Rusiya-Türkiyə davasında Azərbaycanın mövqeyi

Rusiya-Türkiyə davasında Azərbaycanın mövqeyi
  27 Noyabr 2015    Oxunub:4412
Son günlər Türkiyə ilə Rusiya arasında yaranan diplomatik qalmaqal pik həddə çatıb. “Su-24” hərbi təyyarənin Türkiyə tərəfindən Suriya ilə sərhəddə vurulmasından sonra başlayan skandal Azərbaycan da ciddi narahatlıqda qarşılanıb. Hər iki ölkə ilə dost, müttəfiq olan Azərbaycan Moskva-Ankara davasına öz münasibətini bəyan edib.

Azərbaycan hakimiyyətindən ilk reaksiya Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdan gəlib. PA rəsmisi “twitter” səhifəsində qeyd edib ki, Türkiyə-Rusiya əlaqələrinin gərginləşməsinə Azərbaycan təəssüf edir.

“Türkiyə bizim ən yaxın müttəfiqimizdir. Rusiya da bizə çox yaxın dost ölkədir. Hər iki ölkə ilə əlaqələrimiz ən yüksək səviyyədədir. Azərbaycan çox istəyir ki, dostları arasında heç bir qarşıdurma olmasın. Azərbaycan gərginliyin azalması işinə öz töhfəsini verməyə hazırdır,” - deyə N. Məmmədov əlavə edib.

Azərbaycanın baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov də son günlər Türkiyə ilə Rusiya arasında yaranmış gərgin münasibətləri şərh edib.

İqtidar təmsilçisi vurğulayıb ki, Azərbaycan cəmiyyəti, bizim hər birimiz, hər bir vətəndaş son günlərdə məlum insidentlə əlaqədar Türkiyə ilə Rusiya arasında münasibətlərin gərginləşməsindən təəssüfləndiyini və narahat olduğunu bildirir.

Türkiyənin bizim üçün qardaş və strateji müttəfiq ölkə olduğunu vurğulayan Əli Əhmədov deyib: “Rusiya da Azərbaycanın yaxın qonşusudur, ölkələrimiz arasında hərtərəfli sıx dostluq əlaqələri mövcuddur. Azərbaycanın həm Türkiyə, həm də Rusiya ilə əlaqələrinin böyük tarixə malik olduğunu ayrıca vurğulamağı lazım bilirəm. Azərbaycana dost ölkələrin arasında qarşıdurmanın yaranmasını və dərinləşməsini arzu etmirik. Biz mümkün qədər tezliklə hər iki ölkə arasında gərginliyin aradan qaldırılmasının tərəfdarıyıq. İnanıram ki, bu, bütün tərəflərin maraqlarına cavab verir, habelə bölgədə xoşagəlməz proseslərin qarşısını almağa xidmət göstərə bilər.

Qəti əminliklə demək istəyirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə Rusiya arasında yaranmış arzuolunmaz gərginliyin tezliklə aradan qaldırılması naminə hər iki ölkə ilə dostluq münasibətləri çərçivəsində xidmətlərini təklif etməyə, zəruri addımlar atmağa hazırdır”.

AzVision.az


Teqlər:  





Xəbər lenti