Taleyə bax... - Müharibə qeydləri

Taleyə bax... - Müharibə qeydləri
  18 Avqust 2015    Oxunub:2803
Nicat Sadıqlı

Taleyə bax... Hamı belə deyirdi. Adını bilən yoxdu. Heç mən də bilmirdim. Bəlkə də Tale idi. Aradan 23 il keçib. Adını yenə bilən yoxdu. Nədənsə öyrənməyi lazım bilmədilər. Mən də öyrənmədim. Elə “taleyə bax” dedilər. Taleyə bax...


“Müharibəyə çağırarlar”, “oblavaya salıb, cəbhəyə apararlar” deyə, qaçıb müharibə bölgəsində yaşayan xalasıgilə gəlmişdi. Güllə, mərmi sədası altında “müharibədən canımı qurtardım” fikri ilə yaşayırdı. Və müharibə qurtaranda anasının yanına dönəcəkdi. Anası da rahat idi. Nə qədər olmasa da, xala ana yarısıdı. O da oğlunun canını bu müharibədən qurtardığını düşünürdü. Müharibə tezliklə qurtaracaq, oğlu xalasının yanından dönəcəkdi. Amma müharibə qurtarmaq bilmirdi. Qaçıb gizləndiyi bölgədə hər ötən saat atəş səsləri artırdı. Kəndlərə düşən mərmi sayı da çoxalmışdı.

Bir gün səhər tezdən dalbadal iki dəfə atəş səsi gəldi. Hələ bu bölgədə müharibə başlayandan belə səs eşidən olmamışdı. Kimi dedi tankdan atdılar, kimi dedi topdan, hətta gəmi topunun səsi olduğunu ortalığa atan da vardı.

Xəbərin səsi o səsdən də bərk çıxdı. 6 nəfər ölmüşdü. Həm də bir evdən, bir ailədən. Ana, 4 uşağı, bir də...

Bir də müharibədən qaçan...

Hamı, “bəlkə də müharibəyə getsəydi, ölməzdi” dedi...


Teqlər:  





Xəbər lenti