Kəndimizə dönürük: Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlıdan reportaj (VİDEO+FOTOLAR)

13:41   31 Yanvar 2017    Oxunub: 60285

- Cocuq Mərcanlıya adam aparıram... Münasib qiymətə - 50 qəpiyə! Pulsuz da aparmağa hazıram...

Möhlət Şükürov Cocuq Mərcanlıya gedən ilk marşrutun sürücüsüdür. Elə bizim də yolumuz oradır. Bir həftə əvvəl Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayandan sonra artıq 190 ailə ora getmək istədiyini bildirib.

- Bu gün-sabah burada tikinti işləri başlayacaq. Sakinləri öz kəndlərinə, yurd-yuvalarına dəvət edirəm. Mən öz maşınımla onlara xidmət etməyə hazıram. Kim bura gəlmək istəsə, gözümün üstündə aparmağa hazıram. Gün o gün olsun ki, Cocuq Mərcanlıda toy olsun, siz də gəlib o toyu çəkəsiniz, - sürücü Möhlət kişi yolboyu həvəslə bu haqda danışırdı.

Bakı-Horadiz qatarından düşəndən 15 dəqiqə sonra biz artıq kəndə çatmışdıq. Kəndin erməni işğalına şahidlik edən uçuq-sökük evlərinin üzərindən üçrəngli bayrağımızın dalğalandığı bir zirvə görünürdü: Aprel döyüşlərində qələbənin simvolu olan Lələtəpə!



Ötən ilin Aprel Döyüşlərində Lələ Təpə yüksəkliyi düşməndən alınandan sonra Cocuq Mərcanlı kəndi ermənilərdən gələ biləcək təhlükələrdən sığortalanmış oldu. Prezident İlham Əliyevin burada yeni evlərin və məktəbin tikilməsiylə bağlı verdiyi sərəncam Azərbaycan dövlətinin qətiyyətini, özünə əminliyini və prosesin başladığını ortaya qoyurdu. Söhbət Böyük Qayıdış prosesindən gedir. Lələtəpə qələbənin simvolu olduğu kimi, Cocuq Mərcanlı da işğal altındakı ərazilərimizə Böyük Qayıdışın başlanğıcının simvolu sayıla bilər.



...Səhər saat 9 tamamdır. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əyinlərində təhküləsizlik geyimləri olan mütəxəsisləri kənd ərasizində əməliyyatlara başlayırlar. Qurumun Füzuli regionu üzrə əməliyyat menecerinin müavini Feyruz Mahmudov AzVision.az-a açıqlamasında bildirdi ki, bir həftədən artıqdır, kənddə mina təmizləmə işlərinə start verib:



- Bizə verilmiş tapşırığa əsasən, 360 min kvadrat metrlik ərazidə kəşfiyyat işləri aparılıb və artıq 30-40 faizi təmizlənib. Evlərin içində olan xeyli miqdarda töküntü-tullantıların təmizlənməsi ilə də məşğul oluruq. Həmin ərazini tam təhlükəsiz şəkildə tikinti şirkətinə təhvil verəcəyik. Ərazinin 2-3 ay müddətində minalardan tamamilə təmizlənməsi nəzərdə tutulub.

Erməni mərmilərinin dağırtdığı divarların arası ilə gedərək, 20 ildən artıqdır ki, Cocuq Mərcanlıda təkbaşına yaşayan Həziyevlər ailəsinin qonağı olduq.



Oktay Həziyev 1967-ci ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində doğulub. Bu ilin aprel ayında əlli yaşını Lələtəpənin işğaldan azad olunması ilə birgə qeyd edəcək. Heç vaxt ermənilərdən qorxmadığını deyən Oktay Həziyevə görə, insanı güçləndirən onun torpağıdır:

- Mən öz dövlətimə, Ali Baş Komandanımıza, Azərbaycan ordusuna güvənmişəm. Təbii ki, müəyyən çətinliklərlə də üzləşdik. Çünki qarşıda düşmən var. Hər zaman istəyər ki, zərər vursun. Amma bütün çətinliklərə baxmayaraq, ailəm, uşaqlarım, nəvələrim və 80 yaşlı anam da mənimlə bu kənddə yaşayıb.

Nəvə-nəticələrini başına toplayıb, isti soba yanında əyələşən 9 uşaq anası, 80 yaşlı Minarə nənə deyir ki, 23 ildir, bu evdə yaşayır:

- Hər şeyimiz gözəl idi. Özümüz əkib-becərirdik. Yaxşı pambığımız olurdu. Mal-qara saxlayırdıq. Camaatın kefi çox kök idi. Qaça-qaç düşəndə hərə bir yana dağıldı.



Minarə nənənin sözlərinə görə, Lələtəpənin yerli camaat üçün sakral bir mənası da var:

- Bala, Lələtəpə bir ocaqdır:
Lələyəm, lap başdan mən,
Yemərəm hər aşdan mən,
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən!
Ora çox uca idi. Hər çərşənbə günləri Lələtəpədə bir işıq yanardı. Lələtəpənin döşündə bir bulaq da qaynayardı. Hamısı yox oldu, getdi...


Oktay Həziyev bizi öz avtomobili ilə ötən il Aprel döyüşlərində düşməndən azad edilən və qələbənin simvolu sayılan Lələtəpə yüksəkliyinin yanına apardı:

- Ulu Öndərmiz Heydər Əliyevin təməlini qoyduğu ordumuz hələ 1994-cü ildə 26 yaşayış məntəqəsini və bir qəsəbəni, o cümlədən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Lələtəpə strateji əhəmiyyətli yüksəklikdir. Lələtəpənin düşmənin əlində olması bütün bu yaşayış məntəqələri üçün çətinlik törədirdi. Ali Baş Komandanızımın səyi nəticəsində, ordumuzun gücü ilə ötən ilin aprel ayında Lələtəpə yüskəliyi işğadan azad olundu. Artıq burada heç bir təhlükədən söhbət gedə bilməz. Ona görə də, bu ərazilərdə indi yaşamaq,yaratmaq, işləmək lazımdır. Biz dövlətimizə arxayınıq!



Oktay Həziyev kənd təsərrüfatı ilə məşğuldur. Taxıl əkir. Bir hektar ərazidə fındıq bağı salıb. 4 hektarlıq ərazidə isə baramaçılıqla məşğul olacaq.

- Bu kəndə qayıtmaq üçün müraciət edən insanlara nə demək istərdiniz?
- Birmənalı olaraq demək istəyirəm ki, biz qayıdıb öz torpaqlarımızda yaşamalıyıq. Bu torpaq bizimdir. Bu torpağı atıb getmək olmaz. Biz kimdən qorxmalıyıq ki?

Bəs Cocuq Mərcanlının yeni sakinləri kimlər olacaq?

Onlardan biri, hazırda Biləcəri qəsəbəsində zavod ərazisində məskunlaşan Hüseynova Billurə Gəray qızı artıq əşyalarını toplayıb, günləri saydığını deyir:

- ...Əhd eləmişəm ki, kəndimizə qayıdan gün orada dizlərim üstündə sürünəcəyəm. Kəndimizdən uzaqda bu 24 ili çox ağır, pis vəziyyətdə keçirdik. Zülm çəkdik. Sağ olsun Prezidentimizi! Bizi öz kəndimizə, evimizə, əkib-becərdiyimiz o torpaqlara qaytaracaq. Əkin işləri görəcəyik. Mal-heyvan saxlayacağıq. Biz heç vaxt bakılı olmadıq. Elə adamlar var ki, Bakıya gələn kimi, dilini, ləhcəsini dəyişirlər. Amma mən heç vaxt dəyişmədim. Öz kəndimi, evimizi arzulayıram. Bu zavodun ərazindən Yanar Dağ görünür. Uşaqlar həmişə axşam yanar dağa baxıb deyirlər ki, ana ora Lələtəpədir?!



- Cocuq Mərcanlıda keçirdiyiniz son günü necə xatırlayırsınız?

- Həmin gün mən partladılan dəmir yolu relsinin göyə qalxıb-yerə düşdüyünü öz gözlərimlə gördüm. Bu hadisə heç vaxt gözümün önündən getmir.

3 oğlu atası Şahin Hüseynov 9 yaşı olanda kənddən çıxıb. O vaxt uşaq olmasına baxmayaraq, hər şeyi xatırlayır.



- Lələtəpəni gözəl xatırlayıram. Valideynlərimiz orada işləyirdilər. Kəndimizdəki məktəbin həyətində sinif yoldaşlarımızla oynayırdıq. İndi övladlarım gedib orada təhsil alacaqlar. Arzu edirəm ki, başqa rayonlardan olan insanlarımız da tezliklə öz yurd-yuvalarına qayıtsınlar. Kəndə gedəndə orada işləyəcəyik, əkib-becərəcəyik. Mən də bu illər əzində bakılı olmadım. İndi isə öz vətənimizə gedirik. Vətən kmi gözəl heç nə yoxdur.

Cocuq Mərcanlıdan uzaqda böyüyən 13 yaşlı Nurlan Hüseynov zabit olmaq istəyir:

- Ermənilərlə, düşmənlərimizlə vuruşmaq istəyirəm. Şuşa, Kəlbəcər, Laçın və bütün işğal altında olan rayonlarımızı azad etmək istəyirəm.
- Bəs kənddə nə ilə məşğul olacaqsan?
- Mal-qara saxlayacağam, əkin əkəcəyik. Məktəbə gedəcəyəm, dərs oxuyacağam. Çoxlu dostlarım olacaq!



Cocuq Mərcanlının cocuqları artıq öz kəndlərində böyüyə biləcəklər. Bu, hələ ki, sadəcə, bir başlanğıcdır. Qarabağa Böyük Qayıdışın başlanğıcı. Şübhəsiz ki, bir gün gələcək, bütün köçkün uşaqları öz ata-babalarının torpaqlarını həm əkib-becərəcək, həm də qoruyacaqlar. Və bir də heç vaxt düşmən ayağı dəyməyəcək həmin torpaqlara!













Hafiz Əhmədov
Video/foto: Əhməd Xəlilov
Montaj rejissoru: Səbinə Həsənova
Montaj: Bəxtiyar Məmmədov

AzVision.az

Foto


Teqlər:  


Rubrikanın digər yazıları