Cəbhədə şiddətli döyüşlər, Sarkisyan isə Avropada - Nələr baş verir?

Cəbhədə şiddətli döyüşlər, Sarkisyan isə Avropada - Nələr baş verir?
  01 Mart 2017    Oxunub:30289
Fevralın son günlərində cəbhədə şiddətli döyüşlərin getdiyi vaxtda Ermənistan prezidenti Serj Sarkisyanın Brüsselə səfər etməsi, orada avropalı rəsmilərlə görüşlər keçirməsi ortaya ciddi suallar qoyur.
Ermənistan prezidentini Avropaya təcili aparan səbəb nə idi? O, Brüsselə yardım diləmək üçünmü getmişdi?

Azərbaycanlı siyasətçilər cəbhədə yaşanan son hadisələri və Sarkisyanın Brüssel səfərini AzVision.az-a şərh ediblər.

Yeni Azərbaycan Partiyasının funksioneri, deputat Aydın Mirzəzadə hesab edir ki, Ermənistan son hərəkətləri ilə ilk növbədə özünü çıxılmaz vəziyyətə qoyub.

“Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz bu mövqeyi həyata keçirmək üçün bütün imkanlara malikdir. Bunu Ermənistan rəhbərliyi yaxşı bilir. Düşmən ölkənin son davranışları Azərbaycanı ancaq hərb yoluna üstünlük verməyə məcbur edir. Azərbaycan uzun illərdir həm silahlı qüvvələrini möhkəmləndirib, həm beynəlxalq diplomatik fəaliyyət aparır, həm də danışıqlarında iştirak edir. Aprel hadisələrindən sonra Ermənistan prezidenti Serj Sarkisyan qeyd-şərtsiz danışıqlara hazır olduğunu və güzəştə gedəcəyini bildirdi, Avropa Birliyinin bu ölkədəki səfirlərindən məsələyə yardımçı olmağı xahiş etdi. Ancaq, son hadisələr göstərir ki, Sarkisyan hələ də özünü səhra komandiri hesab edir və ölkəsini ağır bir duruma düçar etdiyinin fərqinə varmır. Əslində Sarkisyanlar, Koçaryanlar, Ter Petrosyanlar ancaq özlərini fikirləşirlər. Azərbaycan daim siyasətini ərazi bütövlüyünün təmin edilməsi, suverenliyinin qorunması və problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi üzərində qurur. Əgər Ermənistan savaş istəyirsə, Azərbaycan tərəfindən o savaşı görəcək. Yox, problemin diplomatik yolla həllini istəyirsə, Azərbaycan buna hazırdır”.



Sarkisyanın Brüssel səfərinə toxunan deputat qeyd edib ki, bu ilk növbədə erməni diaspor təşkilatlarının dəstəyi ilə Avropa ölkələrindən və NATO-dan dəstək almaq üçün edilmiş bir səfərdir: “Sarkisyanın bu addımları onun çox pis strateq siyasətçi olduğunu göstərir. Çünki, Ermənistan bu gün NATO-ya alternativ olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Ermənistan NATO-nun düşmən elan etdiyi Rusiyanın strateji müttəfiqidir. Belə olan halda Rusiyanın rəqibləri ilə əlaqə qurmağa çalışması, iki stulda oturmağa cəhd etməsi Rusiyanın Ermənistana ciddi etimadsızlığına və Dağlıq Qarabağ probleminin həllində bu ölkənin mövqeyinin ciddi şəkildə dəyişməsinə səbəb ola bilər. NATO-nun baş katibinin tərəfləri sülhə çağırması isə yarımçıq diplomatiyadır. Ortada konfilikt yox, bir dövlətin digər dövlətin ərazisini işğal etməsi faktı var. Burada məsələyə ikili yanaşma mövcuddur. NATO baş katibi qəbul etdiyi şəxsin beynəlxalq hüquq normalarını pozduğunun fərqinə varmır. Azərbaycan bu münasibəti yaxşı başa düşür. Bizə görüntü yox, real fəaliyyət, nəticə lazımdır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirib ki, son hadisələr Ermənistanın öz himayədarlarının dəstəyi ilə işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmadığını göstərir.

“Ermənistan işğal etdiyi torpaqlarımızı boşaltmaq fikrindən uzaqdır. Düşmən Xocalı faciəsinin il dönümü ərəfəsində cəbhə boyu hücuma keçərək aprel döyüşlərində Azərbaycanın əldə etdiyi uğurları geri qaytarmaq və bizə daha ağır zərbələr vuraraq psixoloji üstünlüyü tamamilə ələ keçirmək niyyətini ortalığa qoydu. Ona görə də Ermənistanın işğala danışıqlar yolu ilə son qoyacağına inanmıram. Aprel döyüşlərindən sonra bu gözlənilsə də, cinayətkar Sarkisyan rejimini himayə edən müəyyən qüvvələr tərəfindən verilən tapşırıqlarla münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərir. Hətta sərsəm bəyanatlarla işğalşı mövqeyindən əl çəkmir. Belə olan halda artıq seçim qalmır. İşğala son qoymaq üçün Azərbaycanın şanlı ordusu işğalçıya ağır zərbələr vurub, sözünü deməlidir. Hesab edirəm ki, hadisələrin inkişafı buna aparır”.



F.Ağamalı vurğulayıb ki, beynəlxalq vasitəçilərin, təşkilatların münaqişənin həllində tutduğu mövqe Sarkisyan rejiminin, status-kvonun saxlanılmasına xidmət edir: “Güman etmirəm ki, aparılacaq danışıqlar nəticə versin. İndiyə qədər Rusiya prezidentinin təşəbbüsü ilə 10-a yaxın görüş keçirilib. Eyni zamanda ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinin təşkilatçılığı ilə prezidentlər arasında xeyli görüşlər keçirilib. Nəticə isə yoxdur. Bu məntiqə söykənərək növbəti görüşlərdən nəticə əldə olunacağına ümidli deyiləm”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan göz görə-görə təxribatla məşğuldur:

“Ermənilərin Dağlıq Qarabağda indiki həssas məqamda “referendum” keçirməsi, yaxud Sarkisyanın “Azərbaycan hərbiçiləri Xankəndində çay içmək istəyir, amma nə Kəlbəcərdə, nə də Ağdamda bunu edə bilmirlər” deməsi məhz təxribatdır. Digər tərəfədən danışıqlarda irəliləyiş yoxdur. Ermənistan mərhələli həll planını qəbul etmək istəmir. Belə vəziyyətdə Azərbaycanın yeganə yolu işğalçıya təzyiq etmək, işğalçını Dağlıq Qarabağ ətrafından çıxartmaqdır. Artıq Azərbaycan iki ildir ki, taktikasını dəyişib. Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında deyib ki, erməni hərbçilərin Ağdamda, Füzulidə nə işi var? Müdafiə naziri də bu fikirləri təkrarlayıb. Bu gün düşmənin Dağlıq Qarabağ ətrafındakı postları, hərbi texnikası, canlı qüvvəsi hədəfdədir. Biz görürük ki, bu hədəflər vurulur. Doğrudur, bizim də itkilərimiz olur. Bu, müharibənin qanunudur. Sadəcə Ermənistan və havadarı Kreml anlamalıdır ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər cəbhə bölgəsində gərginlik olacaq və lokal toqquşmaları geniş miqyaslı əməliyyatlar əvəz edə bilər. Bunu beynəlxalq vasitəçilər, o cümlədən Sarkisyanın görüşdüyü qurumların nümayəndləri də anlamalıdırlar.



NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və NATO Parlament Assambleyasının bütün sənədlərində bu öz əksini tapıb. Sarkisyana xatırladılmalıdır ki, işğal altındakı torpaqlar boşaldılmalıdır. Masa üzərində buna nail olunmayana qədər cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq”-politoloq şərhində deyib.

E.Şahinoğlunun fikrincə, son gərginlikdən sonra münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində yeni mərhələ başlaya bilər: “Bu, ona görə mümkündür ki, beynəlxalq vasitəçilər cəbhə bölgəsində gərginliyin davam etdiyini görür. Ancaq, bu məsələdə o qədər də optimist deyiləm. Aprel döyüşlərindən sonra belə bir görüntü var idi ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər müharibə olmasın deyə danışıqları intensivləşdirəcək, Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı salacaqlar. Amma, üzərindən bir il keçməsinə baxmayaraq, heç nə baş vermədi. İndi yenə də beynəlxalq vasitəçilərdə, böyük dövlətlərdə narahatçılıq var. Ona görə də danışıqlar prosesini sürətləndirə bilərlər. Hesab etmirəm ki, danışıqlar prosesi böyük dövlətlərin Ermənistana təsiri ilə nəticələnəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti