Azərbaycanda 5 min `drujinaçı` var - ÖZƏL

Azərbaycanda 5 min `drujinaçı` var - ÖZƏL
  26 Noyabr 2015    Oxunub:5220
“Polis-vətəndaş münasibətləri əhali tərəfindən polisə olan etibarın və etimadın yüksəldilməsinə xidmət edir. Bu gün polisin ictimaiyyətlə əlaqələrinin möhkəmləndirilməsi, vətəndaşların polisə baxışlarının dəyişməsinə, polis əməkdaşlarına əsl mənada onları qoruyan şəxs kimi baxmalarına səbəb olub və nəticədə onlar tərəfindən polis işinə kömək və dəstək verilməkdədir”.

Bunu AzVision.az-ın sorğusuna cavabında DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov deyib.

Rəis müavini bildirib ki, son illər DİN sistemində ictimaiyyətlə, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin hərtərəfli möhkəmləndirilməsi,insanların hüquq və azadlıqlarının təmini məqsədilə mühüm funksional və struktur dəyişiklikləri aparılıb, polis sahə inspektorlarının ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsində rolunun artırılması istiqamətində bir sıra əlavə tədbirlər görülüb: “Ölkədə aparılan hüquqi islahatlar, normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı polis sahə rəislərinin və inspektorlarının profilaktika,vətəndaşların qəbulu, müraciətlərinə baxılması, ictimai şuralar və digər sahələr üzrə vəzifə və funksiyaları müəyyən edən hüquqi baza yaradılıb. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini işində vətəndaşların könüllü iştirakı ilə bağlı Daxili İşlər Nazirliyinin müvafiq əmrlərinin icrası nəzarətdə saxlanılır. Polis sahə məntəqələrində İctimai Şuraların formalaşması və onların fəaliyyətinin müəyyən edilmiş qaydalara uyğun təşkili günbəgün genişlənməkdədir. Şuraların işi qanunçuluğa, vətəndaşların hüquq və azadlıqlarına riayət olunması, insanların şərəf və ləyaqətinə hörmət edilməsi, habelə könüllülük prinsiplərinə uyğun qurulur. İctimai Şuraların daha səmərəli fəaliyyətinin təmin edilməsi üçün onların nümunəvi strukturları müəyyən edilib. Həmin strukturlara hüquqi təbliğat, ümumi profilaktika, gənclər və yetkinlik yaşına çatmayanlarla iş, təhsil müəssisələri, mənzil-istismar sahələri ilə qarşılıqlı əlaqə qrupları daxil edilib”.



H.Eyvazovun sözlərinə görə, müəyyən olunmuş qaydalara əsasən İctimai Şuralar polis orqanlarının strukturunda olan hər bir inzibati sahədə yaradılır və Şura üzvlərinin seçim tərkibi xüsusi əhəmiyyət kəsb etdiyinə görə ilk növbədə şura üzvlüyünə ərazidə daha çox hörmətə və nüfuza malik olan şəxslərdən seçilməsini nəzərə alaraq,bu günə kimi 5000-ə yaxın vətəndaş İctimai Şura üzvlüyünə qəbul edilib:

“Ailə-məişət zəminli və digər hüquqpozmalara görə profilaktik uçotda olan, eləcə də yetkinlik yaşına çatmayanlar tərəfindən törədilə biləcək cinayətlərin profilaktikası sahəsində görülən işlərə İctimai Şura üzvləri daha geniş cəlb edilirlər. Bu məqsədlə şəhər, rayon polis orqanlarının ictimai təhlükəsizlik xidmətlərinin, o cümlədən polis sahə rəisləri və inspektorlarının İctimai Şuralarla birgə fəaliyyəti tərəfimizdən mütəmadi olaraq təhlil edilir, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları müəyyən olunaraq, ərazi polis orqanlarına əməli köməkliklər göstərilir, icmal-arayışlar, göstərişlər hazırlanaraq yerlərə göndərilir. Bir çox hallarda hörmət və nüfuz sahibi olan İctimai Şura üzvlərinin hüquq pozuntusuna yol vermiş şəxslərlə fərdi söhbətlər aparması, məsləhət verməsi, bəzi hallarda isə bir ağsaqqal kimi öz iradlarını bildirməsi həmin şəxslərin düzgün yola qayıtmalarına, münaqişəli tərəflərin normal münasibətlərinin bərpasına köməklik göstərir”.

Rəis müavini qeyd edib ki, Şura üzvlərini cəlb etməklə çətin tərbiyə olunan uşaqların islah edilməsi, övladlarına qarşı nəzarətsizliyə və baxımsızlığa yol verən valideynlərlə profilaktik söhbətlərin aparılması, təhsil müəssisələrində yetkinlik yaşına çatmayanlarla iş üzrə xidmətin əməkdaşları ilə birgə müxtəlif mövzularda görüşlərin və digər ümumi profilaktik xarakterli tədbirlərin keçirilməsi yeniyetmələr arasında hüquq pozuntularının qarşısının alınmasına öz müsbət təsirini göstərir: “İctimai təhlükəsizliyin təmini sahəsində polis-vətəndaş əlaqələrinin möhkəmləndirilməsində, əhali arasında tərbiyəvi-hüquqi maarifləndirmə və təbliğat işinin aparılmasında fəal iştirak etmələri nəzərə alınaraq İctimai Şura üzvlərinin bir qrupu DİN-in “Fəxri Fərmanı” və pul ilə mükafatlandırılıb. Artıq Bakı şəhərində, eləcə də respublikanın bəzi şəhər və rayonlarında İctimai Şuraların fəaliyyəti ilə bağlı müsbət iş təcrübəsi də əldə edilib. Hazırda Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən bu təcrübə öyrənilir və çalışırıq ki, respublikamızın bütün regionlarında şuraların işinin daha da fəallaşdırılması üçün konkret tədbirlərin həyata keçirilməsini təmin edək”.

Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti