Bakıya qanunsuz dərman gətirən şəxs tutulub

Bakıya qanunsuz dərman gətirən şəxs tutulub
  23 Yanvar 2017    Oxunub:6927
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşının idarə etdiyi sərnişin avtobusuna baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı, avtobusun salonunda ilk tibbi yardım çantası kimi istifadə olunan əl çantasından sözügedən vətəndaşın gömrük nəzarətinə bəyan etmədiyi, hər birində 30 həb olmaqla 50 konvalyut “Clonazepam 2 mq”, hər birində 10 həb olmaqla 60 konvalyut “Lexotanil (bromazepam) 3 mq”, hər birində 10 həb olmaqla 63 konvalyut “Xanax (alprazolam) 0,5 mq” adlı dərman preparatları aşkar olunub.

Avtobusun orta qapısının yanında, çay hazırlanması üçün nəzərdə tutulan yerin altındakı boşluqdan isə əlavə olaraq, hər birində 30 həb olmaqla 50 konvalyut “Clonazepam 2 mq”, hər birində 20 həb olmaqla 50 konvalyut “Relium (diazepam) 5 mq”, hər birində 25 həb olmaqla 30 konvalyut “Elenium (chlordiazepoxide) 10 mq”, 1 ədəd şüşə flakonda 30 həb olmaqla “Rivotril (clonazepam) 2 mq” adlı dərman preparatları aşkar edilib.

Bundan başqa, sorğu-sual zamanı vətəndaş gömrük postunun həyətindəki sanitar qovşaqda da dərman preparatları gizlətdiyini bildirib. Dərman preparatlarının atıldığı yerə hal şahidlərinin iştirakı ilə baxış nəticəsində, orada 16 ədəd şüşə flakonda 30 həb olmaqla “Rivotril (clonazepam) 2 mq” və hər birində 10 həb olmaqla 20 konvalyut “Amitriptilin Zentiva” adlı dərman preparatlarının olduğu müəyyən edilib.

Xatırladaq ki, “ Amitriptilin Zentiva” istisna olmaqla aşkar edilən dərman preparatları “Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti