Elmir Vəliyev Madriddə Gəncəni təmsil etdi

Elmir Vəliyev Madriddə Gəncəni təmsil etdi
  30 Noyabr 2015    Oxunub:8452
İspaniyanın paytaxtı Madrid şəhərində Avropa Gənclər Forumu tərəfindən tədbir təşkil olunub. Tədbirdə 2016-cı il üçün Avropanın gənclər paytaxtı seçilən Gəncə şəhərinin nümayəndə heyəti də iştirak edib.

Əvvəlcə Avropa Gənclər Forumu tərəfindən təsis olunan gənclər paytaxtı layihəsinin əhəmiyyətindən danışılıb. Bildirilib ki, gənclər paytaxtı adı bir il müddətinə verilir. Bir il ərzində həmin şəhərin gənclər üçün mədəni, idman, ictimai-siyasi tədbirlər keçirmək, Avropanın hər yerindən olan gənclərin yerli gənclərlə bərabər şəhərin həyatında iştirak etmələrinə şərait yaratmaq imkanı var. 2009-cu ildən bəri Rotterdam, Turin, Antverpen (Belçika), Braqa (Portuqaliya) və Maribor (Sloveniya), Kluj-Napoka (Rumıniya) şəhərləri Avropanın gənclər paytaxtları olub. 2016-cı ildə bu estafeti Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə qəbul edəcək.



Daha sonra “Gəncə Avropa Gənclər Paytaxtı–2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin təqdimatı ilə çıxış edib, həyata keçiriləcək layihələrdən bəhs edib, ölkəmiz barədə ətraflı məlumat verib.



Daha sonra Avropa Gənclər Forumu, Gəncə Şəhər İcra Hakimiyyəti və “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memoranduma əsasən, 2016-cı ildə Gəncə şəhərində müxtəlif yerli və beynəlxalq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.



Tədbirdə Portuqaliyanın Kaskaiş şəhəri Avropanın 2018-ci il üçün gənclər paytaxtı elan olunub. Kaskaiş Mançester (İngiltərə), Novi Sad (Serbiya), Keskemet (Macarıstan), Perucia (İtaliya) şəhərləri arasından seçilib.

Qeyd edək ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin gənclər təşkilatlarının milli şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının platformasıdır. Bu platforma Avropa məkanında gənclərin ən iri və yeganə konfederativ qurumudur. Mənzil-qərargahı Belçikanın Brüssel şəhərində yerləşən bu qurum 1996-cı ildə təsis edilib. Hazırda Avropa ölkələrinin 40 gənclər təşkilatının milli Şurası və 57 Avropa səviyyəli beynəlxalq qeyri-hökumət gənclər təşkilatları platformanın üzvüdür.

Xatırladaq ki, 2016-cı ildə Avropanın gənclər paytaxtı Azərbaycanın Gəncə şəhəri elan olunub. Bu, Avropa Gənclər Forumunun, Avropa Şurasının, Avropa İttifaqının, bir sıra beynəlxalq qurumların, Rumıniya Gənclər Təşkilatları Milli Şurasının və Kluj Napoka bələdiyyəsinin nümayəndələri tərəfindən müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti