Çingiz Abdullayevdən sensasion açıqlama

Çingiz Abdullayevdən sensasion açıqlama
  04 Sentyabr 2015    Oxunub:3933
“Mən 2 həftə Azərbaycanda olmamışam. Axmaq-axmaq xəbərlər yazırlar ki, Çingiz Abdullayev kimdənsə küsüb, futbola gəlmir. Hamısı yalandır”.
Bu sözləri mətbuata açıqlamasında “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

Mətbuatda haqqında yazılan yazılardan narazılıq edən Abdullayev Azərbaycanda olmamağının səbəbini açıqlayıb.

O bildirib ki, ölkəni tərk etməklə Azərbaycan futbolunun cəzalandırılmasının qarşısını alıb: “Oğlumun ad günü idi, onun yanına İngiltərəyə getmişdim. Bu müddətdə nələr yazıblar? Bunu birinci dəfə rəsmi olaraq, sizə deyirəm. Azərbaycanda bu yaxınlarda hansı faciənin olduğunu bilirsiz. Jurnalisti öldürüblər. Amma bilmirsiz, bunun əsası nə olub? Hər yerdə eşidiblər ki, bu hadisə futbolla bağlıdı. Mən Azərbaycan Penklubunun prezidentiyəm. Penklub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdı. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda Penkluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar.

İndi eyni məsələ jurnalisti öldürəndən sonra oldu. Beynəlxalq Penklub məndən tələb etdi ki, Azərbaycan Penklubun rəhbəri kimi müraciətə qol çəkməliyəm ki, Azərbaycan klubları 3 illik beynəlxalq oyunlardan kənarlaşdırılacaqlar. Təbii ki, birinci növbədə “Qəbələ”ni və bəlkə də, “Qarabağ”ı oyunlara buraxmayacaqdılar. Təcili zəng vurdum AFFA-ya, Elşad Nəsirovu tapdım. Yaxşı ki, həmin vaxt Rövnəq Abdullayev, Elxan Məmmədov və Nəsirovun özü Tiflisdə idilər, Superkubok oyununu izləməyə getmişdilər. Elə orda məsələni müzakirə etdilər və mənə zəng vurub dedilər ki, tez get o Penkluba və izah et ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalisti öldürən şəxsi həbs ediblər. Dedilər bunu başa sal ki, müraciət qəbul olunmasın.

Biz hamımız bilirik ki, UEFA-nın prezidenti Mişel Platini FİFA prezidenti olmaq istəyir. Təbii ki, o, beynəlxalq Penklubla üzləşmək istəməzdi və bu müraciət qəbul olunsaydı, Platini qərar çıxarardı ki, Azərbaycan klubları 3 illik Avropaya buraxılmasınlar. Düşünürəm ki, Azərbaycan futbolu üçün böyük iş gördük. Gedib müraciətin qəbul olunmasına imkan vermədik. Başa saldıq ki, bu, faciədir, Aəzrbaycan futbolunda ənənə deyil”.

Abdullayev əlavə edib ki, daha sonra Fransaya səfər etməli olub: “Avqustun 30-da isə Fransada böyük kitab bayramı keçirdilər. Azərbaycandan fəxri qonaq kimi məni çağırmışdılar. Həmin tədbirə neçə-neçə prezident və kral gəlmişdi. Hesab etdim ki, mütləq orda iştirak etməliyəm”.


Teqlər:





Xəbər lenti