“İŞİD siyasi sifarişləri yerinə yetirir” - Mübariz Qurbanlı

“İŞİD siyasi sifarişləri yerinə yetirir” - Mübariz Qurbanlı
  03 Sentyabr 2015    Oxunub:3690
“ “İŞİD” deyilən qrupun İslama heç bir aidiyyatı yoxdur. Onlar yalnız siyasi sifarişləri, geopolitik maraqları yerinə yetirirlər. Bu istiqamətdə cəza tədbirlərinin sərtləşdirilməsinə ehtiyac var ”.
AzVision.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Lider” televiziyasının sualını cavablandırarkən belə deyib.

Komitə sədri bildirib ki, İslamın bütövlükdə bütün mərkəzlərində, tanınmış İslam mücahidləri, müştehidləri və alimləri tərəfindən bu cür qruplaşmalar pislənilir. Çünki, bu qruplaşmalar əslində İslamı terrora bağlamaq istəyənlərin əlində bir dəstəvuz rolunu oynayır.

Mübariz Qurbanlı Dövlət Komitəsi tərəfindən azərbaycanlı gənclərin dini radikalizmin və ekstremist təşkilatların təsiri altına düşməməsi üçün 3 istiqamətdə - hüquqi, ideoloji və iqtisadi müstəvidə mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib.

Komitə sədrinin sözlərinə görə, ideoloji müstəvidə gedən mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər ideoloji sahə ilə bağlı olan nazirlik və qurumlarla birgə fəaliyyət göstərir: “Burada əsas məqsəd maarifləndirmədir. İslami dəyərləri olduğu kimi cəmiyyətə təbliğ və təşviq etməliyik. Bu cür təbliğ və təşviqlə islami dəyərlərdən uzaqlaşaraq bu və digər dini radikal qrupların təsirinə düşən gəncləri həmin yoldan çəkindirmiş oluruq”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti