Ötən gün nələr baş verdi? - Ən maraqlı xəbərlər

Ötən gün nələr baş verdi? - Ən maraqlı xəbərlər
  09 Fevral 2016    Oxunub:4158
Ötən gün Azərbaycanda və dünyada bir sıra hadisələrlə yadda qaldı. Hansı xəbərlər geniş müzakirələrə səbəb oldu? Fevralın 8-i nə ilə yadda qaldı?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Səlim Müslümov: “Ölkədə işsizlərin çoxu gənclərdir”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycanda yaşı 25-dən az olanların işsizliyinin artım tempi, yaşı 25-dən çox olan insanların işsizliyindən 3 dəfə çoxdur: “Təəssüf ki, işəgötürənlərin 30 faizi ixtisaslı kadrların azlığından şikayət edirlər. Bu da yüksək ixtisaslı kadrların hazırlanmasının, bu sahədə təhsil sistemi və peşə hazırlığının hələ ki, yetərli olmaması ilə bağlıdır”.

***

Azərbaycanlı həkim Suriyada öldürüldü

Suriyanın şimalında, Türkiyə ilə sərhəddə gedən döyüşlər zamanı Gürcüstanın Telavi şəhərində doğulan azərbaycanlı Beslan Muxtarov öldürülüb. İxtisasca həkim olan Beslan Muxtarovun Türkmən dağında yaralıları müalicə edərkən Rusiyanın hava hücumu nəticəsində öldüyü bildirilir.

***

Putinə müraciət: “Türk-Rus müqaviləsi ləğv edilsin”

Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

Müraciətdə rəsmi Ankaranın Moskvaya qarşı aqressiv siyasət yeritməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb: “Hazırda Türkiyə tərəfdən aqressiyanın artdığı vaxtda ölkəmiz və müttəfiqlərimiz üçün yararsız olan bu sənədin hüquqi cəhətdən yenidən nəzərdən keçirilməsi zəruridir. Ankara anlamalıdır ki, münaqişənin bu cür gərginləşməsi nə ilə sonuclana bilər. Yalnız bu, yeni təxribatlardan yayındıra bilər. Bununla bağlı Türkiyə rəhbərliyinə xatırlatmaq lazımdır ki, dostluq və qardaşlıq haqqında Moskva ilə razılaşma əbədi deyil”, - deyə müraciətdə vurğulanır.

***

“Formula -1”dən imtina etsək, cərimə ödəməliyik

Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda “Formula -1” yarışları 5 il keçirilməlidir. Nazirin sözlərinə görə, Azərbaycan yarışlarla əlaqədar 10 illik müqavilə bağlanıb: “Müqavilə əsasında 5 il müddətində “Formula-1” yarışları Azərbaycanda keçirilməlidir. Biz yarışların keçirilməsindən imtina etsək, cərimə ödəməliyik”.

***

Atıcılıq mərkəzində də toy etmək olar

Gənclər və idman naziri Azad Rəhimov Bakı Olimpiya Stadionunda toy mərasimlərinin təşkili ilə bağlı məsələyə münasibət bildirib. Nazir deyib ki, Bakı Olimpiya Stadionunda mərasimlərin təşkili ilə bağlı qərar stadionun pul qazanması üçün bir imkandır və xərclərini ödəmək baxımından mühümdür: “Dünya təcrübəsində də belə hallar mövcuddur. Təkcə Olimpiya Stadionunda deyil, Bakı Atıcılıq Mərkəzində də mərasimlərin təşkili üçün gözəl şərait var”.

***

Obama ailəsinin şikayəti: “Ağ evdə internet yoxdur”

ABŞ prezidenti Barak Obama və ailə üzvləri Ağ Evdə Wi-Fi sisteminin zəif olmasından şikayətlənib. Obama Ağ evdə internet sisteminin yaxşı işləmədiyini etiraf edib.

***

İlham Əliyevdən yeni müavin təyinatı

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Qurban Nəzirov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Hicran Valehov “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini təyin edilib.

Həmçinin Q.Nəzirov QSC-nin yol təhlükəsizliyi üzrə baş müfəttişi təyin edilib.

Qeyd edək ki, bu təyinatla QSC sədri Cavid Qurbanovun müavinlərinin sayı dördə çatıb.

***

Gürcüstanın baş naziri: Bizim üçün “Qazprom” mövzusu bağlanıb

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, Rusiyanın “Qazprom” şirkəti ilə danışıqlar ətrafında siyasi spekulyasiyalar dayandırılmalıdır.

“Bu məsələ bitib. Çünki söhbət hər hansı strateji danışıqlardan getmir. Danışıqlar sırf texniki xarakter daşıyan problemlərin həll edilməsi ilə bağlıdır və hesab edirəm ki, danışıqlar ətrafında siyasi spekulyasiyalar tamamilə əsassızdır”, - deyə Kvirikaşvili bildirib.

***

“Qarabağın həlli üçün addımlar atılmalıdır”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “Xocalı anım qrupu”nun nümayəndələri ilə görüşüb. R.Sekuta Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bütün tərəflərin addımlar atmaq zəruriyyətini qeyd edib.

***

Dollar yenə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 9-na 1,5787 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dollar bu gün 1,5819 manata bərabər olub.

***

Hollivud ulduzu ermənilərin hədəfində

Məşhur Hollivud ulduzu, ikiqat Oscar mükafatının sahibi Ben Afflek ABŞ-da yaşayan ermənilərin hədəfinə tuş gəlib.

Amerikanın Erməni Milli Komitəsi (ANCA) Ben Afflekin Türk Hava Yolları (Turkish Airlines) şirkətinin reklam rolikinə çəkilməsinə etiraz olaraq aktyora qarşı `Twitter` şəbəkəsində xüsusi kampaniyaya başlayıb.

***

Merkellə Davudoğlu razılaşdı: NATO Suriyaya girir

Almaniya kansleri Angela Merkelin Türkiyəyə rəsmi səfəri zamanı baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

Suriyada yaranmış vəziyyətdən ciddi narahat olduqlarını deyən Ə. Davudoğlu bildirib ki, heç kim Türkiyənin təkbaşına mühacirlər məsələsini öz üzərinə götürməsini gözləməməlidir: “Sərhədimizdə 30 minə yaxın suriyalı gözləyir. Kimsə “Türkiyə onsuz da suriyalı qaçqınları qəbul edir” deyə düşünərək açıq bir etnik qırğın olan Rusiya bombardmanlarını normal qarşılaya bilməz. Hörmətli Merkel də məsələnin sadəcə Türkiyənin problemi olmadığını dəfələrlə söylədi”.

Almaniyanın federal kansleri isə bildirib ki, Rusiyanın mülki əhaliyə hücumları yol verilməzdir: “Minlərlə insan rus bombardmanlarından qaçmaq məcburiyyətində qalıb. Rusiya mülki insanlara qarşı hər cür hücumu dayandıracağını açıqlamışdı. NATO toplantısında da bunu müzakirəyə çıxaracağıq. Mühacirlərin geri qayıtması üçün işlər görüləcək. Mümkün qədər kvota ayıraraq bəzi suriyalıların Avropaya gəlməsini təmin edəcəyik. Lakin bu, Türkiyədəki bütün qaçqınları qəbul edəcəyimiz mənasını vermir. Suriyalılar üçün vətənlərinə, evlərinə yaxın olmaq da vacibdir”.

***

Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Qobustan rayonunun Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. On beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 700,0 (yeddi yüz) min manat ayrılıb.

***

Sahibkarlara şad xəbər

İqtisadiyyat Nazirliyinin kollegiya iclasında ixrac prosedurunun daha da sadələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərinə mənşə sertifikatının bir gün ərzində verilməsi qərara alınıb. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza aktı müraciət daxil olduğu vaxtdan 2 saat ərzində veriləcək.

***

“MTN işi” ilə bağlı məhkəmə - Həbs müddətləri uzadıldı

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) oktyabr ayında həbs edilən 6 əməkdaşı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması prosesinə başlanılıb.

Baş Prokurorluq tərəfindən keçmiş MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini Füzuli Əliyev, MTN Monitorinq Mərkəzinin əməkdaşları Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov və Teymur Quliyev barələrində vəsatətlər Səbail Rayon Məhkəməsinə təqdim olunub.

Həmin şəxslər barəsində həbs qətimkan tədbirinin uzadılmasına start verilib.

Həbs edilmiş şəxslər barəsində həbs müddəti daha dörd ay artırılıb.

***

“Formula 1”in ilk rəsmi elçiləri bəlli oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu ilin yayında Azərbaycanda ilk dəfə keçiriləcək "Formula 1" Avropa Qran Prisini (F1 Grand Prix of Europe) təmsil edəcək rəsmi elçiləri ictimaiyyətə təqdim edib

Azərbaycanın əməkdar artisti, bəstəkar və "Bakı 2015" Avropa Oyunlarının ulduz elçilərindən biri Tünzalə Ağayeva, "Formula 1" şərhçisi Rəhim Əliyev və "Formula 3" yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev F1 Avropa Qran Prisininin ilk rəsmi elçiləri adına layiq görülüblər.

Rəsmi elçilər BŞH-nın F1 Avropa Qran Prisi ilə əlaqədar keçirilən tədbirlərdə iştirak edəcək, bu yarışla bağlı aparılan kampaniyalara dəstək verəcək və şəxsi sosial media kanalları vasitəsilə öz pərəstişkarları ilə yanaşı, ümumilikdə ictimaiyyət arasında Avropa Qran Prisinin təbliğinə çalışacaqlar.

***

İŞİD maaşları 50 faiz azaltdı

İŞİD terror qruplaşması döyüşçülərinin maaşlarını iki dəfə azaldıb.

Bu barədə ABŞ-ın maliyyə nazirinin terrorun maliyyəşməsi ilə mübarizə üzrə köməkçisi Daniel Qleyzer bildirib.

“İslam Dövləti” döyüşçülərinin maaşlarını 50% azadıb”, - Qleyzer bəyan edib.

Qeyd edilib ki, İŞİD bu addımı ABŞ-ın başçılıq etdiyi koalisiyanın endirdiyi aviazərbələr görə atıb.

***

Türkiyədə şagirdlər qəzaya düşdü - 7 ölü, 16 yaralı

Türkiyənin Diyarbəkir vilayətində şagirdləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Hadisə nəticəsində şagirdlər də daxil olmaqla 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

***

Putin krala milyonluq at hədiyyə etdi

Rusiya prezidenti Vladimir Putin Bəhreyn kralı Həməd bin İsa Ali Xəlifə ilə görüşüb. Soçi şəhərində keçirilən görüş zamanı maraqlı anlar yaşanıb.

Bəhreyn kralı Putinə özəl sifarişlə hazırlanan və üzərində bahalı qaşlar olan qılınc hədiyyə edib.

Hədiyyəyə görə Krala təşəkkürünü bildirən Putin isə bunun qarşılığında Həməd bin İsa Ali Xəlifə qiyməti milyon dollarla ölçülən at bağışlayıb.

***

Məşhur müğənnini 60 ilədək həbs gözləyir

Saxta hərbi bileti almaqda günahlandırılan müğənni-aktyor Kutsinin 21 ildən 60 ilədək həbsi tələb edilir. Kutsi ilə yanaşı 30 nəfər rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətində ittiham olunurlar.



Teqlər:  





Xəbər lenti