İmzası ilə tanınmayan jurnalist və oyunu ilə tanınmayan futbolçu

İmzası ilə tanınmayan jurnalist və oyunu ilə tanınmayan futbolçu
  14 Avqust 2015    Oxunub:6242
Anar Rüstəmov

Öldürülən jurnalist həmkarım Rasim Əliyevlə yaxın əlaqəmiz olmasa da, bir-birimizi tanıyırdıq. Hardasa 4-5 il öncə onu təlimlərin birində görmüşdüm. O zaman müxalifyönlü internet televiziyada reportyor kimi çalışırdı. Siyasi baxışları qatı müxalifətçi idi.


Nə gizlədim, onunla siyasi fikirlərimiz üst-üstə düşmürdü. Təlim əsnasında hərdən dediyi sözlər məni qıcıqlandırırdı. Düşünürdüm ki, bu insan ya səmimi deyil, ya da fərqlənmək üçün ağzına gələni danışır. Hərdən təlimin koordinatoru ona xəbərdarlıq da edirdi.

Təlimlər bitəndən sonra Rasimlə demək olar ki, əlaqə saxlamadım. Təsadüfən haradasa görüşərdiksə, salamlaşardıq. Hətta yazdığı statuslara görə, onu “Facebook”da dostluğumdan da silmişdim. Nə onun məndən, nə də mənim ondan xoşum gəlirdi. (Siyasi mövqelərimizə görə- A.R).

İllər sonra Rasimin ölüm xəbərini eşitmək, təəssvür edə bilmərsiniz, çox kədərli idi. O, hələ ölməməliydi… Gənc idi, qarşıda onu nişanlısı ilə qurduğu xəyallar, ailə-uşaq, özünün dediyi kimi, Avropa həyatı gözləyirdi. (Rasim siyasi mühacir kimi Avropa ölkələrindən birinə sığınmaq istəyirdi. Özü demişdi – A.R)

Amma təəssüf, ömrünün ən gözəl çağında yazdığı bir statusa görə hər şey bitdi. Bilmirəm, necə qəbul edəcəksiniz, amma deməliyəm ki, Rasim imzası ilə tanınan, qələmi ilə böyük uğura imza atan jurnalist deyildi, sıradan bir reportyor idi. O? ölümü ilə məşhur oldu, tanındı, haqqında günlərlə danışıldı. Hətta ölkə başçısı belə Rasimin öldürülməsindən kədərləndi və günahkarların cəzalandırılmasını tapşırdı.

Acı da olsa deməliyəm ki, Rasim Əliyev jurnalist kimi deyil, öldürülən jurnalist kimi tarixə düşdü.

Təəssüf doğuran təkcə Rasimin ölümü deyildi, onun ölümündən sonra səslənən fikirlər, qətlin siyasiləşdirilməsi və səbəbləri daha dəhşətlidir.

Rasim Əliyevin vəhşicəsinə döyülüb öldürülməsi cinayətdir, özü də qatı cinayət. Amma bunu qəbul etməliyik ki, Rasim sırf jurnalist fəaliyyətinə görə döyülməyib, yazdığı statusa görə, məişət zəminində öldürülüb.

Bəli, Rasimin öldürülməsində haqqında aşağılayıcı status yazdığı “futbolçu” Cavid Hüseynovun sifarişi yox deyil. Bu, danılmazdır. Amma ölünün dalınca danışmaq kimi olmasın, Rasimin də kimliyindən aslı olmayaraq, heç kəsi təhqir etməyə, aşağılamağa haqqı yox idi. Bu, jurnalistə yaraşan status deyildi. Ən azından o, özünü Cavid Hüseynov və onun kimi küçə uşaqlarının səviyyəsinə salmamalıydı.

Ölkəmizi Avropada təmsil edən Cavidin jurnalisti döydürməsi onun küçə səviyyəsindən, qudurğanlığından irəli gəlir. Hansı ki, indiyədək bir dəfə də adı futbolçu kimi yada düşməyən, heç bir uğura imza atmayan Cavidi pul qudurtmuşdu.

Rasim sıradan bir jurnalist olduğu kimi, Cavid də sıradan bir topqovan idi, bəli topqovan. O, hələ jutbolçu kimi yetişməmişdi. Və bir futbolçu kimi yox, `jurnalisti öldürtdürən futbolçu` kimi tanındı. Bu, Rasimlə oxşar cəhətidir.

Cavidi peşəkar futbolçu kimi təqdim etmək Messiyə, Ronaldoya təhqir etmək kimi bir şeydir. Hansı ki, onların peşəkarlığının, qazandıqları milyonlarla pulun qarşısında Cavid heç kim və heç nədir. Amma onlar dünyanın dörd bir yerində tanınsalar da, sevilsələr də Cavid kimi qudurğan deyillər. Hansı ki, Messinin, Ronaldonun Cavidin və bandasının çəkisi qədər pulları var. Onlar nə etsinlər, haqlarında tənqidi yazılar yazan jurnalistləri öldürsünlər ki, biz məşhuruq, pulumuz var, sizi dolların arasına büküb basdırarıq?

Bu gün Cavid kimi futboldan anlayışı olmayan küçə uşaqları yüzminlik maşınlara, lüks evlərə, dəbdəbəli həyata sahibdirlərsə, Rasim kimi jurnalistlər illərlə gecə-gündüz işləyib, bu imkanın bir faizinə sahib ola bilmirlər. Cavid də Rasim kimi alın təriylə, köhnə-kürüş paltarlarla 5-3 manat qazansaydı, lüks həyat yaşamasaydı, qudurmazdı.

Bu isə onun Rasimlə fərqli cəhətidir...


Teqlər:  





Xəbər lenti