Evin mətbuat katibi Şon Spayser keçirdiyi mətbuat konfransında bəyan etdi ki, Donald Tramp Rusiyadan Krımın geri qaytarılmasını istəyir. Ağ Ev rəsmisinin bu bəyanatı Moskvanın Trampa bəslədiyi ümidlərini puç edir və 2014-cü ildən bu yana Krımın öz nəzarətində qalması üçün beynəlxalq sanksiyalara görə çəkdiyi cəfalarının mənasızlığını göstərirdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bonnda Amerikanın yeni dövlət katibi Reks Tillersonla görüşü də Moskva üçün ürəkaçan olmadı. Belə ki, Rusiya XİN-in rəhbərinin müavini Ryabkov Lavrov-Tillerson görüşündən sonra Dumada prezidentlərin görüşü ilə bağlı hazırlıqların başladığını bildirsə də, “The Wall Street Journal” Ağ Evdəki mənbələrinə istinad edərək, bu məlumatı yalanladı.

Əvvəlki respublikaçı prezident - kiçik Corc Buş səlahiyyətlərini icra etməyə başladıqdan 6 ay sonra – 2001-ci ilin iyun ayında prezident Putinlə birinci görüşü baş tutmuşdu. Barak Obama isə o vaxtkı rusiyalı həmkarı Dmitri Medvedyevlə prezident kürsüsünə əyləşdikdən dörd ay sonra görüşmüşdü. Bunu nəzərə alsaq, haqlı bir sual yaranır- Putin niyə tələsir və nəyə ümid edir?

Söhbət ondan gedir ki, 2018-ci ilin mart ayında Rusiyada növbəti prezident seçkiləridir və Putin həmin müddətə qədər Krımı geri qaytarmamaq şərtilə Rusiyaya qarşı olan sanksiyaların ən azı yumşalmasına nail olmalıdır. Bunun yeganə yolu Qərblə barışıqdan keçir, barışığı təmin edəcək yeganə qüvvə isə Vaşinqtontur. Moskva ümid edir ki, Vaşinqtonun beynəlxalq terrorizmlə mübarizə kampaniyasında ona ehtiyacı olacaq.

Əslində Rusiyanın Suriyada fəal hərbi müdaxiləyə qarışması özünün Yaxın Şərqdəki maraqlarını qorumaq istəyi ilə deyil, ABŞ-la tərəfdaşlıq üçün müstəvi axtarışı ilə bağlıdır. Kreml ümid edir ki, Suriya müstəvisindəki qarşılıqlı faydalı tərəfdaşlıq Krım problematikasını ikinci plana keçirəcək.

Belə ümidlərin özünü doğruldacağını deməyə müəyyən əsaslar da var. Məsələn, Donald Tramp Komqresə müraciəti zamanı İŞID-in tam məhv edilməsi üçün Pentaqon tərəfindən xüsusi planın hazırlandığını bildirib. Eyni zamanda, Tramp Müdafiə Nazirliyinin xərclərinin 84 milyard artırılacağını da təsdiqləyib. Kreml ehtimal edə bilər ki, Pentaqon bu 84 milyardı götürüb İŞID-i məhv etmək üçün Suriyaya qoşun yeridəcək və burada artıq oturuşmuş Rusiyanı, özü də İran və Türkiyə ilə həmrəy şəkildə görəcək. Bu səbəbdən məcbur olacaq ki, Rusiya ilə əməkdaşlığa getsin.

Rusiyanın regionun əsas oyunçuları olan İran və Türkiyə ilə əməkdaşlığı genişləndirməsi də bununla bağlıdır. Türkiyə ilə tərəfdaşlıq hər nə qədər İranın ürəyincə olmasa da, özünüqoruma instinkti onu bu addımı atmağa məcbur edir. Belə ki, Tramp Konqresə müraciətində İsraillə ənənəvi tərəfdaşlığı davam etdirəcəyini və İrana raket proqramının inkişafında kömək edən ölkələrə qarşı sanksiya tətbiq edəcəyini vurğulayıb. Tramp tərəfindən İranın hədəf ölkə seçilməsi Tehranı komanda oyununa və özünümüdafiəyə təhrik edir.

Tehranın Rusiya-Türkiyə alyansına qoşulması Azərbaycanın regional mövqelərinin güclənməsinə şərait yaradır. ABŞ və İsrailin Azərbaycanın ərazisindən ona qarşı istifadə etməsindən ehtiyatlanan Tehran, Azərbaycanla siyasi-iqtisadi tərəfdaşlığın genişlənməsinə çalışır və ermənipərəst siyasətdən uzaqlaşmağa məcbur qalır. Rusiya və ABŞ-ın hərbi qüvvələrinin qərargah rəislərinin məhz Bakıda görüşməsi Tehran üçün əlavə həyəcan siqnalıdır. Azərbaycan ərazisindən keçəcək Şimal-Cənub dəmir yolu xəttinin reallaşmasının altında məhz bu səbəblərin dayandığını ehtimal etmək olar.

Azərbaycan və İran prezidentlərinin axırıncı görüşündən sonra prezident Ruhaninin bəyanatları Tehranın bu layihələrin rellaşmasında maraqlı olduğunu bir daha göstərdi. Rusiya və İran Azərbaycanı iqtisadi tellərlə özlərinə bağlamağa çalışırlar ki, ABŞ və İsrailin müdaxiləsini minimallaşdırsınlar. Türkiyənin bu birlikdə yer alması Azərbaycanın maraqları baxımdan önəmli rol oynamaqla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunu İran və Rusiyanın maraqları baxımından cəlbedici hala gətirir. Bu iki layihənin kəsişməsindən dövlətlərin hər biri uduşlu olacaq ki, son nəticədə Azərbaycan əsas regional güc mərkəzlərinin kəsişmə nöqtəsinə çevriləcək.

Yerevanın güvəndiyi ənənəvi strateji tərəfdaşları olan İran və Rusiyanın Türkiyə və Azərbaycanla iş birliyinə girməsi Ermənistanı oyundan kənar vəziyyətə salır. Buna görə Yerevan siyasi kursunu əks istiqamətdə dəyişərək, NATO-ya üz tutmaq qərarına gəldi. Sarkisyan regiondakı alyanyansı anti-Amerika ittifaqı kimi qələmə verib bir tərəfdən Qərbə yarınmağa çalışır, digər tərəfdən bu yolla Rusiyanı şantaj edir.

Tofiq Əsgərov
AzVision.az

Teqlər: #Rusiya   #Amerika   #Putin   #Tramp   #Təhlil   #Geosiyasət  


Rubrikanın digər yazıları