Gələn ildən “ASAN Xidmət”lər bütün vətəndaşlara xidmət göstərəcək

Gələn ildən “ASAN Xidmət”lər bütün vətəndaşlara xidmət göstərəcək
  30 İyul 2015    Oxunub:4737
“Azərbaycanda “ASAN Xidmət” mərkəzlərinin sayı artıqdca vətəndaşların hansı region üzrə qeydiyyatından asılı olmayaraq istənilən şəxsə xidmət göstəriləcək”

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda 6 regionda səyyar avtobuslar fəaliyyət göstərir:

“Həmin avtobuslardan 1-i Şəkidə, digərləri Yardımlıda, Qazaxda və Bakı ətrafı ərazilərdə vədəndaşlara xidmət göstərir. Səyyar “ASAN Xidmət” vasitəsilə 6 rayon olmaqla 17 regionun vətəndaşlarına xidmət edirik. Hazırda səyyar xidmət avtobuslarının sayı 10-a çatdırılıb və hamısı xidmət göstərir”.

Yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstəriləcəyini deyən Ü. Mehdiyevin sözlərinə görə, bu məsələdə onlara çətinlik yaradan əsas amil bütün regionlarda mərkəzlərin olmamasıdır.

“Gələn ildən etibarən qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlara xidmət göstərə biləcəyik. Bu məsələdə bizə çətinlik yaradan əsas amil bütün regionlarda mərkəzlərin olmamasıdır. Növbəti ildən isə Qəbələ və Masallı şəhərlərində “ASAN Xidmət mərkəzləri fəaliyyətə başlayacaq”.

Ü.Mehdiyev əlavə edib ki, “ASAN Xidmət” mərkəzlərinin əhatə olunmadığı regionlarda səyyar avtobuslar vasitəsilə xidmətlər göstərilir: “Ümumilikdə, 9 “ASAN Xidmət” mərkəzi 6,5 milyon vətəndaşı əhatə edir ki, artıq 5,7 milyon nəfərə xidmət göstərilib. Bu da o deməkdir ki, əhalinin 90 faizi mərkəzin xidmətlərindən yararlana bilib. Səyyar “ASAN Xidmət” vasitəsilə də 200 min vətəndaşa xidmət göstərilib”.

Qeyd edək ki, hazırda respublikada 9 “ASAN Xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə Sabirabad və Bərdədədir.


Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti