`Arvada başa sal ki, manıs...` - Corc Kluniyə açıq məktub

`Arvada başa sal ki, manıs...` - Corc Kluniyə açıq məktub
  21 Yanvar 2016    Oxunub:20974
Vüsal Məmmədov

My fellow George, bizim tərəflərdə bəzi kişilərə deyilən bir söz var: “Arvadına yiyə dur!” İndi heç rəva deyil ki, sənin kimi oğlana belə söz deyilsin, amma doğrudan, məsələ o yerdədir.


Əmin ol, biz hamımız bilirik ki, sən elə-belə oğlan deyilsən. Ağlın başqalarına getməsin, şəxsən mən səni “Ocean`s 11” filmindən sonra tanıyanlardan deyiləm; Hələ “Təcili yardım” serialından sənə böyük hörmətim vardı, “Gün batandan gün çıxana qədər” filmindən sonra səni davamlı izləyirdim. Yadımdadır, o vaxtlar mənim çox sevdiyim Culiya Roberts ilə (anam-bacım olsun, indi ərdədir) 10.000 dollardan mərc gəlmişdin ki, heç vaxt evlənməyəcəksən. Sənin o ağlına heyran qalmışdım! O mərcdə sənə azarkeşlik eləyirdim, neçə dəfə subay dost-tanışa demişdim ki, Corc kişi adamdır, bizim kimi sözünü buranlardan deyil, bura qədər dayanıbsa, deməli, axıra qədər də möhkəm dayanacaq!

Və sən doğrudan da, sözünün üstündə kişi kimi dayanırdın! Amma axırda neylədin? Heşzad. Söhbət 10.000 dollardan getmir e, yəni sən, məsələn, Nəsimi Nəbizadə qədər də ola bilmədin?

Belə də ki, kişini evlənməyə görə qınamazlar, amma bir ləyaxlı qız tapılmadı? Sən aldığın “Oskar”ın bir balaca ucunu göstərsəydin, elə bizim kənddə neçə qız üstündə saçyolduya çıxardılar. Amma getdin tapdın da…

Keçən il sizin uşaqların anası (bilirəm, hələ bişey-mişey yoxdur, amma biz tərəfdə belə deyirlər) Avropa İnsan Haqları Məhkəməsində “Doğu Perinçək işi”ndə ermənilərin vəkili olanda barmağımı dişləmişdim. Bilirsən, manıs, arvadı gərək darıxmağa qoymasan – bizdə belə bir lətifə var. Darıxmağa qoyarsan, gedib ermənilərə qoşular, əvvəlcə Türkiyəyə qarşı çıxar, sonra da Azərbaycana.

Bunu heç olmasa dalbadal etməmək də olardı: 2015-də Türkiyəyə, 2016-da Azərbaycana qarşı vəkillik edirsənsə, sənin ermənipərəst olduğunu anlamaq üçün “Gecəniz xeyir və uğurlar” filmini çəkməyə gərək yoxdur. Bunu arvada başa sal. De ki, yaxşı aktyorun arvadı rolunu bu qədər pis oynamalı deyil.

Yəqin, ananın gəlininin müsahibəsinə baxdın: Xədicədən danışır, deyir ki, yataq otağına kamera qoymuşdular, sonra şantaj elədilər-filan… Manıs, o söhbətlər bizim gözümüzün qabağında olub e. Xədicənin özünün heç vecinə deyildi, indi sənin arvadına nə düşüb?

Səmimi deyim ki, arvad `tema`sı adama ləzzət eləmir. İstərdim ki, qismət olsa, səninlə üzbəüz oturaq, Azərbaycandakı vəziyyəti başa salım. İndi bu, bir az nisyə söhbətdir, ona görə də, çox başını ağrıtmamaq üçün işin məğzini iki kəlmə ilə izah edirəm.

My fellow George, sənin arvadından sadəcə, istifadə edirlər. Yəni dünyada Xədicəni heç kim tanımır, Amalı isə çox adam tanıyır, özü də sənə görə. İndi əgər ermənipərəst mərkəzlər arvadın adından istifadə edib, Xədicə söhbətini dünyada PR edirlərsə, belə çıxır ki, dolayısıyla, sənin də adından istifadə edirlər. Yəni sən istəmədən alət olursan. Amma sənin kimi oğlana başqasının aləti olmaq yaraşarmı? Hələ uşaqların anasını demirəm…

İndi özün bax da, manıs, mən şəxsən istəməzdim ki, arvadımın adından hansısa əyri işdə istifadə olunsun. Ona görə də, bütün bunları sənə yazdım. Sən isə yenə də özün bilərsən!


Teqlər:  





Xəbər lenti