Somalidə ölən müəllimənin əri: `Uşaqlar qan içində idi...`

Somalidə ölən müəllimənin əri: `Uşaqlar qan içində idi...`
  26 May 2016    Oxunub:16359
Xəbər verdiyimiz kimi, bir neçə ay öncə Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində Azərbaycan vətəndaşı, Göyçayın Ləkçılpaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı həlak olub, onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır yaralanıb.

Mərhumun həyat yoldaşı Əflatun İsmayılov AzVision.az-la əlaqə saxlayıb, hadisə ilə bağlı fikirlərini bizimlə bölüşüb.

“Mən hələ də İstanbulda xəstəxanadayam. Güllə uşağımın onurğa sütununu dəldiyi üçün hərəkət qabiliyyətini itirib. Bundan sonra ona uzun müddətli müalicələr lazımdır. Nə vaxt Azəbaycana qayıdacağımızı bilmirəm. Hər gün uşağım ağrıdan sızıldayır. Bu, mənim üçün çox ağırdır.



Həyat yoldaşımla biz əsl azərbaycanlı ailəsi kimi şərəflə yaşamışıq. Kəmalə məni heç vaxt tək qoymazdı. Hadisədən sonra onunla bağlı mətbuatda bir çox məlumatlar yayılmışdı. Demək istəyirəm ki, biz heç vaxt İraqa getməmişik. Somaliyə isə əvvəlcə mən getmişəm. Yaşayış şəraiti qurduqdan sonra həyat yoldaşım və uşaqlarım yanıma gəlib. Anam bu hadisədən iki həftə əvvəl vətənə qayıtmışdı”.



Həyat yoldaşının bildirdiyinə görə, Kəmalə İsmayılova Somalidən başqa heç bir yerdə işləməyib, evdar xanım olub.

“Somalidə özəl şirkətdə işlədiyim vaxtda uşaqlar paytaxt Moqadişuda rəsmi qeydiyyatda olan “Kıbla Numa” adlı özəl Türk kollecində təhsil alırdılar. Yanvar ayının əvvəlindən etibarən həmin məktəbdə türk dili müəlliminə ehtiyac oldu. Həyat yoldaşım həmin məktəbdə könüllü olaraq çalışmağa başladı. O, işə başlayandan 3 ay sonra bu faciə baş verdi. Həyat yoldaşım haqqın rəhmətinə qovuşaraq şəhid oldu. O, sırf Allah xatirinə, heç bir maddiyat güdmədən bu işə başlamışdı. Məzlum və saf niyyətli olarak güllə yaralarıyla dünyasını dəyişdi. O, 3 aylıq fəaliyyəti zamanı çox böyük hörmət qazanmışdı. Mətbuatda yayılan @r_ismayilova adlı bir twitter hesabı mərhuməyə aid olmayıb. Sadəcə soyad bənzərliyi var. Kəmalə xanım heç vaxt sosial şəbəkə istfadəçisi olmayıb”-deyə Əflatun İsmayılov söyləyib.



O, həyat yoldaşının həlak olduğu terror hadisəsini ürək ağırısı ilə xatırlayıb: “Mən hadisə yerinə gələndə həyat yoldaşım dünyasını dəyişmişdi, uşaqlar qan içində idilər. Onlar güclə nəfəs alırdılar. Bu, dəhşətli hadisədir. Hadisədən 5 dəqiqə sonra ora çatdım. Onları öz əllərimlə maşına qoyub xəstəxanaya çatdırdım”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti