Taksi sürücüləri: `Yaxşı ki, `ASAN Xidmət` var...` – FOTOLAR

Taksi sürücüləri: `Yaxşı ki, `ASAN Xidmət` var...` – FOTOLAR
  02 Sentyabr 2015    Oxunub:5752
“ASAN Xidmət” elə bir yerdir ki, orada hansısa süründürmədən, rüşvətdən söhbət gedə bilməz…”.

Xəbər verdiyimiz kimi, avqustun 31-də Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb.
Ölkə başçısının fərmanı “ASAN Xidmət”in fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda xidmətlərdə zaman və proseduraların kəskin qısaldılmasına səbəb olacaq.
Fərmanla “ASAN Xidmət”in səlahiyyətləri artırılıb. Belə ki, sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və fərqlənmə nişanını bundan sonra “ASAN Xidmət” mərkəzlərindən əldə etmək mümkün olacaq.
Əvəllər birbaşa Nəqliyyat Nazirliyindən bu sənədləri alan sürücülər artıq “ASAN Xidmət”-ə müraciət edəcəklər. Bu isə indiyədək bir sıra çətinliklərlə üzləşən sürücülərin işini xeyli asanlaşdıracaq.

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan sürücülər prezidentin bu qərarını alqışla qarşılayıblar.
AzVision.az-ın əməkdaşları sürücülərlə söhbətləşib, yeniliklə bağlı fikirlərini öyrənib.

İlk olaraq “28 May” metrostansiyası yaxınlığında sürücülük edən Kamala yaxınlaşdıq.
O prezidentin fərmanından xəbərdar olduğunu bildirərək “ASAN Xidmət”in fəaliyyətindan razılığını ifadə edib.



“Mən hər ay Nəqliyyat Nazirliyinə 57 manat pul verirəm. Halbuki, hər ay qanuna görə fərqlənmə nişanına 18 manat pul ödəməliyəm. İnşallah bundan sonra 18 manat pulumuzu ödəyərik. Qalanını da cibimizə qoyarıq. Yaxşı ki, ölkəmizdə “ASAN Xidmət” var”.

Daha sonra həmsöhbətimizdən bir az kənarda dayanaraq müştərilərini gözləyən Nəsimi dayıya yaxınlaşdıq.

““Fərqlənmə nişanlarının “ASAN Xidmət”ə verilməsini dünən ele sürücülərdən eşitdim. Bunun nəyi pisdir ki, yaxşı işdir. Ümid edirik ki, Nəqliyyat Nazirliyinin əməkdaşları daha bizdən aylıq 57 manat ala bilməyəcəklər. Yazılı nədirsə, onu da ödəyəciyik, vəssalam. Əvəllər “Kapital Bank”a 18 manatımızı ödəyib, çekimizi götürürdük. Sonradan nazirlik qayda-qanunu dəyişib, qiyməti 57 manat elədi.
Ölkə başçısı sağ olsun ki, bu səlahiyyəti “ASAN Xidmət”ə verdi. “ASAN Xidmət”də rüşvət yoxdur, təmiz, şəffaf işləyir. Bundan sonra inanırıq ki, bizi rahatlıqla sənədimizi alıb, işləyəcəyik. Bundan əvvəlki kimi süründürməçiliyə məruz qalmayacağıq.
“ASAN Xidmət” Azərbaycanın brendidir. Əminəm ki, orada hər şey qanuna uyğun olacaq. Daha 57 manat deyil, 18 manat ödəyəcəyik”.



Fərmanla bağlı yeniliyi bizdən eşidən digər sürücü Arif isə həmkarları kimi bu qərara sevindiyini deyib:“Bundan sonra 18 manat dövlət rüsumunu verib, “ASAN Xidmət”də fərqlənmə nişanını alacağıq. Qalan pulumuz da cibimizdə qalar. Daha indiki kimi hər ay 57 manat ödəmərik.
“ASAN Xidmət” elə bir yerdir ki, orada hansısa süründürmədən, rüşvətdən söhbət gedə bilməz. Mən özüm neçə dəfə ora başqa işlərlə bağlı getmişəm, heç 10 dəqiqə keçməmiş həll edib çıxmışam. Mənim narahatlığım ondandır ki, söz də deyirik ki, 150 AZN ödəyib, 5 illik lisenziya alırıq. Ancaq o qədər şərtlər olur ki?”.



Şahanə Rəhimli
Fotolar: Elvin Abdulla


Teqlər:  





Xəbər lenti