Sizin mollaya borcunuz varmı?

Sizin mollaya borcunuz varmı?
  21 Yanvar 2016    Oxunub:2954
Aida Eyvazlı

Bu gün bir xəbər oxudum. “Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi yaxınlaşır. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu.


Yanvarın 24-də şəhidə qırx mərasimi veriləcək. Rəşad Cəfərzadəni ana əvəzi - xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar. Məcburi köçkünlük və yetimçiliklə böyümüş, 21 yaşında isə şəhid olmuş əsgərimizin yaxınları onun məzarı üçün başdaşı hazırlanmasına və qırx mərasiminin verilməsinə maddi vəsait tapa bilmirlər.”

Bir nəslə, bir insana bundan da böyük dərd, ağrı ola bilməz. Belə bir deyim var: “Dərd üstündən dərd gələr”. Əslində bu ailəyə başsağlığı verməyə də söz tapmırsan. Və bu dərdin, bu məlamətin içərisində, ömrünü yetimliklə yaşayan, dərdi dərdə calayan, çox gənc yaşında səlahiyyətlilərin məsuliyyətsizliyi, ürəksizliyi üzündən cəbhənin ən qaynar nöqtəsinə göndərilib, vətən uğrunda şəhid olan Rəşad balamızın ailəsini - yerdə qalan bacısını, qohumlarını, olmayan evini və ünvanını da unudurlar. Bu isə Müdafiə Nazirliyinin günahi deyil.

Daha sonra oxudum: “Şəhidin dayısı Mahir Pənahov deyib ki, kömək edən olmasa, qırx mərasiminin yola verilməsi üçün borc götürməyə məcbur olacağıq.” Bilmirəm, nədənsə bu sözlər mənə şəhidin adı ilə alver kimi gəldi. Ümumilikdə şəhidin qohumlarına 4400 manat yardım olunub. Heç az məbləğ deyil.

...Yazıq Rəşad Cəfərzadə... İndi o məsum ruhun göylərdən aşağıda adınla alver edənlərə baxır... gülümsəyir... gülümsəyir... Sən Vətən uğrunda ŞƏHİD oldun! Amma heç o komendaturaların rəislərinin, səni öz övladlarının yerinə ön cəbhəyə göndərənlərin balalarına bu ad qismət olmayacaq. Onların ruhu sənin ruhun kimi gülümsəməyəcək... Onlar “atalarının gül balaları”dır! Bu, məsələnin bir tərəfi.

İndi isə məsələnin ən vacib ikinci tərəfindən danışmaq istəyirəm. Rəhmətlik anam deyərdi, toy etməyə nə var ki, zülmü ölüsü olan çəkir bu ölkədə. İnsan canını tapşıran kimi yaxınları, qohum-əqrabası başlayır bazar tədarükünə, başsağlığına gələn qonaqlara üzürxahlıq, mehribanlıq etməyə... Ey fani dünya... Ölən yaddan çıxır... halva qazanları, çay dəsgahı, vurhavur başlayır... Və bu gün Azərbaycan xalqının düşdüyü bu adət-ənənə palşığı onları bataqlığa aparır. Ailələr tanıyıram ki, bankdan borc götürüb hüzr mərasimini “layiqli” vermək üçün.

Çoxumuzun 7 nəsil-nəcabəti türkdür. Türkçülüyün qanunlarında israf, dağıtma, özünü göstərmə yoxdur. Qədim türklərdən qəbirlər yox, daş yazılar əmanət qalıb, daş yazılardakı dərslər qalıb. O dərslərin heç birində, ölən adamın yasında yığılıb, yağlı plovdan yeyib, üstündən də məxməri çay içmək adəti yoxdur. Ötən il bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir neçə həmləsi olsa da, sonu məğlubiyyətlə nəticələndi. Ehsan bazarı qalib gəldi. Dedilər ki, biz məclisdə mütləq yağlı plov yeyib, ölümüzə rəhmət oxumalıyıq. Qafqaz Müsəlmanlarının ən ümdə işi isə bu gün insanları dini cəhətdən maarifləndirmək, israfçılığın gətirdiyi nəticələrin təbliğatı olmalıdır.

... Şanlı və şərəfli Azərbaycan tarixinin səhifələrində Ələkbər bəy Kərbəlayi Həsən oğlu Rəfibəyli adlı şəxsiyyətimiz olub. Gəncədə yaşayan görkəmli ictimai-siyasi xadim və Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri olan bu şəxsiyyət öz puluna məktəb açmışdı. Öləndə isə vəsiyyətində son sözləri bu olur: “Mənim üçün ehsan bazarlığı etməyin. Ehsanıma xərclənən qızılları məktəbə verin”. Bu qədər sadə və asan.

Bir bəy idi, bəyzadə idi. Yəni bir kasıbdan və ya din xadimindən az bilmirdi. Əgər müsləman qanunları ilə yaşayırıqsa, inandığınız o qanunlarda insan öləndən sonra, onun məclisində plov, banan, aş qarası kimi təamların verilməsinin yazıldığı bir bənd, maddə yoxdur. O zaman niyə Qafqaz Müsəlmanları İdarəsi bu barədə əhali arasında təbliğatı gücləndirmir?

Orta Asiya dövlətlərində uzun zaman olan insanlar müşahidə etməmiş deyillər. Bir evə hüzn , yas düşəndə, el-oba, qohum-qonşu evində bişirə biləcəyi təamları tabaqlara, qazanlara yığıb, hüzn evinə gəlir. Əlidolu gəlir ki, evinə yas düşən, başı dərddə olan qohumu, dostu ancaq öz dərdinə ağlaya bilsin. Yemək-içmək mərasimi haqda dostlar, qonşular, qohumlar düşünür. Məclisin ayağında stolun üstünə siyahı dəftəri qoymurlar.

Dünyada baş verən iqtisadi böhran ölkəmizdən də yan ötməyib. Bu hadisələrin fonunda o kəsilən heyvanlara, asılan qazanlara qənaət edin. Ya da ki, əgər ölünüzə belə hörmət qoyursunuzsa, ehsanınızı qocalar evinə, uşaqlar evinə, ehtiyacı olanlara verin. Pirlərdəki, ocaqlardakı nəzir qutuları gedib Allaha, Tanrıya çatmır. O nəzir qutularını götürüb xərcləyən mollalar var... Sizin o mollaya borcunuz varmı?


Teqlər:  





Xəbər lenti