Dövlətsiz müxalifət fəlakəti

Dövlətsiz müxalifət fəlakəti
  20 Noyabr 2015    Oxunub:5015
Tural İsmayılov

Umberto Eko anlayışlar üzrə manipuliyasiya çağının ən böyük təhlükəsini insan zəkasının yönəldilməsi üzərində görürdü. İnsan zəkasının kökündə dayanan həssas anlayışları tapmaq və bunun üzərindən siyasi konfiqurasiyalar qurmaq politologiyaya görə adi sayılırsa, etik-fəlsəfi konsepsiyaların Kantdan bu yana əxlaqi qüsur hesab etdiyi bir şeydir.


Nəzərə alsaq ki, daim öz vətəninin istismarçılar qarşısında müdafiəsinə görə qan axıtmış bir Şərq dünyasında bu cür mövzular necə həssasdır, onda əl altı rolunu oynayan siyasi qurumların da istinad nöqtəsi heç şühəsiz vətən, millət, dövlətçilik mövzuları olur.

Özü də bu təkcə siyasət üçün adi hal alan bir xarakteristika modeli də sayılmamalıdır. Baxmayaraq ki, insanlar dünyanın təkamülü üçün ciddi elmi mübarizə yolu keçiblər, bu, tarixin hər anı üçün adi hal idi.

Maks Plank buna görə fizik həmkarlarının qeyri-ciddi nəzəriyyələrin uzun illər fizikada hökm sürdüyünə inanırdı. Mariya Küri söz sahibi bir kimyaçı kimi tanınmağı üçün uzun illər çabalamasının səbəbini də digər kimyaçıların və hətta bioloqların elmi simpoziumlarda insanları narahat edən qadın məsələsini ön plana çəkməyində görürdü.

Bütün bunlardan uzun əsərlər öncə Antik Yunan fəlsəfəsində Aristotel isə məsələni daha konkret qoyurdu. İnsanların ehtiyatlı davrandığı hər mövzunu istifadə edərək insanlarda rəğbət qazanma cəhdləri uğursuz siyasi ambisiyaların real həqiqət kimi ayaqda qalmağına səbəb olurdu.

Amma bir şeyi undurlar ki, 21-ci əsr insanının təfəkkürü öncəki kimi deyil. Texnogen era və informasiyaların məlumat bolluğu çərçivəsində insanlar əvvəlki kimi rahat inanmır. Daha insanlar heç idealist də deyil ki, onları Hegelsayağı müddəalarla aldada biləsən. Modern Şərq insanı daha rasional və praqmatikdir.

Feyerbaxın zəkalı insanı bu çağın sakinləridir. Çoxlu xəbərlər külliyatı içərisində başımızı itirməmək üçün dirəniş göstəririk, anlayırıq ki, dəhşətli rasional bir gələcək yetişir və bütün sıxıcı, dar düşüncəli siyasi oyunbazlar səhifələrin içərisində qalaq-qalaq tozlara qərq olacaq.

Fəlsəfi fikir tarixində həmişə dövlət və dövlətçilik məsələləri, fərdin dövlətlə münasibətləri fikir axınlarının əsas diqqət mərkəzində olmağa nail oldu. Fransız maarifçisi Monteskiyonun “Qanunların ruhu” əsərindəki fərd və idarə etmə münasibətləri üç formada analiz olunur. Cümhuriyyət, monarxiya və istibdad münasibətləri təhlil olunur. Monteskiyoda fərd və dövlət bir uzlaşma halındadır. Psixologiyada idarəetmə ilə bağlı Erix Fromm tezislərini Monteskiyonun ardıcılı hesab edirəm. Fərdin gücü qanunların gücündən, qanunların gücü iqtidarın sabitliyindən, iqtidarın sabitliyi isə dövlətin varlıq möhkəmliyindən asılıdır. Kövrək dövlətçilik platforması savaş kartellərinin ilkin hədəfidir, buna görə dövlət öz mənafeyi üçün cəzalandırma mexanizmlərini tətbiq etməkdən çəkinməməlidir.

Bir az fərqli mövqe Con Lokkda mövcuddur. Tamamilə liberalizm və mütləq fərdiyyətçilik səfsəfəsinə inansa da, bizim anladığımız neoliberal qəsbkarlıq ideyalarından Lokkun fikirlərində bir abzas belə tapa bilmərik. İnsanların təbii və təkamül nəticəsində formalaşan haqqları Lokk məktəbinin tərəfdarları üçün əsas idi. Amma məsələnin maraqlı tərəfi burasındadır ki, həmin dövrün liberalizm nəzəriyyəçilərində insan haqqları dövlətdən daha önəmli sayılmır. Özünə insanpərvər, humanizm tərəfdarı, insan hüquqlarının avanqardı kimi yanaşan bir çox adamlar indi Con Lokkun adını çəksə də əminəm ki, bir çoxu dövlət məsələsindəki həsssasiyyəti ya dərk etmir, ya da dərk etdiyi halda bu məsələ üzərindən manevrlər etməyi daha asan bir şey sanır.

Hər şeyin yanlış qavrayışı axırda fikir vakuumunu törədir. Və bu məsələdən faydalanan ancaq hay-küy müxalifəti olur. Şüar və meydandan başqa heş nəyi olmayan müxalifət indi sol meyilli insan qrupları üçün də maraqlı deyil. Savadsız müxalifətin ən böyük silahı isə sosial problemlər üzərindən dövlətçilik məsələsində hay-küy salma taktikasıdır.

Siyasət fəlsəfəsinin təməl qavramları Azərbaycan da daxil olmaqla bir çox Şərq ölkələrinin müxalifəti üçün yaddır. Siyasət fəlsəfəsi üçün anlayışlar birinci-əsas və ikinci-daha sonrakı olmaq üzərər iyerarxik təsvir edilir. Siyasət fəlsəfəsinin əsas qaynağı hansısa məhbusların üzərindəki siyasi gedişlərdən çox dövlətin gərəkliliyi, dövlət vətəndaş münasibətləri və dövlətin məsuliyyəti anlamlarının təhlilidir. Azərbaycanda isə müxalifət dövlətçilik prinsiplərindən nə qədər uzaq olduğunu yaxşı nümayiş etdirir. Dövlətin mütləqliyinə inandığını söyləyən bir neçə radikal müxalif partiyalar və siyasi təşkilatlar üçün seçki zamanı istifadə edilən sloqan kültüründən başqa heç nə ifadə etmir dövlətin önəmi. Daha çox anarxist və nihilizm qoxulu sövdələşmələrlə diqqətdə qalırlar nədənsə.

Platon dövləti təbii bir qurum sayırdı. Aristoteldə olduğu kimi. Yəni, mübarizə və yaşamnaq üçün insanların təlatüm və acılardan xilas olmağı naminə dövlət güclü olmalıdır. Dövlətin varlığı üzərinə ən böyük məsuliyyəti iqtidar daşımağı bacarırsa, onda nəyə görə rəngarəng, yarım qrup siyasi birliklərdən yaranan hansısa çəkisiz təşkilatlar şans tanımalıdır ki xalqlar? Azərbaycanda radikal müxalifət maraqlar fonundan tamam asılıdır. Ona görə onların çox az kütləsi var. Alternativ olmağı bacaran sağlam müxaliflər indi də parlamentdə təmsil olunur təbii ki.

Siyasətin mənzərəsi indi konkretdir. Yalnız hansısa dar qruplar üçün bu maraqsız kimi görünə bilər, amma faktiki olan mənzərə, dünyadakı hadisələr göstərir ki, iqtidar bəzən birbaşa dövlət demək olur.

Bunun fərqinə varan Azərbaycan xalqı marjinal, sıxıcı cəbhə-müsavat tandemini birdəfəlik öz az sayılı çevrələrinə məhkum etdi.

P.S. Dövlətçilik bizim hər birimizin ailəsinin mövcudluğu üçün də əsas ideyadır, dövlətsiz olmaq, ya da dövləti sadəcə lazım olanda müdafiət etmək indi heç kimi aldatmağa qadir deyil.

P.P.S. Azərbaycan radikal müxalifəti indiki halıyla Viktor Hüqonun pessimistik romanlarının obrazı olmağa belə qadir deyil.


Teqlər:





Xəbər lenti