Dünya əhalisinin 9,6 faizi yoxsuldur

Dünya əhalisinin 9,6 faizi yoxsuldur
  07 Oktyabr 2015    Oxunub:1644
Cari ilin sonunadək dünyada çox yoxsul yaşayan insanların sayı 702 milyon nəfər təşkil edəcək ki, bu da dünya əhalisinin ümumi sayının 9,6 faizi deməkdir. Halbuki 2012-ci ildə yoxsul yaşayanların sayı 902 milyon təşkil etmişdi. Son 25 ildə yoxsulluğun durmadan azalması bəşəriyyəti tarixi məqsədə - yoxsulluğu 2030-cu ilədək aradan qaldırmaq məqsədinə yaxınlaşdırır.

AZƏRTAC BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, Dünya Bankının yeni tədqiqatında belə deyilir.

Bankın ekspertləri bildiriblər ki, dünyada vəziyyətin təhlili zamanı onlar yoxsulluq həddinin yeni beynəlxalq göstəricisinə (bir gün üçün 1,90 ABŞ dolları) istinad ediblər. Bu göstərici müxtəlif ölkələrdə dolanışıq qiyməti fərqləri barədə yeni informasiya nəzərə alınmaqla hesablanıb. Onların sözlərinə görə, əvvəlki yoxsulluq həddi (2005-ci ilin qiymətləri ilə bir gündə 1,25 ABŞ dolları) kimi yeni yoxsulluq həddi də dünyanın ən yoxsul ölkələrində real alıcılıq qabiliyyətinin səviyyəsini əks etdirir.

Dünya Bankı Qrupunun prezidenti Cim En Kim bildirib ki, dünyada yoxsulluğun miqyasının xeyli azalması son illər inkişaf etmiş ölkələrdə müşahidə olunan yüksək artım sürəti, habelə təhsilə, səhiyyəyə və sosial müdafiə layihələrinə yatırılan investisiyalarla bağlıdır. Dünya Bankının başçısı deyib: “Bu, dünya üçün ən yaxşı xəbərdir. Proqnozlar göstərir ki biz bəşəriyyət tarixində birinci nəsilik ki, ifrat yoxsulluğa son qoya bilərik. Yoxsulluğun səviyyəsinin birrəqəmli ədədlərlə ifadə olunan səviyyəyə qədər azalmasını göstərən bu yeni proqnoz bizim üçün yeni stimul olmalıdır və diqqətimizi ifrat yoxsulluğun aradan qaldırılmasının ən səmərəli strategiyaları üzərində daha çox cəmləməyimizə kömək etməlidir”.

Cim En Kir bildirib ki, yoxsulluqla mübarizə çox mürəkkəb məsələdir, xüsusən, dünyada iqtisadi artımın yavaşıdığı, maliyyə bazarlarında qeyri-sabitlik müşahidə edildiyi, münaqişələr, gənclər arasında işsizlik və iqlim dəyişmələrinin getdikcə daha çox hiss olunduğu dövrdə.

Yoxsulluq bütün regionlarda azalır, amma münaqişələrə bürünən, eləcə də xammal ixracından həddindən artıq asılı olan ölkələrdə getdikcə daha dərin kök salır. Hazırda dünyanın yoxsul əhalisinin yarısı Böyük Səhradan cənubda yerləşən Afrika ölkələrinin payına düşür.


Teqlər:





Xəbər lenti