Azad Rəhimov “Bakı-2015”lə bağlı hesabat verdi

Azad Rəhimov “Bakı-2015”lə bağlı hesabat verdi
  22 Noyabr 2015    Oxunub:1843
Çexiyanın paytaxtı Praqada Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyası keçirilib.
Assambleyada ölkəmizi gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva və digər şəxslər təmsil ediblər.

Baş Assambleyanın birinci günündə “Bakı-2015” birinci Avropa Oyunları və bu mötəbər idman yarışının nəticələri müzakirə olunub.

Assambleyanın açılışında çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax birinci Avropa Oyunlarının yüksək səviyyədə və çox böyük uğurla keçirildiyini vurğulayıb.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki “Bakı-2015”in bu ilin ən uğurlu idman hadisəsi olduğunu qeyd edib. O, Oyunların möhtəşəmliyini, dünya standartlarına uyğun təşkilini, “Bakı-2015”in keçirilməsində əməyi olan hər kəsin, xüsusilə könüllülərin peşəkarlığını və vətənpərvərliyini xüsusi qeyd edib.

AOK-un baş katibi Rafaello Paqnotsi və İcraiyyə Komitəsinin üzvü Zlatko Matesa da çıxışlarında birinci Avropa Oyunlarında əldə edilmiş uğurlardan və ümumiyyətlə, “Bakı-2015”in Avropanın idman tarixində yeni səhifə olduğundan söz açıblar.

A.Rəhimov birinci Avropa Oyunlarının yekun hesabatını təqdim edib. Nazir Oyunlarla bağlı statistik rəqəmləri, yarışların ölkəmiz və Avropa üçün əhəmiyyətini diqqətə çatdırıb. O, birinci Avropa Oyunlarına hazırlıq üçün cəmi 2 il yarım vaxt ayrılmasına baxmayaraq, ölkəmizin yüksək təşkilatçılıq nümayiş etdirərək qısa müddətdə bu yarışlara ən mükəmməl şəkildə ev sahibliyi etdiyini bildirib. Nazir növbəti Avropa Oyunlarını keçirəcək ölkəni hazırlıq prosesi zamanı Azərbaycanın təcrübəsindən yararlanmağa çağırıb.

Sonra birinci Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Videoçarxın nümayişindən sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilə bağlı gözəl xatirələrdən hər kəsin təsirləndiyini qeyd edib. O, müasir və inkişafda olan ölkəmizin hər bir avropalı üçün yenidən kəşf edildiyini xüsusi vurğulayıb.


Teqlər:  





Xəbər lenti