Kabus-şəhərlərimiz

Kabus-şəhərlərimiz
  25 Fevral 2013    Oxunub:2253
Əvvəlcədən təyin olunmuş dəyər əbədi deyil. Əvvəl-axır kibrit, fayl, təkər, çəkmə, saksofon, zavod, hətta qoruq da dəyərini itirir. Sivilizasiyalar da elədir. Şəhərlər də. Tarix yüzlərlə, minlərlə şəhərin məhvini arxivində saxlayır.
Ölmüş şəhərlərin daş skeleti soyğunçu, qarətçi və turistlərdən başqa heç kimə lazım olmayıb. Hər əsrin öz Pompeyi, Klondaykı olub, var və olacaq. On minlərlə əhalinin yaşadığı şəhərlərin kabus-şəhərə dönməsinin müxtəlif səbəbləri olur. Amma şəhər sakinlərinin taleyi eynidir. Onların yaddaşları şəhər yaşam tarixinin sonuna “qədər” və “sonra” acı xatirələrə bölünür. “Qədər” yaxşı günlərin xatirəsidir. “Sonra” bölümü isə geniş kütlə üçündür: ağlamalı, xatirə yaşatmalı, tarix üçün yazmalı dövr. Çox qəribədir ki, tarixdə ölümü gizlədilən şəhərlər də olub, onu dünyaya car çəkənlər də. Amma əksəriyyətində nəticə eynidir: sənin göz yaşların heç kimə lazım deyil. Böyük şey olub, min nəfər bir tualeti olan yataqxanada yaşayır. Amma kabus-şəhərin keçmiş sakinlərini bir-birinə calayan bağlar da var. Həmin şəhərlərin sakinləri indinin özündə də bir-birini axtarır, internetlə əlaqə saxlayır, təşkilatlanır, qəriblikdə keçən günlərindən danışır, hətta evlərinin xarabalıqları üzərində görüşüb, uşaqlıq göz yaşları ilə xatırlərini yada salırlar. Kabus şəhərlərin sakinlərinin həyatları çox oxşardır...

25 fevral 2007-ci il. Çexiya Lidiçe Memorial Kompleksi. Bu tarixin Lidiçeyə heç bir dəxli yoxdur. Amma orada çiyin-çiyinə dayanmış iki müxtəlif xalqın, dinin nümayəndəsinə var. İki kabus şəhərin sakinləri çiyin-çiyinə verib yandırdıqları şamın əriməsini gözləyirlər. Sonra üçüncü kabus-şəhər yaxınlaşır. Xocalı sakini Fəridlə Lidiçe sakini Fredin bir-birinə danışmağa sözləri çoxdur. Onlara daha biri qoşulur. Belorus Respublikası, Minsk vilayəti, Loqoski rayonu, Xatın kəndindən olan Fyodr Belkeviç. Onun da deməyə sözü var. Daha sonra başqa biri gəlir. Bosniya və Herseqovinadan, Srebreniça qəsəbəsindən. Sonra daha biri Fransanın Oradur qəsəbəsindən. Sonra başqa biri, sonra başqası... Şamlar yanır...

Kabus şəhərlərin sayı artmaqdadır. Səbəblər müxtəlifdir. İqtisadi, hərbi, tektonik... Böyük istehsalat müəssisəsinin yaxın ətrafında salınmış şəhərlərin ömürləri elə o müəssisələr qədər olur. Norveç Svalbardında olan Piramida, Ukraynada Kadıkçan, Halmer-Yu, Çilinin Hamberstoun və Syuel şəhərləri. Kabus şəhərlərin yaranmasının başqa bir səbəbi təbii fəlakətlərdir. Argentinanın pampaslarında melioratorların səhvi üzündən su altında qalan əfsanəvi spa-kurort Villa Epekuen buna bariz nümunədir. Kömür axtaranların İtaliyanın Kastelnuovo şəhərini xaraba qoymasını da əlavə etmək olar. İtaliyada zəlzələ nəticəsində Krako, Podjoreale şəhərləri, Çilidə isə Çayten şəhəri vulkanın qurbanı olub. Belə şəhərlərin sayı 20-dir. İnternet saytlardan birində hamısının adı verilib. Ən qəribəsi odur ki, xaraba qalmış şəhərlər turizm baxımından, film çəkənlər üçün dekorasiya olunmuş hazır səhnə yönümündən əvəzsizdir. Yenə də yuxarıda qeyd etdiyimiz “sənin göz yaşların heç kimi maraqlandırmır” fikri.

26 fevral 2007-ci il. Praqa, Çexiya. Azərbaycan səfirliyinin binası. Xocalı faciəsi lə əlaqədar rəsmi anım tədbiri. Proqrama görə, qonaqlara faciə haqda məlumat verilməli (həm çex, həm ingilis dillərində), sonra film nümayiş olunmalı idi. Çıxışı orta boylu, nurani simalı bir nəfər edir. Azərbaycan şəhərlərinin adını olduğu kimi, heç bir fonetik pozuntu olmadan səsləndirir. Diqqətçəkicidir. Sonradan tanış oluruq. Tomaş Lanye türkoloq, Kladno Univerisitetinin professorudur. Uzun müddət Çexiyanın Türkiyədəki səfiri vəzifəsində çalışıb. Çox səlis tükcəsi var. Tomaş Lanye ilə söhbətimiz çox uzun çəkdi. Xocalı faciəsi haqda danışdıq. Tomaş Lanyenin orada işlətdiyi bir ifadə mənim bu faciəyə baxışımı dəyişdi.
- Levon Məlik-Şahnazaryanın “Xocalı işi: xüsusi qovluq” yazısını oxumusan?
- Təbii ki...Yalandır, cəfəngiyatdır...
- Onu bilirəm. Sadəcə soruşuram, çex dilində oxumusan?
- Xeyr...
Beləcə söhbət uzandı. Tomas de Vaalın “Qara Bağ” kitabı, Çex müxbir Yana Mazalovanın Mütəllibovdan götürdüyü müsahibə, Xatın və Lidiçe Memorial Kompleksləri, Tomas Qolts “Azərbaycan gündəliyi” kitabı, Kiril Stolyarovun “Çöküş: Qarabağdan Belovejsk çölünə qədər” oçerki, Xocalı faciəsinin tanınmamasına qədər çox şeydən danışdıq. Sonda Tomaş Lanye “indiyə qədər izlədiyim, oxuduğum, məlumat aldığım faciələrdə qətliama məruz qalan heç bir xalq özünü günahkar bilməyib” –dedi. Və bu çox şey demək idi.
***

Kabus-şəhərlərin yaranmasının, təzada bax, ən qorxulu səbəbi hərbi münaqişələrdir. Belə şəhərlər bir xalqın, nəslin, sivilizasiyanın yaddaşına qanla çəkilmiş cızıq, həm də gələcək nəsillər üçün öyüd, vəsiyyət və tarixdir. İspaniyanın Belçite şəhəri, Fransanın Oradur-Sür-Qlan, Kiprin əfsanəvi kurort şəhəri olan Varoşa (türk-yunan sərhədində yerləşir) hazırda tarixdən silinmiş şəhərlər sırasındadır. Təbii ki, oxucunun ilk ağlına gələn Xocalı, Ağdam şəhərləri olur. Bizdə də var deyə. Narahat olmayın. Ağdam bu şəhərlərin sırasındadır. Bəli, Ağdam dünya tarixində hərbi münaqişə nəticəsində boşaldılmış, kabus-şəhərə çevrilmiş 3-4 şəhərdən biridir. “Qafqazın Xirosiması” da deyirlər bizim Ağdama. Indi Azərbaycan ərazisində gedən müharibənin sürrealist monumenti sayılan Ağdam. O şəhər ki, “Made in Armenia” minaları, artilleriya qurğuları ilə dağıdılıb. Şəhərdən nə varsa aparıblar, evlərdən qapı-pəncərələri, kərpicləri, hətta küçələrdəki döşəmə daşları da. Ağdam Qarabağın erməni bomjlarının sığınacağıdır. Bu gün Ağdam məscidinə turist, erməni hərbçilərindən başqa donuz və inəklər gedir.
Bəs Xocalı? Hə, əzizlərimiz, Xocalı yaşayır, Xocalı kabus-şəhər deyil. Xocali hadisələrinin beynəlxalq qurumlar tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasına hüquqi əsaslarımız var. Xocalı faciədir, soyqırımıdır. Amma faktiki Xocalı yaşayır. Maraq üçün OpenStreetMap, free-map.org.uk, www.navit-project.org, GlobeXplorer beynəlxalq naviqasiya sistemləri olan internet saytlarda axtarış verin. Xocalı? Yox, İvanyan. Bəli, bizim şəhərimizin adı indi belə adlanır. Xocalını işğal edən vəhşi ordunun generallarından birinin adını veriblər. İvanyan. Axtarın, orada həyatın davam etdiyinizi görəcəksiniz. Lap Srebrenniça, Oradur, Xatın kimi...

(Ardı burada)

Sənan Nəcəfov


Teqlər:  





Xəbər lenti