Axundovun meymunu – Aqşin Yenisey yazır

Axundovun meymunu – Aqşin Yenisey yazır
  06 İyun 2016    Oxunub:6578
Aqşin Yenisey

Azərbaycanın ən realist yazıçısı, mütəfəkkiri Mirzə Fətəli Axundov belə bir psixoloji ideya irəli sürürdü: “Əgər daşın qızıla çevrilməsini istəyirsinizsə, onda meymunu yaddan çıxarmalısınız”.


Və inanmaq üçün kifayət qədər mental əsaslarımız var ki, o vaxt xeyli psixopat daşı qızıla çevirməkdən ötrü başqa vaxt ağıllarının ucundan belə keçməyən meymunu biryolluq unutmaq üçün, doğrudan da, çox məşəqqətlər çəkməli olublar.

Sizə deyim ki, meymunu, Darvinsayağı desək, dünyanın ilk əşrəfi sayılan bu miskin əcdadımızı unudub, yaxud unutdurub varlanmaq, hörmət, şöhrət sahibi olmaq, bir əntərin hesabına adam olub, adamlara qoşulmaq istəyən psixopatlarımızın sayı bu gün də ölkəmizdə xirtdəyəcəndir. İstəsən, adbaad saya bilərəm.

Hətta ola bilsin ki, Darvinin meymunu nə vaxtsa dünyanın yadından çıxsın, amma Axundovun meymunu bizim yadımızdan heç vaxt çıxmayacaq, çünki bu meymun bizim gələcəklə bağlı arzularımızın totemidir. Xoşbəxtliyə gedən yolumuzun bələdçisidir, kömrüyüdür. Ona “görüm-baxım” eləmədən arzularımız həmişəlik arzu olaraq qalacaq. Axundov bizim basaratımızın açarlarını Qiyamət gününə qədər bu meymunun əlinə verib. Onu unutmaq üçün həmişə xatırlamalı olacağıq.

Bizi milli şüuraltımızın qaranlıq cəhənnəmindən çıxara bilsə, ancaq bu meymun çıxaracaq. Biz həmişə bu meymunla telepatiyaya ehtiyac duyacağıq. Kimimiz bu yolla “müalicə olunub” ağ günə çıxmaq, kimimiz isə “müalicə edib” qara gün üçün savab qazanmaq istəyəcəyik.

Görək bu meymun məsələsində başqa xalqlar nə gündədir, məsələn, qonşu rus xalqı. Rus alimi Siolkovski öz kitabında xoşbəxtlik bəxş edən bu telepatiyanı belə izah edir ki, insan artıq yer kürəsində yaşamaqdan təngə gəlib, bezib. O, yeni universal kosmik məkan axtarır, baş götürüb getmək üçün. Özünü elmlə dinin arasına qoyan bu telepatiya şüuraltı olaraq həmin naməlum məkanla əlaqə qurmaq, bu kosmik məkanda, bir növ, özünə “torpaq sahəsi” tapmaq zərurətindən irəli gəlir, o, naməlum kosmik məkanla əlaqə qurmaq istəyən dini və elmi cəhdlərin gələcəyinə inanmır, ona görə də öz psixi əlaqə metodlarını yaratmağa çalışır.

Sözsüz ki, Siolkovskinin bu yanaşmasında söhbət öz xəyallarına ciddi şəkildə inanan entuziast “xəstələrdən” gedir. Onlar naməlum məkana yola düşmək üçün “yol yoldaşları” yığırlar, özlərinin ibtidai, kortəbii hipnotik ənənələri ilə bir-birilərini sağaltmaq üçün real dünyadan uzaqlaşdırıb başqa bir dünyanın adamına çevirirlər. Hər iki “xəstə” bir-birilərinə qara verə-verə özlərini “bu başqa psixi dünyada” çox xoşbəxt hiss edirlər, çünki onların yaşadığı real dünya artıq zədələmişdir, indi isə onlar tamamilə başqa bir psixi məkandadırlar.

Hoppa! Onlar artıq böyrəklərindəki daşları unudublar, qulaqlarındakı küyü fitə basırlar, prostat vəzilərində olan ağrılar onların heç uclarının şeyinə də deyil. Onlar artıq öz ağrılarına fiziki ağrı kimi deyil, onları xoşbəxtliyə aparan ümid mənbəyi kimi baxırlar. Onlar artıq mazoxistə çevriliblər, öz ağrılarından zövq alırlar. Bu, entuziastların “xilasetmə” metodudur və bu metoddan tarix boyunca ən çox peyğəmbərlər istifadə edirdilər.

Musa fironunun zülmündən xilas olmaq istəyən yəhudiləri inandırırdı ki, əlindəki əsada ilahi güc var, İsrail xalqı onun arxasınca ac, susuz səhraları dolaşsın, o, əsanı dənizə toxunduran kimi dəniz iki yerə ayrılacaq, İsa Roma humanizmini ilahiləşdirir və inandırırdı ki, ölülər diriləcək və hamı bağışlanacaq, təki “bir üzünüzə tüpürəndə o biri üzünüzü çevirin”. Məhəmməd inandırırdı ki, insan bu dünya üçün yox, o biri dünya(lar) üçün yaradılıb, sizdən olmayanlarla döyüşün. Bütün bu xoşbəxtlikləri əldə etməyin yeganə yolu kütləvi nevrozdan, fərdi işgəncədən keçirdi.

Bunların hamısı rus psixoloqu Vladimir Leviyə görə min illərə hesablanmış psixi təlqinlər idi.

Halbuki yəhudilər Misirdən qovulmasaydı, iudaizm, Roma imperiyası Yerusəlimdə dirənməsəydi, xristianlıq, Romanın parçalanmasından istifadə edib ərəblər dövlət yaratmaq eşqinə düşməsəydilər, islam yaranmayacaqdı . Yəni bütün bu inancların mənşəyi tanrı yox, tarixi gedişat idi.

Skeptiklər isə qəlbin hökmünə yox, ağıla üstünlük verirdilər, deyirdilər ki, dünyada hər şeyi ağıl yaradır, qəlb isə ondan bəhrələnir. Amma bir məsələ də var ki, ağılsız qəlbin və qəlbsiz ağılın yaratdığına dünyada nə pul, nə də alqış düşür.

Məsələn, entuziastlar üçün hər gün Qiyamət yaxınlaşır və onlar bütün ömürlərini gedəcəkləri o naməlum məkana hazırlayırlar. Amma skeptik astronomlar iddia edirlər ki, yaxın bir milyard il ərzində fantastik məhvolma ilə nəticələnəcək heç bir kosmik dəyişiklik gözlənilmir. Ağılla qəlb belə qlobal məsələlərdə daban-dabana ziddirlər. Qəlb inanır, inanmamağı mənasızlıq sayır, ağıl isə şübhə edir, inanmaq istədiyi şeyi axtarır. Qəlb siçanı tutacağına ümid edən pişik kimi səbrlə pusquda yatır, ağıl isə ömrünü çürüdüb pusquda yatmadan daha qısa və asan yolla siçanı tutmağın yollarını axtarır. Qəlb ağıla kinayə ilə deyir: “Zəhmət çəkmə, sənin axtardığını mən tapmışam”. Ağıl isə ikiqat kinayə ilə cavab verir: “Yanılırsan, sənin tapdığı mənim axtardığı deyil”.

Yazımızı Levinin bu sözləri ilə bitirsəm, məncə, bayaqdan nə üçün çənə döydüyüm oxuculara aydın olar: “Əlbəttə, bu məsələdə iki cəbhənin yaranması heç də pis deyil, bəşəriyyətə həm ehtiraslı möminlər, həm də amansız “şeytan vəkilləri” lazımdır. Lakin mühərikklə saxlac arasında qarşılıqlı anlaşma yoxdursa, bəs onda necə olacaq?”


Teqlər:





Xəbər lenti