Ramazan dayılara haqsızlıq etməyin!

Ramazan dayılara haqsızlıq etməyin!
  14 Avqust 2015    Oxunub:5780
Aysel Əliyeva

Doğrudan da, biz istənilən məsələdə `qızıl orta`nı tutdura bilməyən xalqıq. Ya qaynarıq, ya buz. İlıq anlayışımız yoxdur. Halbuki, ilıq ola bilmək çox yaxşıdı...


Türkiyə mövzusunda da beləyik. Xüsusən də jurnalistlərimiz.
Gah üç-beş günlük İstanbul turuna çıxan jurnalistlərimiz orada qarşılaşdıqları xoşagəlməzliklərdən yazır. Özü də ümumiləşdirərək və Türkiyəni, türkiyəliləri aşağılayaraq...
Gah da futbol, musiqi qələbəmizdə Türk bayrağının dalğalanmasına etiraz edən jurnalistlərimiz `qələminə güc verir`. Yenə tərəfli, yenə hər şeyi sıfırlayaraq...

İrqi ayrı-seçkiliyi mən də bəyənmirəm. İfrat türkçülüyün də əleyhinəyəm.
Amma insaf tərəzim var...

Dürüstcə deyin, hansınız, təyyarə bileti `yanmış` bir tələbəyə sırf türkiyəlidi deyə yeni bilet alıb verərsiniz?
Rahat deyirəm, heç biriniz!
Hətta ən zəngininiz belə!

2011-ci ilin qışında, semestr tətili üçün İstanbuldan Bakıya qayıdırdım. Təyyarəm gecə saat 03:50-ə idi.
Mən Atatürk hava limanına çatanda biletini aldığım təyyarə məmləkətə çatmışdı artıq.
Əlində bileti `yanan` bir tələbə düşünün. Hansi ki, cüzdanında vur-tut 48 TL ola...
Tək çarəm Bakıya zəng eləyib, ailəmdən kömək istəmək idi. Özümə öfkəliydim. Ağlamamaq üçün dişimi dişimə sıxıb oturacaqlardan birinə çökdüm...

Yaşlı başlı bir dayı da gəlib yanımda oturdu. Uzun uzadı telefonla danışandan sonra, donuqlaşmış halımı görüb, “uçağı mı kaçırdın?” dedi. O dərəcədə bəlli edirmişəm...

Açığı, adama dərd yanmağa halım da yox idi. Ağızucu “hə” deyib, başımın çarəsinə baxmaq üçün ayaqlandım. `Başımın çarəsinə baxmaq `deyirəm, amma onu necə bacaracağımı da bilmirdim. 48 TL ilə Bakıyamı zəng edim, əşyalarımımı saxlanc kamerasına verim, gecələmək üçün otelmi tutum...

Amma bütün səmimiyyətimlə deyirəm, içimdə baş verən çaxnaşmanın zərrə qədərini üzə vurmurdum. Yəni sözüm ona ki, yazıq halı almış olsam, bir az sonra yazacaqlarımda `bəhanə` tapmaq olardı.

Mən özümdən böyük çantalarımı dartışdıra-dartışdıra aeroport uzunu yeriyirəm, adam da yanımca addımlayır və məni danışdırmağa çalışır.
- Öğrencisin galiba.
- Öğrenciyim.
- Bakülü müsün? Hep gelmek istemişimdir Baküye. Güzeldir eminim.
- Bakülü sayılırım. Ama aslen Karabağlıyım. Bilir misiniz Karabağı?
- Ah, bilmem mi? Kanayan yaramız... Kızım, sana yardım edeyim.
- Teşekkür ederim, gerek yok.

Olay necə yaşanıbsa, elə də anladıram. Vicdanım şahid...

Nə edəcəyimi soruşdu. Vəziyyəti anlatdım. Bakıdan pul gözləyəcəkdim...
Əlimdəki pasportumu aldı və bilet kassalarına doğru yeridi.
Arxasından elədiyim bütün hay-həşirlərim özümə qalmışdı. Məni dinləmədən ən yaxın zamana Bakıya yeni bilet almışdı belə...

Allahdan gizli deyil, sizdən nə gizlədim.
Adam hər nə qədər `ağ saqqalı dədə` görünümündə olsa da, içimə bir qurd düşmüşdü. Düşündüm ki, bu hərəkətinin altında nəsə başqa bir şey var. Azərbaycanlı olmağım `fasa-fiso`...

Qulaqların cingildəsin, Ramazan dayı!
Sonradan bu hadisə hər dəfə yadıma düşdükcə, belə düşünə bildiyim üçün özümdən utandım.
Yeri gəlmişkən, adam haqqında öyrənə bildiyim tək məlumat adı oldu: Ramazan dayı.

Yeni biletim yarım gün sonraya idi.
Bileti mənə təslim eləyəndən sonra, əşyalarımı daşıyıb saxlanc kamerasına verdi. Bu, gün kimi yadımdadı. İki böyük çanta, 90 TL civarında pul tutmuşdu. Onu da ödədi.
Bu arada elə bilməyin ki, mən quzu kimi dayanmışdım. Dayıdan telefon nömrəsi, adres istəyirdim. Bakıya çatar-çatmaz borcumu qaytaracağımı deyirdim.
Ancaq Ramazan dayı inadla mənə adından başqa heç nə lütf etmədi.

Dedi, “qızım, bu pul mənim üçün itki deyil, qazancdı. Geri göndərsən, qazancımı əlimdən almış olacaqsan”.
Üstəlik, Ankarada təhsil alan iki azərbaycanlı tələbəyə də burs (təqaüd) verdiyindən danışdı.
Biri məzun olub, Bakıya qayıtmışdı. Anar adlı bir oğlan...

Tək bu hadisə yetər, Türkiyədə qarşılaşdığım xoşagəlməzlikləri unutmağa. Hərçənd, neçə il boyunca orada canımı sıxan ciddi bir şey yaşamadım. Təbii ki, normal olaraq çətinliklər, maneələr olur, amma bunların heç birisi azərbaycanlı olduğum üçün başıma gəlmirdi.

Sözümün canı odur ki, İstanbula getmisiniz, orada yediyiniz dönərin içindəki mayonezmi ürəyinizi vurub?

Və ya Türkiyənin hansısa media orqanında kimə xidmət etdiyi bəlli olmayan birisimi Azərbaycan haqqında nəsə deyib?

Qələbələrimizdə qaldırdığımız türk bayrağı üçün Türkiyə eyni tərzdə qarşılıqmı verməyib?

Bu kimi şeyləri əsas götürərək bütün Türkiyə xalqının adından nələrsə deməyiniz, Türkiyədə yaşayan minlərcə Ramazan dayılara haqsızlıqdır...


Teqlər:  





Xəbər lenti