50 yaşlı `gənc bəstəkar`, yaxud Fazılla Elmirin fərqi

50 yaşlı `gənc bəstəkar`, yaxud Fazılla Elmirin fərqi
  14 İyun 2016    Oxunub:7243
Günay Arda

Vətəndaşın yaşadığı ölkənin qaydalarını, idarəetmə sistemini birmənalı şəkildə qəbul etmək kimi məcburiyyəti yoxdur. Etiraz etmək haqqı insan haqlarının təməl prinsiplərindəndir. İnsan var olduqca etiraz da, qəbul etməmək də, barışmamaq da olacaq.


Etiraz edən tərəf yaradıcı adamdırsa, yazar, şair, rəssam, bəstəkardırsa, situasiya daha da qəlizləşir. Etiraz yalnız onun olmur, onu sevənlər, yaradıcılığını qəbul edənlər də eyni mövqeni paylaşır.

Fazıl Sayı tanıyanlar onun hazırkı Türkiyə iqtidarına münasibətini yaxşı bilirlər. O, birmənalı şəkildə Türkiyənin dinə meyilliliyini, Atatürk siyasətindən uzaq düşdüyünü, dünyəvilikdən kənarda qaldığını həzm etmir. Seçkilərdən sonra isə qızını da götürüb ölkədən getdiyini açıqlayanda, ölkədəki dinə meyilliliyi, qeyri-dünyəviliyi əsas gətirmişdi. Fazıl Say ölkədə bircə nazirin belə həyat yoldaşının başıaçıq olmadığını, bu vəziyyətin isə gələcəkdə Türkiyənin islamın bütün qaydalarını yaşadan ölkəyə çevriləcəyini əsas gətirərək Türkiyəni tərk etmişdi.

Fazıl Sayın yaradıcılığı başdan-başa möcüzədir. Türk, şərq detalları ilə zəngin musiqinin Avropanı fəth etməsi, türklərə qarşı fobiyanın yayıldığı dövrdə sənətin qələbəsidir. Təkcə “Nazim Hikmət Oratoriyası” dünyanın ən məşhur konsert salonlarında, minlərlə tamaşaçı tərəfindən izlənilib. Dinləmədinizsə, dərhal qulaq asın. “Mavi gözlü devin” içindəki azadlıq eşqi, həyəcanı, çəkdikləri, canından çox sevdiyi ölkəsində xalq düşməni elan olunması əsərin hər saniyəsində insanın qanına işləyir.

Fazıl Sayın yaradıcılığının böyük hissəsi siyasi yük daşıyır. Bəstəkar sevgi, kədər, irin-qandan yazmır, məmləkətinin insanının tarix boyu çəkdiklərini musiqisi ilə dünyaya ötürür.

Sol siyasi görüşlərini dəstəkləmək də, inkar etmək də siyasiləşmək deməkdir. Fazılın əsərlərinin böyük hissəsi Türkiyənin sol düşüncəli aydınlarının həyatları ilə bağlıdır. 1993-cü ildə Sivas qətliamı zamanı “Madımak” otelindəki yanğın zamanı ölümlə üz-üzə qalan yaradıcı insanların yaşadıqlarını “Ses” də musiqinin dili ilə danışır.

Fazil Say il ərzində 300-ə yaxın konsert verir. Bu konsertlərin çox cüzi hissəsi, cəmi 4-5-i Türkiyədə baş tutur. Türk dünyasının neoklassik musiqi səhnələrindəki ən güclü təmsilçisinə öz ölkəsində hansı qiymətin verildiyini bu rəqəmlər sübut edir. Fazıl Sayın Türkiyə konsertləri zamanı onu sevməyən iqtidar nümayəndələri tərəfindən süni tıxaclar yaradılır. Almaniya, Fransa, Hollandiya, İtaliya və s. ölkələrin musiqi təşkilatçıları isə Fazılın konsertləri üçün Türkiyə Mədəniyyət Nazirliyinə minlərlə müraciətlər göndərir.

Fazıl Say bəstəkarlıqla yanaşı, söz, yazı adamıdır. Onun yazdığı hər yazı, hər açıqlama günlərlə müzakirə edilir, manşet olur.

Türkiyə ilə Azərbaycanı müqayisə edəndə həmişə yadıma Fazıl Say düşür. İstedadlı, etirazçı, qane olmayan, mütaliəli, içi-çölü yaradıcılıq, təmkin qaynayan dahi... Bizim Türkiyə ilə ən böyük fərqimiz bəlkə də elə Fazıldır.

Di gəl ki, Türkiyəyə Fazılı verən təbiət bizə Elmir Mirzoyevi verib. Fazıl Elmirdən fərqli olaraq, həm də bəstəkardır, dünyanın qəbul etdiyi bəstəkar. Fazıl qarnını, tüklü ayaqlarını ekrandan gözə soxmur. Fazıl etirazını yanına it sürüsü salıb bildirmir, qəbilə qanunları ilə yaşamır, tək yazdığı kimi etirazını da tək bildirir. Yaza bilmədiyini, bəstələyə bilmədiyini iqtidarın ağır şərtləri ilə sığortalamır. Ortalıqda yaradıcılığı olduğu halda özünə “bəstəkar” deyir.

Fazılın dərdi dövlət konservatoriyasında işə götürülmək deyil, Fazılın dərdi yekə qarnını doyurmaq deyil, Fazılın dərdi almanlardan qəpik-quruş qarşılığında çıxdığı yeri alçaltmaq deyil. Fazılın dərdi yazdıqlarını anlayan bir cəmiyyətin formalaşmağıdır. Çünki Fazıl həm də bəstəkardır. Fazıl yazıçılar içində bəstəkar, bəstəkarlar içində yazıçı deyil.

Fazıl Say həyatında bircə dəfə əlində avtomat tutmadığı halda, hərbi şərhlər vermir, şəhidləri alçaltmır. Döyüş haqda danışmır. Yəni, başı girməyən yerlərə qarnını soxmur.

İnsanı yaşamaq yox, yaşaya bilmədikləri, içində qalanlar yorur. Elmir Mirzoyevi də yaza bilmədikləri, bəstələyə bilmədikləri yorğun salıb. Yorğun qış pişiyi kimi kreslodan kameralara çəmkirir. 50 yaşlı gənc bəstəkar böyük ehtimalla “yazdığım əsərlər” deyəndə yalnız özünün eşitdiyi məhrəm səsləri nəzərdə tutur.

Etiraz etmək gözəldir, yaradıcı adam kimi etiraz etmək daha gözəldir... Təbii ki, yaradıcılıq varsa...

P.S. Müqayisə üçün Fazıl Saydan üzr istəyirəm.


Teqlər:  





Xəbər lenti