Artur Rəsizadə Çavuşoğlu ilə görüşüb

Artur Rəsizadə Çavuşoğlu ilə görüşüb
  27 Noyabr 2015    Oxunub:1553
Baş nazir Artur Rasizadə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, A. Rasizadə M. Çavuşoğlunu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, yeni hökumət təsdiqləndikdən sonra nazirin ilk xarici rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirib.

Həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri, hərbi-siyasi əməkdaşlıqdan söz açan A. Rasizadə qardaş ölkənin nüfuzlu nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığın perspektivi baxımından faydalı olacağına əminliyini ifadə edib.

Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə davam etdiyini böyük razılıq hissi ilə vurğulayan M. Çavuşoğlu isə tarixi dostluq və qardaşlıq ənənələrinin sarsılmaz olduğunu söyləyib. O qeyd edib ki, strateji əməkdaşlıq imkanlarının artdığı müasir şəraitdə ölkələr arasında beynəlxalq və regional müstəvidə işbirliyinin milli maraqlar çərçivəsində daha da genişləndirilməsi və dərinləşdirilməsi zəruridir.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi, bölgədə sabitliyin qorunub saxlanması, regional və beynəlxalq əlaqələrin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti