Yolunu azmış bloqqerin qaytarılması – TƏHLİL

Yolunu azmış bloqqerin qaytarılması  – TƏHLİL
  08 Fevral 2017    Oxunub:19890
Aleksandr Lapşinin məsələsi heç də təkcə, yolunu hər mənada azmış bir bloqqerin cəzalandırılması deyil; bu, Azərbaycanın Qarabağ məsələsində öz prinsipiallığının bütün dünyaya göstərməsidir. Sözdə yox, əməldə o deməkdir ki, Qarabağ mövzusu Azərbaycanın daxili işidir! Buna görə də o işə qarışanı biz öz qanunlarımız daxilində bax, beləcə mühakimə edəcəyik!

Müasir dünyada bloqqer məsələsinə həssas yanaşılır. Onlar az qala söz azadlığının daşıyıcıları kimi qələmə verilir və qəbul olunurlar. Əlbəttə, əslində bu, qətiyyən belə deyil, bloqqerlər artıq çoxdan maraqlı dairələrin əlində alətə çevriliblər. Elə Lapşinin 122 ölkəyə səyahət etməsini götürək – istər-istəməz sual yaranır: Hansı pulla? Amma indi mövzu bu olmadığı üçün, bloqqerlərin əsl missiyası haqda yazını sonraya saxlayaq.

Bloqqerlər hər nədirlərsə, müasir dünyada həssas mövzudurlar, bloqqerə təzyiq göstərən dövlətə qarşı müxtəlif istiqamətlərdən informasiya hücumları başlayır. Azərbaycan bunu bilirdimi? Əlbəttə, bilirdi! Bu, bizə lazım idimi? Xeyir, lazım deyildi. Elə isə, Lapşini bağışlamaq olardımı?



Burada dayanaq və geriyə nəzər salaq. Aleksandr Lapşin 2011 və 2012-ci illərdə Qarabağa getmiş, buna görə bizim XİN-in “qara siyahı”sına salınmışdısa da, onun həbsi üçün “İnterpol”a müraciət edilməmişdi. Yəni rəsmi Bakı Saşanı barmaqlıq arxasında görməkdə maraqlı deyildi. Bir bloqqerin məsələsini bu qədər böyütmək siyasi və diplomatik baxımlardan sərf etmirdi.

Amma Lapşin 2016-cı ilin yayında “qara siyahı”da olduğunu bilə-bilə, meydan oxumaq ədası ilə `Formula-1`ə baxmaq adı altında yenə Azərbaycana gəlir və bloqunda yazdığı məqalədə ölkəmizlə açıq-aşkar məzələnir. O cümlədən, özünün “qara siyahı”ya salınmasına da lağ edir. Bu, artıq həddini aşmaq idi. Hər bir dövlət öz qürurunu qorumağa məcburdur. Yaxşı, axı məscidin qapısı açıqdırsa, Saşanın abrına nə gəlib?



Yəni Lapşin özü konkret olaraq, rəsmi Bakını təhrik etdi ki, onun həbsi üçün “İnterpol”a müraciət olunsun. Bu, qəsdən atılmış addım idimi? Tamamilə mümkündür, çünki başda ermənilər olmaqla “bloqqeri həbs edən ölkə” adı ilə Azərbaycana qarşı əks-təbliğata başlamaq istəyən xeyli qüvvə var. Lapşinin həbsi onlar üçün göydəndüşmə fürsətdir və yəqin ki, bu fürsətdən maklsimum faydalanmağa da çalışacaqlar.

Amma elə məqamlar var ki, kimin nə deyəcəyindən asılı olmayaraq, sən atmalı olduğun addımı atmalısan. Lapşinin həbsi belə bir məsələyə çevrilmişdi. Daha doğrusu, özü belə etmişdi.

Bu, Azərbaycana heç də asan başa gəlmədi. Əvvəla, onun vətəndaşı olduğu Rusiya və İsrail, faktiki yaşadığı Belorus ilə məsələni çözmək lazım idi; İnterpolun üz tutduğu 13 ölkə Lapşinin həbsindən imtina etmişdi. Amma noyabrın 29-da Lukaşenkonun, dekabrın 13-də Netanyahunun Bakıya səfərlərindən sonra məsələ “ölü nöqtə”dən tərpəndi. Dekabrın 15-də Lapşin Minskdə həbs olundu.

Onun tutulandan sonrakı taleyi də müəmmalı və diplomatik baxımdan qalmaqallı idi: Belorus Rusiya və İsrail vətəndaşı olan bloqqeri Azərbaycana təhvil verəcəkmi? Sual xeyli müzakirələr doğurmuş və Prezident Lukaşenkonun özü ona belə cavab vermişdi: “Əgər Rusiya, Azərbaycan və İsrail razılaşsalar, biz onların istədiklərini edəcəyik”. Əks halda, Lukaşenkonun mövqeyi belə idi ki, Rusiya və İsrail nə istədiklərini bilmirlər, Azərbaycan isə bilir!



Bu məsələnin sonu onunla bitdi ki, Lapşin Azərbaycan “Qartal”ının pəncəsində Bakıya gətirildi. İndi onu Azərbaycan məhkəməsində ədalətli mühakimə gözləyir.

Yəqin ki, bu məhkəməyə qədər də, onun gedişi zamanı da, məhkəmədən sonra da ölkəmiz xeyli hücumlara məruz qalacaq. Amma icazəsiz Qarabağa gedən, bununla da həmin torpaqları Azərbaycanın ərazisi saymadığını demonstrativ şəkildə sərgiləyən bir insanın üzərində məhkəmə qurmaq üçün bütün zərbələrə dözməyə dəyər!

Bu, çox simvolik hadisə olmaqla yanaşı, eyni zamanda Qarabağa getmək istəyənlərə bir xəbərdarlıqdır. Yəni: Əgər siz işğalçıların qurduğu oyuncaq dövlətə getməkdə israrlısınızsa, biz də va-banka getməkdə israrlı ola bilərik!

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti