“Arda oynayanda zövq alıram...” – Millət vəkili

“Arda oynayanda zövq alıram...” – Millət vəkili
  07 İyul 2015    Oxunub:4100
“Atletiko Madrid” klubunun hansı komanda ilə qarşılaşmasından aslı olmayaraq, məhz Ardaya olan simpatiyama görə , “Atletiko”nun qələbəsini arzulamışam. Arda Türkiyə yığma komandasında oynayanda da onların qələbəsinə inamım daha çox olur.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.

O, məşhur türk futbolçu Arda Turanın “Barselona” klubuna transfer olunmasına münasibət bildirib və həmçinin həmin idmançıya qarşı olan sevgisini dilə gətirib.

“Arda Turan türk futbol məktəbinin ən istedadlı və işgüzar yetirmələrindən biridir. O, hələ “Qalatasaray”da oynadığı zaman dünya futbol bilicilərinin diqqətini özünə cəlb edə bilmişdi. Bu futbolçuda zəhmətsevərlik və istedad bir-birini tamamladığı üçün o, meydanda daha faydalı və parlaq görünür. Futbol klassifikasiyasına görə Ardanın adı yarımmüdafiəçilər siyahısında olsa da, hücumda əksər idmançılardan daha yaxşı oynaya bilir.Ona görə də təmsil etdiyi komandanın ən çətin anlarında irəli atılıb, oyunun taleyini həll edə bilən futbolçulardandır.

Mən istər “Qalatasaray” və “Atletiko Madrid” kimi komanda səviyyəsindəki matçlarda, istərsə də Türkiyə yığma komandasında Arda Turanın oyunundan zövq almışam. İspaniya, İngiltərə və Almaniya çempionatının matçlarını daha çox izləyirəm. Arda Turan harda oynamasından asılı olmayaraq, türk futbolunu layiqincə təmsil edə bilir. Bu, Ardanın “Atletiko Madrid” komandasındakı oyununda da əyani şəkildə görünürdü. Həm də onun futbol köynəyində “Odlar Diyarı Azərbaycan” sözünü daşıması ikiqat qürurlu idi”-deyə Ə.Məsimli vurğulayıb.

Deputatın fikrincə, Arda Turanın “Barselona” komandasına keçməsi onun karyerasında yeni, həm də daha yüksək mərhələ olacaq.

“Bu, hər futbolçuya nəsib ola bilən transfer deyil. Ardanın transferi Türkiyə futbolu üçün böyük uğurdur. Düşünürəm ki, “Atletiko Madrid”də olduğu kimi “Barselona” komandasında da Arda Turan özünəməxsus oyun tərzi ilə bizləri tez-tez sevindirəcək və qürurlandıracaq”.

Sonda isə millət vəkili Arda Turanla heç vaxt görüşmədiyini sözlərinə əlavə edib: “Arda Turanın “Atletiko Madrid”də oynadığı vaxt Bakıya gəlişi çox xoş oldu. Onun Azərbaycana hər bir gəlişi də belə xoş olacaq. Mənim Türkiyə idmançıları, ağırlıq qaldıranları, futbolçuları ilə şəxsi tanışlığım olub. Amma Arda Turanla heç şəxsi tanışlığım olmayıb”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti