DİN Nabrandakı basqının təfərrüatını açıqladı

DİN Nabrandakı basqının təfərrüatını açıqladı
  31 İyul 2015    Oxunub:7355
“Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Baş Mübarizə İdarəsi Nabranda yerləşən “Bulaq” istirahət mərkəzində əməliyyat keçirib. Məlum olub ki, həmin istirahət mərkəzi lisenziyasız fəaliyyət göstərir və ərazi əxlaqsızlıq yuvası kimi istifadə olunur”.

Bu barədə AzVision.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Nabrandakı “Bulaq” istirahət mərkəzində adam oğurluğu ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

DİN rəsmisi bildirib ki, bəzi mətbuat orqanlarında naməlum şəxslərin gənc oğlanla qızı oğurlaması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, “Bulaq” istirahət mərkəzi barədə İdarəyə verilən məlumat təsdiqini tapıb: “Məlum olub ki, istirahət mərkəzi müvafiq icazəsi olmadan, lisensiyasız fəaliyyət göstərir və buranı əxlaqsızlıq yuvası kimi istifadə edirlər. Orada fəaliyyət göstərən şəxslərin də əxlaqsız hərəkətlərlə məşğul olduqları da aydın olub. “Bulaq” istirahət mərkəzinin inzibatçısı Elşad Həsənov və həmin vaxt orada istirahət edən şəxlər müvafiq araşdırmaların aparılması üçün saxlanılaraq idarəyə dəvət olunublar. Elşad Həsənov dəfələrlə “Bulaq” istirahət mərkəzinin rəhbərliyinə öz mobil telefonu ilə hansı orqan tərəfindən, hansı məqsədlə saxlanılması barədə məlumat verib. Yəni burada heç bir oğurluqdan söhbət gedə bilməz. Hazırda məsələ araşdırılır və hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, Virtualaz.org saytının şimal zonası üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, mülki geyimdə olan 20 nəfərə yaxın şəxs gecə saat 1-də “Bulaq” istirahət zonasına gedərək oradakı kotteclərin birində istirahət edən gənc oğlanla qızı naməlum istiqamətə aparıb.

Xəbərdə deyilir ki, naməlum adamlar cütlüyün dincəldiyi 12 saylı kottecə soxulub. Onlar gənc oğlanı otaqdan sürüyə-sürüyə çıxarıb və zor tətbiq etməklə maşına oturdublar. Gənc qızla isə həddən artıq nəzakətlə davranıblar, hətta tanınmasın deyə qızın üzünü gizlətməyə çalışıblar. Naməlum şəxslər gənc oğlan və qızla yanaşı “Bulaq” istirahət zonasının Elşad adlı inzibatçısını da özləri ilə aparıblar.

İstirahət zonasının əməkdaşları deyiblər ki, onlar ilk dəfədir belə halla üzləşirlər və həmin adamların kim olduğunu bilmirlər.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti