`Siyasi əlillər` meydanı boşaltmalıdırlar

`Siyasi əlillər` meydanı boşaltmalıdırlar
  25 Aprel 2016    Oxunub:4346
Ehtiram Mehdiyev

Heç vaxt iş üstündə mübarizə aparmayanlar, dərdləri ancaq ad, təşkilat, qurum və səlahiyyət olanlar qəhrəmanlıqdan, ideoloji xəttdən danışa bilməzlər. Belələrinə sual vermək lazımdır ki, ideologiyan varsa, niyə birləşib, sözü bir yerə qoyub, eyni amal uğrunda mübarizə apara bilmirsən? Çünki belə bitmiş siyasətçilər lap çoxdan tarixin arxivinə gömülüb. Ölünün yenidən dirilməsi isə möcüzədir.


Bugün Azərbaycanda baş verən hər hansı bir hadisədə ilk olaraq dövlətçiliyi, milləti unudub öz maraqlarını güdən Əli Kərimlini az qala qəhrəmana çevirirlər. 4 günlük müharibədə üzünü dörd dəfə dəyişən Kərimli əsgər formasında olan fotosu ilə cəmiyyətə saxta vətənpərvərliyini sırımaq istədi. Döyüşlər getdiyi vaxt cəmiyyətin nəzərini qapısına etiraz üçün toplaşanlara yönləndirən Kərimli xalqa müharibəni unutdurmağa çalışdı. Lakin həmişəki kimi alınmadı.

Bir müddət əvvəl Rusiyanın dəstəyi ilə yaradılmış EL Hərəkatından, Milli Şuradan, Ziyalılar Forumundan kiminsə xəbəri var? Susduğunuzu bilirəm. Bir xatırlatma edim, Milli Şura yaradılarkən bu birliyinin baş tutmayacağı barədə proqnozlar verilirdi. Seçkilər zamanı sözügedən qurumun birmənalı şəkildə Moskvadan idarə olunduğunu hər kəs yaxşı bilirdi. Milli Şurada təmsil olunanların Qarabağ münaqişəsinin həllilə bağlı söylədiyi fikirlər də Moskvanın maraqları ilə üst-üstə düşürdü. İndi sizcə bu saxta vətənpərvərlərə inanmaq olarmı? Əminəm ki, Azərbaycan xalqı xaricdən idxal olunan belə layihələri heç zaman inanmayıb və inanmayacaq da.

Artıq 1993-cü ildən bu yana ölkədə keçirilən bütün seçkiləri uduzan siyasi əlillər siyasətdən istefa verib getməlidilər. Uduzduqları halda, bir Etibar Məmmədovdan başqa, heç bir müxalifət partiyasında olan lider istefa verib, uğursuzluqlarda günahkar olduqlarını etiraf edən bəyanatlar yaymadılar. Ancaq onlar çoxdan getməli idilər. Hətta yerlərini partiyadakı digər yoldaşlara buraxmalıydılar ki, onlar da partiyanı irəliyə aparıb, hansısa bir müvəffəqiyyət qazansınlar. Siyasi mübarizəyə qoşulan və iqtidara gəlmək istəyən partiya məğlubiyyətinin səbəbini ciddi analiz etməlidir və ona uyğun da öz nəticəsini göstərməlidir.

Lakin siyasi əlillər bunu qəbul etmək istəmir, kreslo sevgisi onları bu əlil düşüncədən azad edə bilmir. Təklif edirəm Azərbaycanda 4-cü qrup siyasi əlillik dərəcəsi yaradılsın. Və siyasi arenada illərdir uğur qazana bilməyən belə siyasətçilərə siyasi əlillik dərəcəsi verilsin.


Teqlər:  





Xəbər lenti