Mərkəzi Bankın səlahiyyətləri əlindən alınır?

Mərkəzi Bankın səlahiyyətləri əlindən alınır?
  09 Fevral 2016    Oxunub:3204
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “Publik hüquqi şəxslər haqqında” qanunu şərh edib.
PA rəsmisi bildirib ki, ilk publik hüquqi şəxs - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərəcək: “Qeyd edim ki, heç bir dövlət orqanı özünü maliyyələşdirə bilməz və bütün xərclərini dövlət büdcəsi hesabına ödəyir. Lakin bu Palata tam müstəqildir, dövlət büdcəsindən heç bir asılılığı yoxdur. Cənab Prezidentin tapşırığı ilə bu qurumun Nizamnaməsinin layihəsi bir aya hazır olacaq”.

Yeni yaradılan qurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşəcəkmi sualına Ş.Əliyev “bütün funksiyalar bölünəcək” deyə cavab verib: “Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur”.

Mərkəzi Bankın maliyyə bazarına nəzarət funksiyasının əlindən alınması məsələsini şərh edən hüquqşünas Əkrəm Həsənov hesab edir ki, indiyə qədər Mərkəzi Bankın maliyyə bazarına nəzarət etməsi düzgün deyildi: “Ona görə də onun banklara və bank olmayan kredit təşkilatlarına nəzarət etməsi məqsədəuyğun deyil. Məhz bu baxımdan prezident İlham Əliyevin sərəncamı ilə publik hüquqi şəxs - Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb. Palata fəaliyyətə başladıqdan sonra banklara nəzarəti həyata keçirəcək. Bu tam düzgündür. Çünki, bu palata maliyyə bazarının iştirakçısı deyil. Amma Mərkəzi Bank maliyyə bazarının iştirakçısıdır, banklara kredit verir, köçürmələr edir. Yəni, bank əməliyyatları etməklə yanaşı, həm də banklara nəzarət edir”.

Ə.Həsənov qeyd edib ki, Mərkəzi Banklar əslində pul siyasətini həyata keçirməlidir: “Banklara nəzarət əksər dövlətlərdə xüsusi orqan tərəfindən həyata keçirilir. Hazırda Azərbaycan bu mexanizmə keçir. Hesab edirəm ki, bu düzgün qərardır. Çünki, Mərkəzi Bankın əsas məqsədi qiymətlərin sabitliyidir. Bank nəzarətinin əsas məqsədi isə bank sisteminin sabitliyidir”.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə mətbuata açıqlamasında bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır.

E.Rüstəmov vurğulayıb ki, bu istiqamətdə Mərkəzi Bankın da öz funksiyalarını həyata keçirməsi asanlaşacaq: "Çünki Mərkəzi Bankın maliyyə sabitliyinin təmin olunması funksiyası ləğv olunmayıb və əvvəki formada qalıb. Maliyyə sektorunda, xüsusi ilə maliyyə sabitliyinin yaradılmasına birgə çalışacağıq".

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti