Putinin türklərə qarşı `soyqırım kartı`...

Putinin türklərə qarşı `soyqırım kartı`...
  28 Noyabr 2015    Oxunub:4809
Rusiyalı deputatlar qondarma “erməni soyqırımı”nın inkarına görə 500 min rubl məbləğində cərimə və 5 ilə qədər azadlıqdan məhrumetmə cəzasının tətbiq ediməsinə çalışır. Artıq bununla bağlı yeni qanun layihəsi Rusiya Dumasına təqdim edilib.
Qanun layihəsində 1915-1922 ci illərə Osmanlı Türkiyəsində baş verən qondarma “erməni soyqırımı”nın inkar edilməsi, həmçinin bu cinayətlərə dəstək verilməsi 300 min rubl və ya iki illik əmək haqqı məbləğində cərimə, yaxud 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Əgər “soyqırım” KİV-in istifadəsi ilə inkar edilirsə, tətbiq olunan cərimə məbləğinin yuxarı həddini 500 min rubla qədər, azadlıqdan məhrum etmə cəzasını isə 5 il müddətinə qədər qaldırmaq təklif olunur. Belə bir qanun layihəsinin Rusiya Dumasına müzakirəyə çıxarılması üçün təqdim edilməsi şübhəsiz ki, Rusiyanın təyyarə qalmaqalından sonra Türkiyəyə “cəza” tədbiri kimi qiymətləndirilir. Ancaq, qanun layihəsinin Dumada qəbulu real görünmür. Politoloqlar da bu fikirdədir.

Deputat, politoloq Elman Nəsirov hesab edir ki, Rusiyanın Türkiyəyə qarşı tətbiq edəcəyi cəza tədbirləri əks təsir verəcək: “Qondarma “erməni soyqırımı”nı tanımamağa görə vətəndaşların hüquqi baxımdan cəzalandırılması bir zamanlar Fransada da gündəmə gətirilmişdi. Bu, birbaşa Fransa-Türkiyə münasibətlərindəki gərginlik fonunda baş verən hadisə idi. Lakin son anda qanun layihəsi qəbul olunmadı. Hazırda təyyarənin vurulması ilə Türkiyə-Rusiya münasibətləri xeyli gərginləşdirib. Rusiya Türkiyəyə qarşı cəza tədbirləri sırasında qondarma “erməni soyqırımı” kartından da istifadə etməyə çalışır. Rusiyalı ekspertlər bu məsələni daha çox qabardırlar. Hətta bununla bağlı müvafiq qanunvericilik aktının qəbul edilməsini təklif edirlər. Rusiya tərəfi bununla da Türkiyəyə təzyiq etməyə çalışır. Hesab edirəm ki, Fransada olduğu kimi Rusiyada da belə bir qanun layihəsi qəbul olunmayacaq”.

Deputat Asim Mollzadənin sözlərinə görə, qondarma “erməni soyqırımı”nın inkarına görə hazırlanan layihəyə Türkiyə ciddi əhəmiyyət verməməlidir: “Hansısa siyasətçinin bəyanatlarını Rusiyanın dövlət siyasəti kimi qəbul etmək olmaz. Bu insanlar Türkiyə ilə Rusiya arasındakı münasibətləri daha da pisləşdirmək üçün belə ifadələr işlədirlər. Bu barədə nə Rusiya prezidenti, nə də xarici işlər nazirliyi açıqlama verib. Hazırki durumda bu qanun layihəsinin qəbul olunacağına inanmıram”.

A. Mollazadə qeyd edib ki, “Azərbaycan Türkiyə ilə “bir millət iki dövlət” prinsipi ilə yaşayır: “Türkiyə Azərbaycana qardaş, Rusiya isə qonşu dövlətdir. Biz bu dövlətlər arasında münasibətlərin müsbət istiqamətdə inkişafına maraqlıyıq. Tərəflər arasında emosional çıxışlar, tələblər ola bilər. İnanmıram ki, Rusiya cürət edib NATO ilə müharibəyə getsin. Rusiyanın Türkiyəyə iqtisadi sanksiyaların tətbiqi ilə bağlı hədə-qorxuları yersizdir. Əksinə, Rusiya tərəfi Ankara ilə münasibətləri düzəltməyə çalışmalıdır”.

Siyasi proseslər göstərir ki, Rusiya Türkiyəni ən zəif yeri olan soyqırımla hədələyib, Ankaranı geriyə addım atmağa məcbur etməyə çalışır.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti