İlham Əliyev işimizi necə ASANlaşdırır?

İlham Əliyev işimizi necə ASANlaşdırır?
  01 Sentyabr 2015    Oxunub:8361
İllər öncə hansısa idarənin qapısını döyüb, vacib bir sənədi rahatlıqla əldə etmək xəyal kimi görünərdi. Günlərlə uzun növbələr, həftələrlə get-gəllər, süründürməçilik, aylarla baxılmamış müraciətlər və sonda narazılıq...

İndi bütün bunlar geridə qalıb. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra vətəndaşların işləri xeyrli asanlaşıb. Artıq insanlar onlara lazım olan sənədləri “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ən qısa vaxtda əldə edə bilərlər.

Ötən gün Prezident İlham Əliyevin “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” imzaladığı fərmanla “ASAN xidmət”in səlahiyyətinin artırılması xidmətin şəffaf fəaliyyətindən xəbər verir.

Prezidentin imzaladığı sənəd həm vətəndaşlar, həm də sahibkarlar üçün yeni elektron xidmətlərin tətbiqini nəzərdə tutur.

Prezidentin fərmanı ilə hansı işlərimiz asanlaşdı?



1.Yaşayış yerində qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi: Vətəndaşlar bir çox xidmətlərdən istifadə edərkən idarə, müəssisə və təşkilatlar tərəfindən onlardan yaşayış yerində qeydiyyatda olan şəxslər haqqında arayış tələb edilir. Həmin arayış Mənzil-Kommunal İstismar Sahələri (əvvəlki adı ЖEK) tərəfindən verilir. ЖEK-lər hər bir mənzildə, evdə kimlərin qeydiyyatda olmasının uçotunu “ev kitabları”nda («домовая книга») müvafiq qeydlərin yazılması yolu ilə aparır. Həmin kitablardakı məlumatlar adətən köhnəlmiş olduğu üçün arayış almaq üçün müraciət edən vətəndaşdan hər bir halda qeydiyyatda olan ailə üzvlərinin şəxsiyyət vəsiqələri tələb edilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə hazırda hər bir vətəndaşın harada qeydiyyatda olmasının uçotunu İAMAS informasiya sistemi vasitəsilə aparır.

Beləliklə İAMAS sistemi vasitəsilə yaşayış yerində qeydiyyatda olan şəxslər barədə arayış elektron qaydada “ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən veriləcəkdir.

2. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziyaların elektron qaydada verilməsi: Hazırda respublikada 24 dövlət orqanı tərəfindən 60 növ lisenziya verilir. Lisenziya almaq üçün şəxs bir çox zəruri sənədləri toplamalı və dövlət orqanına təqdim etməlidir. Bu isə vaxt itkisinə, dövlət orqanlarında əlavə iş yükünün artmasına və birbaşa təmas nəticəsində müəyyən korrupsiya hallarına şəraitin yaranmasına səbəb olur. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatlarını əlaqələndirməklə, elektron qaydada verilməsini təmin etmək məqsədilə “Elektron lisenziya” portalı yaradılmışdır. Həmin portal Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılacaqdır.

3. Taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi: Qanunvericiliyə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər lisenziya və Fərqlənmə nişanı almalıdır. Hər iki sənəd Nəqliyyat Nazirliyi tərəfindən verilir. Lisenziya - 5 il müddətinə verilir, dövlət rüsumu – 150 AZN, Fərqlənmə nişanı - sürücünün vergi ödədiyini təsdiq edir, Bakıda hər ay üçün 18 AZN-dir.

Hal-hazırda qanunvericilikdə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi üçün mürəkkəb və bir çox hallarda yerinə yetirilməsi mümkün olmayan şərtlər müəyyən olunmuşdur ki, bunun nəticəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslər lisenziya ala bilmir. Hazırda təqribən 20-30 min lisenziyasız taksi fəaliyyət göstərir. Taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və Fərqlənmə nişanı verilməsi xidmətini “ASAN xidmət” mərkəzlərində Nəqliyyat Nazirliyinin əməkdaşları həyata keçirəcək.

4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması: Vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün bəzi hallarda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi zəruri olur (məsələn, həmin şəxs Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı hallarda). Bunun müəyyən edilməsi proseduru mürəkkəbdir, uzun müddət tələb edir, sənədlər Dövlət Miqrasiya Xidməti ilə Daxili İşlər Nazirliyi arasında bir neçə dəfə hərəkət etmiş olur. “ASAN xidmət” mərkəzlərində hər iki qurum yerləşdiyi üçün proses dəfələrlə sürətləndirilə, elektronlaşdırıla və sadələşdirilə bilər.

5. İnformasiya ehtiyatlarının saxlanmasını və məlumatların mubadiləsini həyata kecirən müvafiq infrastrukturun yaradılması: Əhaliyə xidmətlərin göstərilməsi ilə əlaqədar məlumatların elektron formaya köçürülməsi zamanı müxtəlif dövlət orqanları fərqli standartlardan istifadə edir, beynəlxalq standartlar nəzərə alınmır. Bu isə məlumat mübadiləsini və inteqrasiyanı çətinləşdirir, informasiyanın itirilməsi təhlükəsini artırır. Pərakəndəlik və təkrarçılıq nəticəsində gərəksiz xərclər yaranır. “ASAN xidmət” mərkəzlərində vahid infrastruktur yaratmaqla: - hər bir orqanın ayrılıqda çəkəcəyi xərclər birləşdirməklə gərəksiz, əlavə xərclər aradan qaldırılır; - dövlət xidmətlərinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar şəxsin vahid fərdi identifikasiya nömrəsi əsasında mübadilə edilir; - informasiyanın bütün standartlara uyğun şəkildə təhlükəsiz saxlanması imkanı yaradılır. Eyni zamanda dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi prosedurunun qanunvericilikdə dəqiq müəyyən edilməsi zəruridir.



İqtisadçı Vüqar Bayramov hesab edir ki, “ASAN Xidmət”in səlahiyyətlərinin artırılması tək vətəndaşlar üçün deyil, həm də biznes üçün vacibdir.

Ekspertin sözlərinə görə, “ASAN Xidmət” imkan verir ki, daha az vaxt və vəsait xərcləməklə xidmətlərdən istifadə etmək mümkün olsun: “ASAN”da xidmətlərin sayının artırılması şəffaflığın gücləndirilməsi baxımından vacibdir. Bu, arayışın verilməsində, lisenziyanın alınmasında hətta sertifikatların verilməsində şəffaf mühitin formalaşmasına imkan verir. Vətəndaşlar artıq arayış almaq üçün hansısa quruma getmək, həmin qurumun qapılarında gözləmək məcburiyyətində qalmayacaq. “ASAN xidmət”ə müraciət etməklə elektron bazada olan bütün məlumatlarla bağlı arayışı sadəcə çap edib götürmək mümkün olacaq. Bu da arayış almaq istəyən vətəndaşların bir neçə gün itirdiyi vaxta qənaət deməkdir”.

“ASAN xidmət”in səlahiyyətlərinin artırılmasının biznes üçün geniş imkanlar yaratdığını deyən V. Bayramovun sözlərinə görə, lisenziyaların verilməsi prosedurları çox idi: “Prosedurun çoxluğu isə bəzi hallarda həm lisenziyanın alınması ilə bağlı çətinliklər formalaşdırırdı, həm də əlavə xərclər yaradırdı. İndi isə sahibkar sadəcə “ASAN xidmət”ə müraciət edərək elektron bazaya daxil olan məlumatlar əsasında nəinki arayışlar alacaq , həm də xüsusi razılıq əldə edən lisenziya və sertifikatları qısa zamanda əldə edə biləcəklər. Həm sahibkarlara xidmətin keyfiyyətinin artırılması, həm də vəsaitə qənaət etmək baxımından vacibdir. Prezidentin imzaladığı fərmanda “ASAN”-ın səlahiyyətlərinin genişləndirilməsi cəmiyyətin müxtəlif kateqoriyalarına, vətəndaşlara və iş adamlarına, sahibkarlara yeni imkanlar verəcək”.

“ASAN xidmət”in Azərbaycan modeli olduğunu beynəlxalq təşkilatların da etiraf etdiyini deyən mütəxəssis bu modeldən bir çoxlarının istifadə etməli olduğunu vurğulayıb.

“Bu xidmətin səlahiyyətlərinin genişləndirilməsi gələcəkdə Azərbaycanda bir çox xidmətlərin elektronlaşması prosesini daha sürətlə həyata keçirməyə imkan yaradacaq. Xidmətlərin elektron portalının yaradılamsı nəzərdə tutulub.
Bu portal vasitəsilə biznesdə fəaliyyətlərin və xidmətlərin əlaqələndirilməsi mümkün olacaq ki, bu da Azərbaycanda elektron hökumətin qurulmasında prioritetə nail olmaqdır. Bundan başqa bütün ölkədə şəffaflığın artırılamsına imkan verəcək”.

Hər dəfə ölkə başçısı tərəfindən “ASAN xidmət”in səlahiyyətlərinin artırıldığını deyən V. Bayramov daşınmaz əmlak bazarında əmlaka sertifikatın verilməsinin “ASAN”-laşdırılmasını istəyir: “Yeni tikililərin böyük bir hissəsində istifadəyə qəbul edilməsə də həmin tikililərdə yaşayış var. Təklif edirik ki, “ASAN xidmət”in yanında xüsusi elektron baza yaradılsın. “ASAN” sertifikatı olmayan yeni tikililərdə mənzillərin alqı-satqısı ilə bağlı məlumatları həmin elektron bazaya yerləşdirsin. Bəzi hallarda bu cür alqı-satqı vətəndaşın hüquqlarının pozulmasına səbəb olur. Eləcə də Azərbaycandan məhsulların ixrac edilməsi ilə bağlı prosedur və xidmətlərin “ASAN”-a verilməsinə ehtiyac var”.



Millət vəkili Çingiz Qənizadənin sözlərinə görə, “ASAN Xidmət” Azərbaycan modeli və brendidir.

“ASAN yaranandan sonra Azərbaycan vətəndaşları kifayət qədər asan və əlçatan yolla özlərinə lazım olan sənədləşmələri apara bilirlər. Ölkə başçısı “ASAN”-ın səlahiyyətlərini genişləndirməkdə davam edir. Bu xidmətin yaradılması və onun səlahiyyətlərinin artırılması ölkədə rüşvət və korrupsiya ilə mübarizənin tərkib hissəsi kimi yaradılıb”.

Deputatın fikrincə, 31 avqustda prezidentin imzaladığı sərəncam bir daha çoxsaylı kütlənin razılığı və alqışı ilə qarşılanıb: “Yaşayış yerində qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi özü bir neçə gün, hətta bir həftə çəkirdi. Əvvəllər insanlar “JEK”lərə gedirdi, onlardan müəyyən sənədlər tələb olunurdu, bundan sonra vətəndaş bir neçə gün gözləməli olurdu. Bu arayışlar bəzən təcili lazım olduqda müxtəlif neqativ hallar üzə çıxırdı, pul istənilirdi. Bir saata, bir günə əldə edə biləcəkləri arayışı bir neçə günə, hətta həftəyə ala bilirdirlər. İndi insanlar bunu çox asan formada, sadəcə rüsum ödəməklə həll edə bləcəklər”.

Ç. Qənizadə qeyd edib ki, “ASAN xidmət”in səlahiyyətlərinin artırılması çoxsaylı insanların sevincinə səbəb olacaq.

Millət vəkili deyir ki, taksi, minik avtomobillərinin razılıq lisensziyalarının verilməsində kifayət qədər problemlər var idi: “Nəqliyyat Nazirliyində insanları əziyyətə salırdılar, sənədlər, növbəlik, rüşvət və s. Hətta bizə də bu barədə müraciətlər də daxil olurdu. Artıq lisenziyaların verilməsini də “ASAN xidmət” həyata keçirəcək və fərqlənmə nişanlarının verilməsi zamanı hər hansı neqativ hallar olmayacaq və aradan götürüləcək”.



Deputat Vahid Əhmədovun fikrincə,“ASAN xidmət” çox peşəkarçasına işləyir. Bu baxımdan millət vəkili bir sıra xidmətlərin də “ASAN”-a verilməsinin tərəfdarıdır.

V.Əhmədov hesab edir ki, arayışların əldə olunması xidmətinin “ASAN”-a verilməsi böyük problemi həll etmiş oldu: “Bundan başqa yaxın gələcəkdə vergi sisteminin də “ASAN xidmət”ə verilməsi problemləri vaxtında həll etməyə imkan verər. Çünki bu xidmət çox şəffaf işləyir və heç bir problem olmur.

Hesab edirəm ki, kağızla görülən bütün işlərin hamısı müəyyən mərhələlərlə “ASAN xidmət”ə verilə bilər”-deyə V.Əhmədov bildirib.

Gültəkin Ələsgər



Teqlər:  





Xəbər lenti