ANS-MTRŞ davasına tanınmışlardan Reaksiya

ANS-MTRŞ davasına tanınmışlardan Reaksiya
  09 Oktyabr 2015    Oxunub:5768
Milli Televiziya və Radio Şurası ilə ANS telekanalı arasında başlayan qalmaqal pik həddə çatıb. ANS MTRŞ-nı qərəzli mövqe tutmaqda, qarşı tərəf isə telekanalı pornoqrafiyada suçlayır. Qalmaqalın miqyası o qədər böyüyüb ki, sosial şəbəkələrdə də bu mövzu ətrafında ciddi müzakirələr aparılır.

TV ilə MTRŞ arasında davam edən skandala tanınmışlar da münasibət bildirib.

Tanınmış şair Aqşin Yenisey AzVision.az-a deyib ki, istər ANS-in, istərsə digər özəl kanalların reytinq uğrunda bir-biriylə apardığı mübarizə hərdən adamda belə bir fikir formalaşdırır ki, bu telekanalların “ictimai beyni” tamaşaçıların əksəriyyətinin küçə uşağı səviyyəsində olduğunu zənn edir. Ona görə də bəzən ədəbiyyata, mediaya ictimai-inzibati nəzarəti təqdir etməmək olmur:

“Adətən, televiziyalar, media orqanları özünümüdafiə zamanı oturuşmuş Qərb mediativ dəyərlərini nümunə göstərirlər. Ancaq görünən mənzərə budur ki, bu dəyərlər yeni dövlətlərin qurulan cəmiyyətləri, nəinki formalaşdırır, əksinə, olan-qalan mənəvi mirası da vurub dağıdır. Bu gün MTRŞ-nın bağladığı verilişlərin dövriliyini qorumaq üçün indi hay-küy salmaqdansa, vaxtına istedada və peşəkarlığa pul xərcləmək lazım idi”.



“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə hesab edir ki, ANS həmişə mətbuata qarşı olub və hər zaman kütləvi mətbuatın xüsusilə media sektorunun, yazılı mətbuatın çökdürülməsi istiqamətində əlindən gələni edib.

“Baxmayaraq ki, ANS çətinə düşəndə şəxsən dəstək vermişəm. Lakin ondan sonra Vahid Mustafayev, Mirşahin Ağayev məni məhkəməyə verib, “Yeni Musavat” qəzetini 200 min manata kimi cərimə elətdiriblər. Bir sözlə, düşmən mövqeyi sərgiləyiblər. Milli Televiziya və Radio Şurasının da Azərbaycan xalqına, eləcə də “Yeni Musavat” qəzetinə heç bir faydası yoxdur. Tam əksinə, zərəri var. Mən həbsdə olanda belə, onlar məni məhkəməyə veriblər. Mənimlə düşmən vəziyyətindədirlər”.

Baş redaktor MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin Xoşqədəm Hidayətqızı ilə şəxsi intriqasının olduğunu və bu səbəbdən də belə qərəzli addım atdığını deyir.



Media üzrə ekspert Qulu Məhərrəmlinin sözlərinə görə, MTRŞ-nin öz səlahiyyətlərini yerinə yetirməyə başlaması müsbət haldır, amma televiziya kanalına qarşı belə sərt qərar verməsi yaxşılığa doğru heç nə vəd etmir.
Ekspert hesab edir ki, televiziyaya qarşı bu cür şiddət nümayiş etdirmək açıq-aşkar qərəzdən xəbər verir: “Düşünürəm ki, televiziyalarla Milli Televiziya və Radio Şurası arasında qarşılıqlı etimada əsaslanan münasibət olmalıdır. Qarşıdurma heç bir halda nə üst qurumu, nə də televiziya kanalını yaxşılığa doğru aparmır. Hesab edirəm ki,qarşılıqlı anlaşma olmalıdır.



Televiziya bilməlidir ki, bu iradlar doğrudur, MTRŞ da ədalətli iradlar tutmalıdır. Doğrudur, MTRŞ-nın iradlarında da həqiqət var. Amma elə verilişlər var ki, onları bağlamaq düz deyil. Məsələn, “Salam Azərbaycan” gündəlik və auditoriya toplayan proqramdır. Ən azından iradlar tutmaq, tövsiyyələr vermək, qarşılıqlı görüşlər keçirmək olar. Məqsəd tamaşaçıya keyfiyyətli verilişlər göstərməkdir. Hər şey bu məqsədə yönəlməlidir. Əgər bu fəaliyyət, sanksiyalar, cəzalar digər telekanallara qarşı yönəlsə, yaxşı nəticə verməyəcək. Televiziyalar da anlamalıdırlar ki, artıq bu cür sanksiyalar tətbiq olunur. Həm qanunauyğun şəkildə fəaliyyət göstərməlidirlər, həm də MTRŞ ilə münasibətləri normal hala gətirməlidirlər. Əks halda çox çətin olacaq”.

Millət vəkili Aqil Abbas da MTRŞ ilə ANS arasında yaşanan qalmaqala münasibət bildirib. Deputatın sözlərinə görə, hər iki tərəf özünü haqlı göstərməyə çalışır.



“Adı çəkilən verilişlərin heç biri bağlanmayıb. Biri var tamamilə bağlamaq, biri var bir ay müddətində dayandırmaq . MTRŞ-da tövsiyyə edib ki, həmin verilişlərdəki səhvlər yığışdırılsın. Bununla bağlı onlar arasında söhbət olub. Milli Televiziya və Radio Şurasının da bəyanatı mətbuatda dərc olunub. Təbii ki, Mətbuat Şurası da saytlara qarşı da belə bir iddia qaldıra bilər. Sizdə bununla razılaşmayıb onlara qarşı iddia qaldırıb məhkəməyə verə bilərdiniz. ANS telekanalı, hər kəsin sevdiyi televiziya kanallarındandır. Həmin televiziyanın da hüququ var ki, MTRŞ-nın iradları ilə razılaşmayıb onları məhkəməyə versin. Mirşahin Ağayev bu hüququndan istifadə edib. Son qərarı yenə məhkəmə verəcək. Burada qeyri-adi heç nə yoxdur”- A.Abbas vurğulayıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti