İran Suriyanın bölünməsini istəyir - TƏHLİL

İran Suriyanın bölünməsini istəyir - TƏHLİL
  17 Avqust 2015    Oxunub:7750
Bu ayın əvvəlində Malaziyanın paytaxtı Kuala-Lumpurda keçirilən Şərqi Asiya ölkələrinin konfransında iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz ölkəsinin “İslam Dövləti” (İD) terror təşkilatı ilə mübarizə planını amerikalı həmkarı Con Kerri ilə müzakirə etdi. Lavrovun “Putinin planı” kimi təqdim etdiyi plana əsasən, Moskva geniş koalisiyanın yaradılmasını və yaradılacaq koalisiya qüvvələrinin “İslam Dövləti”nə qarşı yerüstü əməliyyatlara başlamalarını təklif edirdi. Rusiya Bəşər Əsəd hökumətinin, İraq və Suriya kürdlərinin, həmçinin İraqın hökumət qüvvələrinin bu koalisiyaya qoşulmasını istəyirdi.

Təbii ki, Bəşər Əsədin hakimiyətdən devrilməsini özünün amalı sayan və bunu açıq şəkildə bəyan edən Amerikanın bu planla razılaşmayacağını əvvəlcədən əminliklə demək olardı. Bununla belə, Moskvanın uğursuzluqla nəticələnəcəyi əvvəlcən bilinən “Putin planı”nı irəli sürməkdə bir neçə məqsədi ola bilər.

Putinin birinci məqsədi Ukrayna hadisələrilə korlanmış beynəlxalq imicini populist sülh təklifləri verməklə nisbətən düzəltmək, bundan daxili və xarici təbliğatında istifadə edərək, Vaşinqton başda olmaqla, Qərbi ikili yanaşmada ittiham etmək ola bilər. Təbliğatın “Amerikanın əslində sülh istəməməsi və öz mənafelərini güdməsi, sülh tərəfdarı olsaydı Putinin planı ilə razı olardı” kimi ənənəvi antiqərb şüarı ətrafında qurulması mümkündür.

Digər tərəfdən, Moskva ilkin mərhələdə Amerika üçün “ağlasığmaz” təkliflər versə də, əslində Suriya ətrafında danışıqlara hazır olduğuna işarə edir və bu təkliflərlə bağlı hansısa güzəştə getməyəcəyini də demir. Yəni Kreml bununla Suriya ilə danışıqlarda mövqeyinin maksimumunu göstərir.

Qərb bundan sonra Rusiyanı öz mövqeyinə yaxınlaşdırmağa çalışacaq. Bununla Moskva bir tərəfdən vaxt udacaq, digər tərəfdən Qərblə dialoq aparmaq üçün şəraiti yaranacaq.

Məsələdə diqqət çəkən məqamlardan biri isə, Rusiyanın kürdləri tərəf kimi görməsi və onları da İD-ə qarşı mübarizəyə qatılmasını istəməsidir. Bu, ilk növbədə onu göstərir ki, Moskva Ankaranın PKK-ya qarşı genişmiqyaslı əməliyyatlarından narahatdır və bu əməliyyatları dayandırmaq istəyir. Odur ki, Rusiyanın danışıqlar zamanı Əsədə dəstəyi kəsməyin müqabilində PKK-ya qarşı hücumların dayandırılmasını irəli sürməsi tamamilə labüddür. Buna görə ABŞ-Rusiya danışıqları getdiyi müddət Türkiyənin PKK-nı məhv etmə müddəti kimi müəyyən oluna bilər.



Beynəlxalq sanksiyalardan yenicə qurtulmuş İran da Suriya münaqişəsinin həlli və İD-nın məhv etmə işinə daha fəal qoşulmaq qərarına gəlib. Yayılan məlumata görə, İranın xarici işlər naziri Cavad Zərif Tehranın irəli sürdüyü sülh planını götürərək, region ölkələrinə səfərə çıxıb. Zərifin bu məqsədlə Moskva, Ankara və Dəməşqdə olması barədə məlumat yayılıb.

İranın planı əslində “Putin planı”nın müəyyən qədər qərb standartlarına cavab verən, güzəştlərə gedildiyini göstərən yenilənmiş formasıdır.

Beləliklə İran təklif edir ki, Suriyada mübarizə aparan iqtidar və müxalifət bir-biri ilə müharibəni dayandırsın və ayrı-ayrılıqda “İslam Dövləti” təşkilatına qarşı mübarizəyə başlasınlar. Bu zaman Suriya hökumət qüvvələrinin əraziləri onlarda, müxalifətçilərin nəzarətinə keçən ərazilər isə özlərində qalsın və ölkəyə yeridiləcək beynəlxalq qüvvələr həm Suriyada müxalifətlə iqtidarın müharibə etməməsinə nəzarət etsin, həm də İD ilə mübarizə aparsın. Sonrakı mərhələdə Suriyada milli birlik hökuməti yaradılsın və beynəlxalq icmanın nəzarəti ilə Əsədin də iştirak edəcəyi seçkilər keçirilsin.

Başqa sözlə desək, Tehran Suriyanın bölünməsinə razı olduğunu dolayı yolla Qərbə çatdırır. Bununla belə, Tehran gələcəkdə Suriyanın qopmuş hissəsini özünə qaytarmaq şansını da əldən vermək istəmir. Çünki, müxalifətin nəzarətində olan əraziyə yeridiləcək koalisiya qüvvələrinin tərkibində özünü də görür. Yəni, İran Suriyanın Əsəddə qalan hissəsini özündə saxlayır, müxalifətin aldığı payı isə Qərblə şərikli olmasına razılıq verir.

İran ənənəvi olaraq Rusiya ilə Yaxın Şərqdə eyni mövqedən çıxış edib. Lakin sanksiyaların ləğv olunması ilə Qərblə münasibətləri mülayimləşən Tehranın Moskva ilə Vaşinqtonun maraqlarına uyğun ikili oyun oynamayacağına da heç kim təminat verə bilməz.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti