Mübariz Qurbanlıdan səfirə cavab: “Başlarından böyük danışırlar...”

Mübariz Qurbanlıdan səfirə cavab: “Başlarından böyük danışırlar...”
  03 İyul 2015    Oxunub:4158
“İŞİD nümayəndələri yalnız Azərbaycanla deyil, başqa ölkələrlə də bağlı bəyanatlar verirlər. Həmin bəyanatlara heç kim ciddi yanaşmır”.

Bunu AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

İranın Bakıdakı səfiri Möhsün Pak Ayinin “İŞİD-in Qafqazda əsas hədəfi Azərbaycandır”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirən komitə sədri bu iddianı ciddi qəbul etmədiyini bildirib.

M.Qurbanlı hesab edir ki, İŞİD üzvləri vaxtaşırı başlarından böyük bəyanatlar verirlər.

“İŞİD-in imkanları iddialarından aşağı səviyyədədir. Ona görə də İŞİD deyilən qruplaşmanın nümayəndələrinin bəyanatlarına ciddi yanaşmaq lazım deyil. Bunu da hanısa formada tirajlamağa ehtiyac yoxdur. Azərbaycan kifayət qədər güclü ölkədir. Ölkədə ictimai-siyasi, maliyyə, mənəvi sabitlik mövcuddur. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində beynəlxalq aləmdə gücümüz artıb. Cənubi Qafqazda Azərbaycan aparıcı dövlətdir. Odur ki, Azərbaycanın belə bəyanatlara fikir verməsinə ehtiyacı qalmayıb. Ölkə daxilində dini baxımdan sabitlik var”-deyə komitə sədri vurğulayıb.

M.Qurbanlının sözlərinə görə, müsəlman ölkəsi olaraq Azərbaycan xalqının böyük əksəriyyəti ənənəvi islami dəyərlərimizə sadiqdir: “Ölkəmizdə hansısa formadan nə dini, nə də etnik, nə də siyasi baxımdan qarşıdurma yaratmaq istəyi baş tutan məsələ deyil. Bu cür iddiaları ortaya atanlar sadəcə bəyanatlar verməklə gündəmdə qalmaq istəyirlər. Həmin bəyanatlara heç kim ciddi yanaşmır və buni ciddiyə almaq lazım deyil”.

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib ki, İŞİD-in bu gün Qafqazda əsas hədəfi Azərbaycandır.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti