Putinə müraciət: `Türk-Rus müqaviləsi ləğv edilsin`

Putinə müraciət: `Türk-Rus müqaviləsi ləğv edilsin`
  08 Fevral 2016    Oxunub:5037
Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan dostluq və qardaşlıq haqqında razılaşmanın ləğvi təşəbbüsü ilə çıxış ediblər.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov məsələ ilə əlaqədar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb.

Müraciətdə rəsmi Ankaranın Moskvaya qarşı aqressiv siyasət yeritməsi əsas gətirilərək müqavilənin ləğvinə dair çağırış yer alıb: “Hazırda Türkiyə tərəfdən aqressiyanın artdığı vaxtda ölkəmiz və müttəfiqlərimiz üçün yararsız olan bu sənədin hüquqi cəhətdən yenidən nəzərdən keçirilməsi zəruridir. Ankara anlamalıdır ki, münaqişənin bu cür gərginləşməsi nə ilə sonuclana bilər. Yalnız bu, yeni təxribatlardan yayındıra bilər. Bununla bağlı Türkiyə rəhbərliyinə xatırlatmaq lazımdır ki, dostluq və qardaşlıq haqqında Moskva ilə razılaşma əbədi deyil”, - deyə müraciətdə vurğulanır.

“Ədalətli Rusiya naminə” partiyasından olan deputatlar da həmkarlarının bu təşəbbüsünə qoşulublar. Müraciətdə qeyd edilib ki, Cənubi Qafqaz respublikalarından ikisi - Gürcüstan və Ermənistan razılaşmanın tələblərini ədalətsiz hesab etdikləri üçün bu sənədi tanımır: “Ermənistan Moskva razılaşmasının icrasını nəzərdə tutan Qars razılaşmasını tanımır, Gürcüstanın Ali Şurası da onu 2005-ci ildə ləğv edib”.

Maraqlıdır ki, bir müddət əvvəl bununla bağlı Rusiyada yaşayan ermənilər də təşəbbüs irəli sürmüşdülər.

Xatırladaq ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsi Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Müqavilənin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti