Adam öldürən məmur oğluna vəzifə verildi - Ermənistanda

Adam öldürən məmur oğluna vəzifə verildi - Ermənistanda
  28 Noyabr 2015    Oxunub:2465
Ermənistanın vəzifəli şəxslərindən birinin ərköyün övladı törətdiyi ağır cinayətə görə salındığı həbsxanadan buraxılandan dərhal sonra yüksək nazirlik postuna təyin edilib.
Bu barədə “Azadlıq” radiosu erməni xidmətinin müxbiri Narine Qaleçiyan yazıb.

“Hayantar” agentliyinin başçısı və Erməni İnqilabi Federasiyası - Daşnaksütyun Partiyasının nüfuzlu üzvü Martun Matevosyan 21 yaşlı Tiqran Xaçatryanı öz köməkçisi vəzifəsinə təyin etdiyini təsdiqləyib.

“Tiqran çox tərbiyəli və nəzakətli gəncdir və öz işini vicdanla görür” - deyə Ermənistan Meşəçilik Nazirliyinin vəzifəlisi M.Matevosyan bildirib.

Ölkənin cənubundakı Sünik əyalətinin qubernatoru Suren Xaçatryanın oğlu olan Tiqran ötən iyul ayında doğma Gorus şəhərində öz dəstəsi ilə iki nəfərin üzərinə zorakı basqın etdiyinə görə həbs olunmuşdu.

Onun hücumuna məruz qalanlardan biri kor olub, digərinin isə burnu sınıb.

Zərərçəkənlər deyirlər ki, amansız hücuma Tiqranın özü başçılıq edib.

Polis bu hadisə ilə əlaqədar bir neçə nəfəri həbs etsə də onların hamısı oktyabr ayında azad ediliblər.

Bundan əvvəl 2013-cü ildə Tiqran Xaçatryan atasının Gorusdakı villasının qarşısında bir nəfəri güllə ilə vurub öldürdüyünə görə məhkəməyə qədər üç ay həbsxanada saxlanmışdı.

Lakin tezliklə bu cinayət işinə xitam verilmiş və Tiqran azadlığa buraxılmışdı.

Hüquq-mühafizə orqanları belə nəticəyə gəlmişdi ki, Xaçatryan və atasının cangüdənlərindən biri qarşılarındakı şəxsi özünümüdafiə üçün güllələyiblər.

“Liska” ləqəbi ilə tanınan Suren Xaçatryan 2013-cü ildə baş vermis bu hadisəyə görə vəzifəsindən çıxarılmışdı, lakin bircə ildən sonra onu yenidən qubernator təyin etmişdilər.

Ermənistan müxalifətinin “hökumətə loyal quldurların” cəzasızlığına etiraz etməsinə heç kəs məhəl qoymamışdı.

“Azatutyun” yazır ki, Ermənsitan insan haqları fəalları belə cəzasızlığın qarşısında gücsüzdürlər.


Teqlər:





Xəbər lenti